Bakıda jurnalistin yaşadığı mənzil qarət olundu
APA-nın əməkdaşı Mübariz Aslanovun yaşadığı ev qarət olunub.
Milli.Az bildirir ki, bu barədə APA-ya jurnalistin özü məlumat verib.
Onun sözlərinə görə, mayın 17-də kirayədə yaşadığı, Nəsimi rayonu Asif Məhərrəmov küçəsi ev 24, mənzil 11-ə açar seçmə yolu ilə daxil olan şəxs və ya şəxslər 540 manat və təxminən 8 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.
Hadisə baş verən vaxt evdə heç kim olmayıb.
Hadisə barədə Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verilib. Daxil olan məlumat əsasında Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları hadisə yerinə baxış keçirib, iş üçün əhəmiyyət kəsb edən məlumatlar toplayıblar.
Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsindən bildirilib ki, hazırda polis daxil olan şikayət əsasında araşdırma aparır. Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.