ABŞ-Almaniya münasibətləri istiləşir: Merkel Baydeni ölkəsinə dəvət etdi

Dünya
12:40 / 26.01.2021
939
Almaniya kansleri Angela Merkel ABŞ-ın yeni prezidenti Co Baydenə telefonla zəng edib.
Sfera.az xarici mətbuata istinadən bildirir ki, Merkel Baydeni prezidentlik fəaliyyətinin icrasına başlaması münasibətilə təbrik edib.
Kansler Baydenin ABŞ-ın Paris İqlim Sazişinə və Vaşinqtonun keçmiş prezident Donald Trampın əmri ilə tərk etdiyi Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) yenidən qoşulması ilə bağlı qərarını alqışlayıb.
Liderlər COVID-19 pandemiyasının öhdəsindən ancaq sıx əməkdaşlıq yolu ilə gələ biləcəkləri mövzusunda da həmfikir olublar. Onlar həmçinin, Əfqanıstan və İranı da müzakirə ediblər.
Merkelin Baydeni Almaniyaya rəsmi səfərə dəvət etdiyi bildirilir. Pandemiya şəraiti icazə verən kimi bu səfərin baş tuta biləcəyi qeyd olunur.
Qeyd edək ki, öncəki prezident Donald Tramp ABŞ-a rəhbərlik etdiyi dörd il ərzində heç vaxt Almaniyaya səfər etməyib. Trampın vəzifədə olduğu illər Berlin və Vaşinqton arasında soyuqluq yaranması ilə yadda qaldı. Tramp hətta Almaniyanı NATO-nun büdcəsinə çox az qatqı təmin etdiyi və ixracat siyasətinə görə tənqid etmişdi.
Ülvi
Sfera.az