“Qarabağ Dirçəliş Fondu” işğaldan azad olunmuş ərazilərin inkişafına ümumxalq dəstəyidir - RƏYLƏR

“Qarabağ Dirçəliş Fondu” işğaldan azad olunmuş ərazilərin inkişafına ümumxalq dəstəyidir - RƏYLƏR

"İşğaldan azad edilən ərazilərin bərpası və inkişafı baxımından "Qarabağ Dirçəliş Fondu”nun yaradılmasını müsbət dəyərləndirirəm”.


Bu sözləri Sfera.az-a açıqlamasında Prezidentin fərmanı ilə yaradılan "Qarabağ Dirçəliş Fondu”ndan gözləntiləri dəyərləndirərkən Milli Məclisin deputatı Vahid Əhmədov deyib:


"Düşünürəm ki, kifayət qədər imkanlı şəxslər sözügedən fonda yardım edəcək. Çünki hamımız istəyirik ki, Qarabağda bərpa işləri tez bir zamanda başladığı kimi, tezliklə də başa çatsın, yollar açılsın, infrastruktur layihələri gerçəkləşsin. Ona görə də "Dirçəliş Fondu”nun yaradılmasını müsbət addım kimi qiymətləndirirəm”.


ReAL-ın icra katibi Natiq Cəfərli hesab edir ki, proses könüllü və vətəndaş cəmiyyəti üzvlərinin təşəbbüsilə həyata keçirilməlidir:

 

"Proses könüllülük prinsipilə, vətəndaş cəmiyyəti üzvlərinin təşəbbüsilə olmalıdır. "Qarabağ Dirçəliş Fondu”nun ümumi prinsip və yanaşması işğaldan azad olunan torpaqların bərpası ilə bağlıdır. Məqsəd alqışlanmalıdır və burada ümumxalq iştirakı vacibdir”.


N. Cəfərliyə görə, sözügedən fond bütün hallarda ərazilərin bərpası üçün lazım olan vəsaiti qarşılamayacaq:

 

"Fonda toplanacaq vəsaitin o qədər də böyük olmayacağını indidən demək mümkündür. Halbuki, yaxın illərdə ərazilərin bərpasına milyardlarla vəsaitə lazım olacaq. Bu mənada yaranan fondun hansısa formada onu qarşılayacağını düşünmək yanlışlıq olardı.Habelə fondun xərc istiqamətlərilə bağlı ümumi konsensusun olması doğru olardı. Yığılacaq vəsaitin böyük olmayacağını nəzərə alsaq, onu hansısa tikinti-bərpa işlərinəistiqamətləndirməkdənsə, ora köçəcək insanlara iqtisadi fürsətlərin verilməsinə, biznes layihələrin maliyyələşdirilməsinə yönəltmək daha yaxşı olardı”.

 

 

Milli Məclisin deputatı Elman Məmmədov düşünür ki, işğaldan azad olunan torpaqlarımızın bərpa, dirçəliş və inkişafında fondun böyük töhfəsi olacaq:


"Qarabağ Dirçəli Fondu”nun yaradılması çox yerində verilmiş vacib qərardır. İşğaldan azad edilmiş ərazilərimizin bərpası cari ildən başlayaraq bir neçə il davam edəcək.İşğaldan azad olunmuş torpaqlarımıza böyük qayıdış olacaq. Bu torpaqlarda qurmaq, tikmək, yaratmaq və inkişaf vacibdir. Prezidentin tapşırığı ilə bu istiqamətdə dövlət proqramları, layihələr hazırlanır, müəyyən tapşırıqlar verilib.

 

Cənab Prezident bu istiqamətdə qarşıda duran bütün sahələrə toxunub, qarşıya müəyyən vəzifələr qoydu. Təbii ki, fondun yaradılmasında da məqsəd görüləcək həmin işlərə ümumxalq dəstəyi və yardımının olmasıdır. Görüləcək işlərdə təbii ki, əsas ağırlıq dövlətin üzərindədir. Ancaq bu müqəddəs işdə xalqın da iştirakı lazım və vacibdir. Fondun da yaradılmasında məqsəd qayıdış prosesinə ümumxalq yardımının göstərilməsidir”.


Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR