Türkiyə Suriyanın şimalındakı nəzarət postlarından geri çəkilir

Dünya
14:03 / 20.10.2020
1040
Türkiyənin Suriyanın şimalında, Dəməşqə məxsus ordu qüvvələrinin nəzarəti altındakı ərazilərdə yerləşən bəzi müşahidə postlarını boşaltdığı iddia edilir.
Sfera.az bildirir ki, bu barədə "Reuters" agentliyi yazıb.
Agentliyin xəbərinə görə, ötən il qurulan nəzarət postlarından geriyə çəkilən Türk Silahlı Qüvvələri ərazidəki başqa nöqtələrdə mövqeyini gücləndirir.
Suriya müxalifətindən olan bir mənbə "Morek" nəzarət postunun köçürülməsinə başlandığını söyləyib. Adının açıqlanmasını istəməyən başqa bir mənbə isə postun köçürülməsi prosesinin bazar ertəsi günü, səhər saatlarında başladığını, hazırkı mərhələdə başqa bir nəzarət postunun boşaldılmasının isə nəzərdə tutulmadığını bildirib.
Xatırladaq ki, Türkiyə yeni immiqrant axınının qarşısını almaq üçün bölgəyə nəzarət postları qurmuşdu. Ancaq Suriya ordusunun irəliləməsi nəticəsində bu postlar mühasirə altında qaldı.
Mart ayında Rusiya ilə əldə olunan atəşkəs çərçivəsində İdlibin cənubundakı nəzarət məntəqələrinin yığışdırılması üçün Moskvanın Ankaraya təzyiq etdiyi barədə xəbərlər daha öncə də Rusiya mediasında yer alıb.
Bölgədəki müşahidə məntəqələrinin boşaldılması fikri Ankara tərəfindən daha öncə rədd edilib. Ancaq hərbi mənbələr nəzarət postlarının strateji əhəmiyyətini itirdiyini bildirir.
Suriyalı muxaliflər ölkənin şimalında 10-15 min türkiyəli əsgərin olduğunu iddia edir.
Birləşmiş Millətlər Təşkilatı bildirir ki, ölkənin şimalında ümumilikdə 4 milyon suriyalı yaşayır ki, bunların da 2.7 milyonu köçkündür.