Azərbaycandakı rusdilli məktəblər bağlansın? – Mövzu gündəmə çevrilir, ekspertlər iki hissəyə bölünüb
"Rusdilli məktəbləri nə süni şəkildə genişləndirmək, nə də inzibati şəkildə onların qarşısını almaq olmaz”.
Sfera.az-a açıqlamasında bu sözləri ölkəmizdə rusdilli məktəblərə meylin artması fonunda son zamanlar bu tip məktəblərin bağlanması və yaxud sayının azaldılması barədə səslənın fikirlərə münasibət bildirərkən Milli Məclisin deputatı, tarixçi alim Anar İsgəndərov deyib:
"Dövlətimizin öz Konstitusiyası var və burada göstərilir ki, dövlət dilimiz Azərbaycan dilidir. Dövlət dilinə də hörmətlə yanaşmalıyıq. Təhsil birmənalı olaraq Azərbaycan dilində olmalıdır. Dünya dillərini sevmək və ona hörmət etmək öz dilindən imtina etmək demək deyil. Məktəblər də belədir. Azərbaycan dilli məktəblərin sayının çox olmasına böyük ehtiyac var”.
Deputat qeyd etdi ki, kimsə rus dilində təhsil almaqla imkanlarının geniş olacağı düşüncəsilə yaşayırsa, bu yanlışlıqdır: "İngilisdili, rusdilli məktəblər də olsun, ancaq həmin məktəblərdə Azərbaycan dili, ədəbiyyatı, tarixi də o səviyyədə tədris olunmalıdır ki, oranı bitirənlər ölkəmizin tarixi, ədəbiyyatını, dilini də gözəl bilsinlər. Rus dili və digər xarici dilli məktəblərlə bağlı məsələ şagirdin könüllü arzusu əsasında həyata keçməlidir. Bu mənada rusdilli məktəbləri nə süni şəkildə genişləndirmək, nə də inzibati şəkildə qarşısını almaq olmaz”.
"Yabançı ölkələrin burada məktəblərini maliyyələşdirməyə borclu deyilik”
Bu fikirlər isə təhsil eksperti Məlahət Mürşüdlüyə məxsusdur: "İnzibati qaydalarla rusdilli məktəblərin bağlanmasının əleyhinəyəm. Məsələ qanun çərçivəsində öz həllini tapmalıdır. Təhsil qanunun tədris dili haqqında 7.1, 7.2 v. 7.3-cü maddələrinə görə, Azərbaycanda təhsil dövlət dilindədir və vətəndaşların arzusu, təsisçilərin xahişilə beynəlxalq müqavilələr əsasında başqa dillərdə də məktəb açıla bilər. Ancaq bu məktəblərdə də Azərbaycan dili, tarixi, ədəbiyyatı, coğrafiyası fənn olaraq tədris edilir. Rusdilli məktəblər dövlətimizin vəsaiti hesabına maliyyələşdirilir”.
M. Mürşüdlü bu qənaətdədir ki, rus dilli məktəblərin çox olması və dövlət vəsaiti hesabına yaradılması yanlış addımdır: "Dərd orasındadır ki, həmin məktəblərdə tədris proqramında, dərsliklərdə uşaqlara rus ədəbiyyatı, tarixi, coğrafiyası öyrədilir. Bu nə deməkdir, sovet dönəmində yaşayırıq? Uşaqlarımız nə zaman Sabiri, Abdulla Şaiqi və digərlərini tanıyacaq? Rusdilli məktəblərin çox olması və belə şəkildə qurulması yanlış addımdır, köhnə sistemə qayıdışdır, dilimizin tədricən assimiliyasiyaya uğraması deməkdir”.
Həmsöhbətimizin fikrincə, yabançı ölkələrin burada məktəblərini maliyyələşdirməyə borclu deyilik: "Belə vəziyyət davam edərsə, Azərbaycan məktəblərinin sayının azalmasına gətirib çıxaracaq. Məsələyə ictimai dirəniş də olmalıdır”.
"Bu təbii prosesdir, onun qarşısını süni yollarla almaq olmaz”
Təhsil eksperti Nadir İsrafilov isə rusdilli məktəblərin bağlanmasına qarşıdır: "Rusdilli məktəbrərin bağlanmasının tələb edilməsi əslində kampaniya xarakteri daşıyır və əsasən siyasi faktorlarla əlaqələndirilir. Rusdilli məktəblərin bağlanmasının qəti əleyhinəyəm. Azərbaycan çoxmillətli dövlətdir. Rus dili BMT-nin 6 mühüm dilindən biridir. Rusiya ilə münasibətlərimiz var.Milyonlarla soydaşımız Rusiyada çörək qazanır. Qarışıq nigahda olanlarımız var. Bu təbii prosesdir, onun qarşısını süni yollarla almaq olmaz. Azərbaycan bölmələrində rus dilinin tədrisini gücləndirməliyik, eyni zamanda, rus bölmələrində Azərbaycan dilinin tədrisini artırmalıyıq”.
Elçin
Sfera.az