"Lotu Quli" - Nadir Səlifov kimdir? - DOSYE

11:55 / 20.08.2020
7885
Azərbaycanlı "qanuni oğru", kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifov qətlə yetirilib.
Yeniavaz.com xəbər verir ki, Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub.
"Quli” gürcü dilində "ürək” deməkdi. Kriminal aləm ona bu ləqəbi ürəkli olduğuna görə verib. "Quli” Marneulidə doğulan azərbaycanlı Otari Bədəlovla ("Otar”) yaxın dost olub.
"Otar”ın 2003-cü il martın 21-də Moskvadakı "Suşi” barda naməlum şəxslər tərəfindən güllələnməsindən sonra "Lənkəranski”yə (Rövşən Canıyev) "oğru” adı verən "Nardaranlı Mirseymur” da qətlə yetirilir ki, bunu da indiyədək "Quli”nin qisas cavabı hesab edənlər var. İllərdir bu qarşılıqlı qətllər davam edir və son olaraq bu ilin fevralında Moskvadakı "Abşeron” restoranında baş vermiş atışmada da "Quli” və "Lənkəranski” tərəfdarları arasında itkilər olub. Gürcüstan doğumlu azərbaycanlı "qanuni oğru”lar və kriminallar bu davada əsasən "Quli”ni dəstəkləyir. Vaxtilə onlar bu dəstəyi Rusiya kriminalının "xaç atası” sayılan, Gürcüstan doğumlu Aslan Usoyandan da ("Ded Xasan”) alıblar.
"Quli”nin Gürcüstana ekstradisiyası məsələsi bir neçə dəfə gündəmə gəlsə də, bu da hansısa səbəbdən mümkün olmayıb.
"Quli”nin həbs müddəti azaldığı bir vaxtda qardaşı Müşfiq Səlifovu da həbs ediblər. Voleybol oyununa baxmağa gələn universitet tələbəsi Müşfiq Səlifovun üstündən rəsmi məlumata görə, "tapança tapılmışdı”. M.Səlifovun həbsindən sonra Azərbaycanın bir neçə həbsxanasında "qiyama cəhd” oldu ki, bu işdə də rəsmilər nədənsə, "Quli”ni sorumlu tuturdular.
2005-ci ildə isə onun haqqında daha bir qalmaqallı cinayət işi açıldı. "Quli”yə və daha bir neçə məhkuma cəzaçəkmə müəssisəsində zorlama faktına, eləcə də ayrı-ayrı şəxslərdən qanunsuz pul tələb etdiyinə görə ittiham irəli sürüldü.
2006-cı ilin iyununda Apelyasiya Məhkəməsində "Quli” zorlama maddəsi ilə bağlı bəraət aldı. Yəni həmin maddə "Quli”yə "yapışmadı”. Məhkəmə həmçinin onun qapalı həbsxanada deyil, ciddi rejimli cəzaçəkmə müəssisəsində saxlanılmasına qərar verdi.