Ermənistanda siyasi böhran yaşanır...
Ermənistanda ölkənin siyasi gündəmi hakimiyyətdaxili çəkişmələrlə müşayiət olunur. Məlum olduğu kimi 16 iyunda "Çiçəklənən Ermənistan " partiyasının sədri , Ermənistan parlamentindəki fraksiyanın lideri Qaqik Çarukyanın deputat toxunulmazlığı parlament tərəfindən ləğv edilib. Həmçinin Q.Çarukyan Ermənistanın Təhlükəsizlik Xidməti tərəfindən istintaqa cəlb edilib. Partiya sədrinin həbs ediləcəyi hadisələrin gedişatından bəlli olur. Çarukyan Paşinyan hakimiyyətini tənqid etdiyinə görə təzyiq və siyasi təqibə məruz qalmışdır. Çarukyanla bağlı son hadisələr bəzi Qərb təşkilatlarının işğalçı ölkədə baş verənlərə göz yumması ilə müşahidə olunur. Çarukyanın tərəfdarları TX-nın və Ermənistan parlamentinin binaları önündə etiraz aksiyasına cəhd etsələr də hüquq mühafizə orqanları tərəfindən qarşısı kobud şəkildə alınmış və yüzlərlə adam saxnlılmışdır. Hətta aksiyanı işıqlandıran jurnalistlərə qarşı da güc tətbiq edilmişdir.
Hakimiyyətin bu cür qanunsuz hərəkətlərindən qəzəblənən aksiya iştirakçıları beynəlxalq təşkilatların Ermənistandakı nümayəndəliklərinə , səfirliklərə məlumat versələr də həmin beynəlxalq qurumlar tərəfindən heç bir reaksiya verilməyib.
Paşinyan millətçidir, faşist ideologiyasına xidmət edir. Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həllində aqressiv mövqe tutur, beynəlxalq hüquq normalarına məhəl qoymur. Xalq fədaisi donu altında erməni xalqını aldadır. Öz hakimiyyətinin ömrünü uzatmaq üçün bütün vasitələrə əl atır, əleyhinə çıxanları həbs etdirir, vəzifədən uzaqlaşdırır, sıxışdırır, ölkədən çıxarır, təqib və təhqirə məruz qoyur. Vaxtilə hakimiyyətə gəlmək üçün demokratiyanı, ədaləti, bərabərliyi əldə şuar edən bu adamın antidemokratik hərəkətləri təbiidir. Çünki, o hakimiyyətə demokratik yolla deyil, kimlərinsə sifarişi, dəstəyi ilə gəlib və həmin tərəflərin də tapşırıqlarını yerinə yetirir.
Hər zaman olduğu kimi Paşinyan üçün xalqın taleyi, mənafeyi, ölkənin gələcəyi, demokratiya, demokratik təsisatların, beynəlxalq təşkilatların guya əsaslandığı ali dəyərlər əsas ola bilməz. Onun üçün havadarlarının mənafeyi maraqlıdır. Paşinyan tərəfindən indiyədək Ermənistanın keçmiş rəhbərliyinə qarşı silsilə cinayət işləri açılmışdır. Paşinyan özünə rəqib bildiyi və ya gələcəkdə rəqib olma ehtimalı olan istənilən şəxsi korrupsiya ilə mübarizə ittihamı ilə həbs etdirir və Qərb bunu sükutla qarşılayır. Bu da onun əl-qolunu daha da açır. Ermənistanda son hadisələrdən sonra N.Paşinyanı diktator hesab edənlərin sayı artır.
Hal hazırda Ermənistanda pandemiya böhranı iıə yanaşı siyasi böhran da yaşanır. Bizim ölkəmizdə baş verən ən kiçik məsələyə reaksiya verən bəzi beynəlxalq təşkilatlar Ermənistanda baş verən qanunsuzluqlara görə susub və bir dəfə də olsun Ermənitsan hakimiyyətini ittiham etməyiblər. Burdan qərb "demokratiya”sının əsl mahiyyətinin nədən ibarət olduğu bəlli olur.
Ermənistanda siyasi və iqtisadi böhran dərinləşdikcə mövcud iqtidardan narazılıq artır, ölkə daxilində vətəndaş həmrəyliyinin olmaması Paşinyan və onun komandasının uğursuzluğunu günbəgün artırır. Paşinyan bütün problemləri koronavirusla əlaqələndirməyə çalışsa da müxalifət Paşinyanın səriştəsizliyini başlıca səbəb kimi göstərir. Bütün bunlar isə deməyə əsas verir ki, Dünya yaxın günlərdə Ermənistandakı yeni sürprizlərin şahidi olacaq.
Azər Hüseynov
Nəsimi rayon Ağsaqqallar Şurasının üzvü