Qeyri-ərzaq mallarının ticarəti və xidmətlər bazarı kiçilir - TƏHLİL

Qeyri-ərzaq mallarının ticarəti və xidmətlər bazarı kiçilir - TƏHLİL

 

2020-ci ilin birinci yarısının nəticələrinə əsasən, ölkədə ərzaq mallarının ticarəti genişlənsə də qeyri-ərzaq mallarının ticarəti kiçilir. Sərt karantin qaydalarına əsasən, ərzaq mallarının ticarətinə məhdudiyyət gətirilmədiyi halda, bəzi qeyri-ərzaq mallarının ticarətinə qadağa tətbiq olunub.

 

Qadağa tətbiq edilən qeyri-ərzaq malları arasında bütün növ geyim, elektronika və məişət avadanlıqları var. Bu malların açıq ticarətinə icazə verilmir. Adıçəkilən məhsul qrupları üzrə ticarət qeyri-ərzaq malları ticarətinin təxminən yarısını təşkil edir. Bu malların açıq satışının məhdudlaşdırılması qeyri-ərzaq mallarının dövriyyəsini kiçildib.


Sfera.az bildirir ki, yanvar-fevral aylarında qeyri-ərzaq mallarının pərakəndə ticarəti 3,6 faiz böyümüşdü. Amma yanvar-martda 0,5 faiz kiçildi. Qeyri-ərzaq mallarının ticarətində baş verən daralma növbəti aylarda da davam etdi və yanvar-iyun dövründə kiçilmə 6,9 faizə endi.

 

Ərzaq mallarının ticarətində isə əksinə, dövriyyə böyüyür. Yanvar-fevralda ərzaq mallarının ticarəti 2,6 faiz böyüdüyü halda yanvar-iyunda 3,1 faiz böyüyüb. Göründüyü kimi, əhali qeyri-ərzaq mallarına az vəsait xərcləyib, daha çox pulunu ərzağın alınmasına sərf edib. Qeyri-ərzaq mallarının ticarətinin daha çox azalması ümumən pərakəndə ticarətə mənfi təsir göstərib.

 

Əhalinin xidmətlərə xərclədiyi vəsait də azalır. Xidmətlər ictimai iaşə və digər xidmətlərdən ibarətdir. Birinci yarımildə ictimai iaşə dövriyyəsi 45,6 faiz azalaraq 377,1 milyon manata düşüb. Digər xidmətlər isə 19,2 faiz azalaraq 3,33 milyard manata enib.

 

Həm qeyri-ərzaq mallarının, həm də pullu xidmətlərin dövriyyəsinin daralması əhalinin istehlak xərclərini xeyli azaldıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2020-ci ilin yanvar-iyun aylarında satılan məhsulların və göstərilən xidmətlərin dəyəri 22 milyard manat olmaqla 2019-cu ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 6,4 faiz azalıb.

 

Yarımildə bir istehlakçı orta hesabla ayda 367,5 manat və ya 2019-cu ilin eyni dövrünün göstəricisindən nominal ifadədə 16,3 manat az vəsait xərcləyib.

2020-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18,246 milyard manatlıq, o cümlədən 9,73 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8,51 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,9 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6,9 faiz azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,1 faiz artıb.

 

 

 

Birinci yarımildə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 305,3 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 2 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 162,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 142,5 manatlıq qeyri-ərzaq malları alıb.

 

2020-ci ilin birinci yarısında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 53,3 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 14,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,5 faizi elektrik malları və mebellərin, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 1,7 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.


Yaranmış vəziyyət onu göstərir ki, sərt karantin qaydaları uzadılmaqda davam edərsə, qeyri-ərzaq və pullu xidmətlərdən istifadə də azalacaq, nəticədə həmin sahələr üzrə ticarət bir qədər də kiçiləcək.

 

 

Vasif


OXŞAR XƏBƏRLƏR