Putin və Ərdoğan dekabrın 3-də Ukraynanı müzakirə edəcək – Hansı qərarlar alınacaq?

Putin və Ərdoğan dekabrın 3-də Ukraynanı müzakirə edəcək – Hansı qərarlar alınacaq?
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna ətrafında yaranan hərbi-siyasi vəziyyəti müzakirə etmək üçün dekabrın 3-də rusiyalı həmkarı Vladimir Putinlə danışacaq. 

Sfera.az saytı "RİA Novosti”yə istinadən xəbər verir ki, bu, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun sözlərindən məlum olub. Danışıqlar zamanı Ukraynanın şərqindəki vəziyyətin müzakirə ediləcəyi güman edilir. 

"Biz deeskalasiyasının tərəfdarıyıq. Bu yaxınlarda mən xarici işlər nazirləri Sergey Lavrov və Dmitri Kuleba ilə danışıqlar apardım", - deyə türkiyəli nazir vurğulayıb.

Çavuşoğlu əlavə edib ki, o, Stokholmda ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Lavrov və Kuleba ilə şəxsən görüşmək niyyətindədir. Həmin görüşlər dekabrın 2-3-də baş tutacaq.

Noyabrın sonunda Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov Rusiyanın Ukraynaya hücuma hazırlaşdığını açıqlamışdı. Bundan əlavə, Qərb mediası Moskvadan gələn qoşunların sərhədə yaxın yerdəyişmələri barədə yazıb.

Rusiya isə öz növbəsində bütün ittihamları rədd edir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın aqressiv davranışı və ya niyyətləri ilə bağlı bəyanatların tamamilə əsassız olduğunu qeyd edib. O vurğulayıb ki, Rusiya heç kimə qarşı heç bir hücum hazırlamayıb, hazırlamır və hazırlamayacaq.

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR