Petkim”in baş direktoru: “Bu il Azərbaycan və Türkiyə iqtisadiyyatına böyük töhfələr verəcəyimiz il olacaq”

Petkim”in baş direktoru: “Bu il Azərbaycan və Türkiyə iqtisadiyyatına böyük töhfələr verəcəyimiz il olacaq”
 

"Biz Türkiyə iqtisadiyyatının gücünü bilirik və buna inanırıq. Uzunmüddətli planlaşdırma ilə də sərmayələrimizi planlaşdırırıq”.

Sfera.az  xəbər verir ki, bunu "Petkim”in baş direktoru, "SOCAR-Türkiyə Emalvə NeftKimya İş Birliyi”nin rəhbəri Anar Məmmədov "Xalq” qəzetinə müsahibəsində bildirib.

O qeyd edib ki, "SOCAR-Türkiyə” üçün 2020-ci il TANAP və STAR NEZ kimi nəhəng layihələrin öz nəticələrini göstərəcək bir il olacaq. "Xammal ehtiyacımızın mənbəyi olan STAR NEZ-in 2020-ci ildə istehsalımıza təsirini aydın görəcəyik. Hesab edirəm ki, 2020-ci il istehsal gücümüzü daha da genişləndirəcəyimiz, həm Azərbaycan, həm də Türkiyə iqtisadiyyatına böyük töhfələr verəcəyimiz bir il olacaq”.

A.Məmmədov deyib ki, "Petkim” insana hörmət, ətraf mühitə həssas istehsal texnologiyası, ölkə iqtisadiyyatına verdiyi dəyər, güclü ictimai və mədəni təsiri ilə bu gün olduğu kimi, gələcəkdə də Türkiyənin və Azərbaycanın qürur qaynağı və ən əhəmiyyətli istehsal güclərindən biri olacaq. O xatırladıb ki, SOCAR "Petkim”in Türkiyənin, eləcə də Avropanın ən böyük neft-kimya kompleksi və istehsalçısı olmasını hədəfləyib və buraya etdiyi investisiyalar uğurla davam edir. Baş direktor məlumat verib ki, 2008-ci ildən bəri "Petkim” şirkətinə ildə, təxminən, 100 mln. ABŞ dolları və bu günə qədər toplam 1 mlrd. ABŞ dolları civarında əlavə investisya qoyulub.

"Türkiyənin ən böyük xarici yatırımcısı "SOCAR–Türkiyə”nin sərmayələrinin məbləği yaxın zamanda 19,5 mlrd. ABŞ dollarına çatacaq. "SOCAR–Türkiyə”nin investisiya layihələri bir-birini tamamlayır. Bu anlayışla, daha səmərəli istehsal üçün bütün şirkətləri əhatə edən inteqrasiya prosesinə başlandı. "SOCAR–Türkiyə” Emal və Neft Kimya İş Birliyi, "SOCAR– Türkiyə” Qaz İş Birliyi, "SOCAR– Türkiyə” İnnovasiya və Texnologiya İş Birliyi və "SOCAR–Türkiyə” Logistika İş Birliyi yaradıldı. "Petkim”, STAR Neft Emalı Zavodu, SOCAR Depolama və İzmir Əliağadaki SOCAR Dağıtım şirkətləri "SOCAR-Türkiyə Emal və Neft Kimya İş Birliyi” adı altında toplandı. Deyim ki, STAR NEZ bu inteqrasiyanın bizə hansı üstünlükləri gətirəcəyinin ən konkret göstəricisi idi. Dünyanın müxtəlif yerlərindəki neftayırma zavodlarından xammal idxalı əvəzinə, "Petkim” birbaşa STAR NEZ-dən boru kəməri ilə nafta alaraq logistik xərclərə qənaət etdi. Bu üstünlük "Petkim”in balans hesabatında müsbət əks olundu. Əvvəllər fərqli keyfiyyətlərdə idxal olunan xammal əvəzinə, STAR NEZ-dən keyfiyyətli nafta almaq "Petkim” üçün daha yüksək istehsal, məhsuldarlıq və xammal təchizatı təminatı deməkdir. Bundan əlavə, iş birliyimizdəki ortaq xidmətlər və yaratdığımız ortaq infrastruktur iş prosesində sinergiya və yüksək gəlirliyi artırmağa önəm verdi". 


OXŞAR XƏBƏRLƏR