PAŞİNYANIN İLİ ÇIXDI: Ekspertdən erməni baş nazirin fəaliyətinə şərh

PAŞİNYANIN İLİ ÇIXDI: Ekspertdən erməni baş nazirin fəaliyətinə şərh

"Paşinyan konfliktin həllilə bağlı məsələdə konkret mövqe sərgiləyə bilmir, onun mövqeyi qeyri-konstruktiv xarakter daşımaqda davam edir”


Sfera.az-a açıqlamasında bunu Ermənistanda Serj Sarkisyanın hakimiyyətdən salınması və Nikol Paşinyanın iqtidara yiyələnməsindən düz bir il keçməsi fonunda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişin olub-olmadığına münasibət bildirərkən politoloq Elşən Mirzəoğlu deyib.

 

 

Ekspertin fikrincə, bu məsələdə Paşinyana da güvənməyə dəyməz: "Paşinyan iqtidarının Qarabağ probleminin nizamlanması istiqamətində sərgilədiyi mövqe müəyyən mənada Sarkisyanın yürütdüyü siyasətdən fərqlənirdi. Vyana danışıqlarına qədər Paşinyan danışıqlar formatının dəyişdirilməsi cəhdinə çalışırdı. Ancaq Vyana danışıqları ilə İrəvanın formatı dəyişdirmək səyləri iflasa uğradı. Hətta burada ATƏT-in Minsk qrupundan olan həmsədrlər də danışıqlar formatının dəyişdirilməsinin yolverilməz olduğunu bəyan etdi. Bununla belə Paşinyanın münaqişənin həlli istiqamətində sərgilədiyi mövqe əvvəlki iqtidarların mövqeyi kimi qeyri-konstruktiv olaraq qalır. İki gün əvvəl Paşinyan verdiyi bəyanatda bildirib ki, bütün hallarda problemin həlli ondan və Ermənistan iqtidarından asılı deyil, daha çox Ermənistan xalqının məsələyə münasibəti və iradəsindən asılı olan bir siyasətdir. Bu onu göstərir ki, Paşinyan sanki bir labirintdədir və konfliktin həllilə bağlı məsələyə konkret mövqe sərgiləyə bilmir".

 

Qarabağ probleminin beynəlxalq status kəsb etdiyini xatırladan espert Paşinyanı problemin həllini xalqın üzərinə yıxmaqla məsuliyyətsiz bəyanatlar verməkdə qınayır: "Buradan belə görünür ki, Paşinyan münaqişənin həllilə bağlı nəinki konkret mövqe və layihəyə malik deyil, ümumiyyətlə bir il ərzində o erməni əhalisinin sosial problemlərinin həlli istiqamətində də real addımlar ata bilməyib. Bunun üçün onun ciddi maliyyə resursları yoxdur. Paşinyanın Qərbin maliyyə institutlarından gözlədiyi dəstək hələ də Ermənistana ayrılmayıb. Ona görə də Qarabağ probleminin həlli istiqamətində Paşinyanın mövqeyi həm bölgə ilə bağlı mürəkkəb geosiyasi reallıqlar baxımından qeyri-müəyyən təsir xarakteri daşıyır, həm də Ermənistanın özünün daxili siyasi durumu da iqtidara hələ ki, yaxşı heç nə vəd etmir. Paşinyan keçən bir il ərzində seçkiqabağı vədləri yerinə yetirə bilməyib. Qarabağ klanı da tam mənada sıxışdırılmayıb. Deməli, Ermənistanda cərəyan edən daxili siyasi durum da Paşinyanın ürəyincə deyil. Onun Rusiya ilə Qərb arasında manevr etmək cəhdləri də bir nəticə vermir. Ona görə də Paşinyanın mövqeyi qeyri-konstruktiv xarakter daşımaqda davam edir. Belə bir mövqe isə Azərbaycan dövlətini daha kordinal və radikal addımlar atmağa sövq edə bilər. Ekspertlər yay aylarında hərbi əməliyyatların başlanma ehtimalının böyük olduğunu deyir. Azərbaycan Paşinyan iqtidarına təzyiqləri gücləndirməlidir. Ümid edək ki, Moskva görüşündən sonra problemin həlli yolunda daha fərqli və Paşinyanı geri çəkilməyə sövq edən bir mənzərə yaranacaq”.


 

Qeyd edək ki, aprelin 23-də düz bir il öncə Ermənistanda Nikol Paşinyanın başladığı hərəkat nəticəsində işğalçı ölkənin o zamankı lideri Serj Sarkisyan hakimiyyətdən istefa verməli oldu. Nəticədə artıq bir ildir ki, Paşinyan Ermənistanda real hakimiyyətə sahibdir. Bu bir ildə Dağlıq Qarabağ konfliktinin həlli istiqamətində müxtəlif addımlar atıldı. İki ölkə liderləri arasında nəhayət görüş də baş tutdu.

 

 

ELÇİN

 

OXŞAR XƏBƏRLƏR