Paşinyan məxfi arxivləri niyə açdı? – “Məqsəd “Qarabağ klanı”nın dayaqlarını sarsıtmaqdır”
13:48 / 04.05.2021
3185
"Paşinyanın keçmiş prezidentlə bağlı
açıqlaması seçki öncəsi rəqiblərini neytrallaşdırmaq məqsədi daşıyır”.
Bu sözləri Sfera.az-a açıqlamasında Ermənistanda
Nikol Paşinyanın keçmiş prezident Serj Sarkisyanı hakimiyyəti dövründə
Qarabağla bağlı gizli danışıqlarda ittiham etməsində hansı məqsədlərin
dayandığına aydınlıq gətirərkən politoloq Məhəmməd Əsədullazadə deyib:
"Nikol Paşinyanın köhnə klanın, xüsusən də
eks-prezident Serj Sarkisyanın hakimiyyəti dövründə Qarabağ problemi ətrafında
danışıqların bəzi gizli detallarını açıqlaması, bu müstəvidə onu ittiham etməsi
həmin problem ətrafında seçkiqabağı özünə qarşı yönələn bütün təzyiqləri
neytrallaşdırmaq niyyətindən irəli gəlir”.
Politoloq deyib ki, Paşinyan bununla Ermənistanın
məğlub duruma düşməsinin məsuliyyətini öz üzərindən atmağa çalışır: "Göstərmək istəyir ki, yaranmış vəziyyətdə tək
onun günahı olmayıb. Günahkar həm də əvvəlki hakimiyyət və onun rəhbəridir.
Hələ Serj Sarkisyanın "Qarabağ klanı” hakimiyyətdə olan dövrdə işğal olunmuş ərazilərin
Azərbaycana qaytarılması ilə bağlı müəyyən razılaşmalar olub, bir sıra sənədlərə
imza atılıb. Paşinyan həmin məqamı indi ortaya atmaqla həmçinin Robert Köçəryan başda olmaqla "Qarabağ
klanı”nın xalq qarşısında daha da nüfuzdan düşməsinə çalışır.
Ermənistanda seçki öncəsi vəziyyət daha
ziddiyyətli bir mərhələyə daxil olmaqdadır. Serj Sarkisyanla Robert Köçəryan
Paşinyana qarşı planlı şəkildə mübarizəyə keçiblər. Onlar indiki hakimiyyəti
Qarabağı verməkdə günahlandırır və bu prosesdə birbaşa Paşinyanı ittiham edirlər”.
Politoloqa görə, Paşinyan həm də manevr edir:"Paşinyan arxivləri açaraq, onunla tanış olduqca özünün dəhşətə gəldiyini xalqa
çatdırmaqla manevr edir. Əsas məqsədi də özünün həmin prosesdə günahkar
olmadığını, baş verən müharibəyə Sarkisyanın apardığı siyasətin səbəb olduğunu
xalqa bəyan etməkdən ibarətdir. Paşinyan bununla məsuliyyəti öz üzərindən atmaq
istəyir”.