Natiq Məmmədli: "Azərbaycan mediası Vətən savaşı sınağından üzüağ çıxdı"

Natiq Məmmədli:
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli Sonxeberi.az-ın qonağı olub.

Müsahibə zamanı o, ölkəmizin media qurumlarının, jurnalistlərimizin 44 günlük Vətən müharibəsi dövründə fəaliyyəti və medianın gündəmində olan digər məsələlərlə bağlı suallarımızı cavablandırıb.

- Natiq bəy, bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun möhtəşəm qələbəsi sayəsində ərazi bütövlüyümüzün bərpası ilə başa çatan Vətən müharibəsinin başlamasının 1 ili tamam olur. Ölkə başçısının sərəncamı ilə 27 sentyabr anım günü kimi qeyd edilir. İlk olaraq, istərdim bu günlə bağlı danışasınız.

- 27 sentyabr bizim zəfər tariximizin başladığı gündür. Azərbaycanın təkcə müstəqillik dövründə deyil, ümumiyyətlə bütün tarixi ərzində 27 sentyabr dönüş nöqtəsidir. Müzəffər Ali Baş Komandanın "dəmir yumruğu" ətrafında birləşən xalqımız öz sözünü dedi. Dövlətin siyasi iradəsi, xalqın dəstəyi, Azərbaycanın qəhrəman ordusunun rəşadəti sayəsində torpaqlarımız işğaldan azad edildi. 27 sentyabrdan başlayan Vətən Müharibəsində əldə etdiyimiz qələbə həyatımızın bütün sahələrində olduğu kimi mətbuatın fəaliyyətinə də öz müsbət impulslarını vermiş oldu.

- Vətən Müharibəsi dövründə hərbçilərimiz döyüş meydanında, jurnalistlərimiz isə informasiya cəbhəsində düşmənlə mübarizə apardılar. Amma təəssüf ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bəzi qeyri-peşəkar jurnalistlər və saytlar rəsmi olmayan və dəqiqləşdirilməyən informasiyalar da yaydılar. Vətən müharibəsi jurnalistlərin hərbi sahədə ixtisaslaşdırılmasına ehtiyac olduğunu göstərdi.

- Müharibə şəraitində medianın özünü necə aparması və dövlətin informasiya siyasəti bir-birini tamamlayan vacib komponentlərdir. Dövlətin informasiya siyasəti bütün müasir innovativ vasitələrdən istifadə edilərək quruldu və çox operativ, konkret hədəfə yönələn mesajlar verildi. Birinci Qarabağ müharibəsi ilə müqayisə etsək, bu dəfə Azərbaycan informasiya blokadasında qalmadı, əksinə, dövləti çevik informasiya siyasəti sayəsində biz bu sahədə olan bütün təşəbbüsləri öz əlimizdə cəmləşdirməyi bacardıq.

- Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində xarici mətbuat orqanlarının nümayəndələri ölkəmizə gələrək erməni vəhşiliyini dünyaya çatdırdı. Düzdür, onların arasında qərəzli olanlar da var idi. Gələcəkdə ölkəmizdə dünyanın nüfuzlu media orqanlarının bürosu yaradıla bilərmi?

- Maraqlıdır, dünya bizim səsimizi nə dərəcədə eşitdi və qəbul etdi? Tam əminliklə deyə bilərik ki, bəli, dünya bizim səsimizi eşitdi, amma indi məsələnin digər tərəfi var ki, Azərbaycana, türk dünyasına münasibətdə onlar bir qayda olaraq özlərini kor və kar kimi aparırlar.

Bizim bir çox həmkarlarımız öz peşələrini dəyişərək səngərlərdə Vətənə xidmət etdilər, şərəfli döyüş yolu keçdilər. Onların böyük əksəriyyəti Vətənimizin yüksək orden, medalları ilə təltif edildi. Onların cəbhədə göstərdikləri fəaliyyət bütün Azərbaycan mediasının qürur mənbəyidir. Digər tərəfdən, Azərbaycan jurnalistləri Vətən müharibəsi gedişində peşə borclarını yerinə yetirdilər.

İstənilən halda, müharibə hər bir cəmiyyətin taleyində bir fors-major situasiyadır. Azərbaycan mediası Vətən Savaşı sınağından üzüağ çıxdı. Müəyyən kəm-kəsirlərimiz oldu, savaş dövrü zəif yerlərimizi daha aydın şəkildə özünü biruzə verdi. Peşəkarlıq baxımından hansı istiqamətlərdə daha korrektə edilməli məsələlərin olduğunu dəqiq müəyyənləşdirdik.

Peşə borcunu yerinə yetirərkən Sirac və Məhərrəm kimi jurnalistlərimiz həyatlarını itirdilər. Onlar məhz informasiya əldə etmək üçün özlərini qurban verdilər. Bütövlükdə, Azərbaycan jurnalistləri bu 30 ildə dəfələrlə erməni terrorunun qurbanı olublar. Hər dəfə belə itkilərimiz olduqca, biz daha da sıx birləşirik. İnsanları informasiya ilə təmin etmək təkcə intellekt deyil, eyni zamanda bacarıq və cəsarət tələb edir.

Əsgər əlində silah dövlətin sərhədini qoruyur, düşmənə qarşı vuruşur, jurnalist də öz ölkəsi barəsində həqiqətləri həm daxili auditoriyaya, həm də dünya ictimaiyyətinə çatdıraraq, dezinformasiyalarla, "fake-xəbər"lərlə mübarizə apararaq öz peşə borcunu yerinə yetirir. Müharibə başa çatır amma informasiya cəbhəsində heç vaxt atəşkəs olmur.

Azərbaycanın milli informasiya resursları - onun qəzetləri, televiziyaları, radioları, informasiya agentlikləri, xəbər saytları peşəkarlığın artırılması istiqamətində daim fəaliyyət göstərməlidir. İnformasiyanın əhəmiyyəti dünyanın hər yerində eynidir. Söhbət informasiyanın strukturundan gedir. Biz bu istiqamətdə peşəkarlığımız üzərində işləməliyik ki, hazırladığımız xəbəri dünyanın istənilən yerində oxuyub başa düşə bilsinlər. Biz təbliğat vasitəsi olmamalıyıq, öz həqiqətlərimizi müasir jurnalistika alətlərindən istifadə edərək dünyaya çatdırmalıyıq. Peşə borcumuzu o qədər səviyyəli formada yerinə yetirməliyik ki, sosial şəbəkələrə uduzmayaq. Çalışmalıyıq ki, harada işləməyimizdən asılı olmayaraq, çalışdığımız mətbuat orqanının cəmiyyətdə öz siması olsun. Azərbaycan mediasının əsas problemi cəmiyyətin ona inam məsələsi ilə bağlıdır. İnam isə media əxlaqı ilə birbaşa qarşılıqlı əlaqədə olan amildir. Media öz peşə prinsiplərində, xırda da olsa, kompromisə getsə, ictimai rəydəki mövqeyinə kölgə salması istisna edilmir. Bizim tərəfsizliyimiz, obyektivliyimiz, jurnalistikanın istənilən janrında material hazırlamağımız medianın əxlaqına, etik davranış qaydalarına dayanmalıdır. Belə olduğu təqdirdə cəmiyyətimizin bizə inamı da artacaq. Nəzərə almalıyıq ki, Azərbaycanın səsini dünyaya bizdən başqa heç kim çatdırmayacaq.

Ölkəmizin informasiya məkanı açıqdır. Bizim multikultural dəyərlərimiz hətta Avropanın bir sıra qabaqcıl ölkələrindən də yüksək səviyyədədir. Düşünmürük ki, dünya bizim həqiqətlərimizi görmür. Görməzdən gəlmək başqa şeydir, görməmək başqa. Biz bütün mənəvi prinsipləri ayaq altına atan, jurnalistikanın standartları ilə spekulyasiya edən ölkələrin əks-təbliğatı ilə qarşı-qarşıya dayanmışıq. Biz onlara öz yüksək mənəvi keyfiyyətlərimizlə və peşəkarlığımızla cavab verməliyik. Bizi onlardan fərqləndirən cəhət də məhz budur.

- Medianın İnkişafı Agentliyinin xətti ilə bir çox media nümayəndələrimiz Türkiyədə savaş jurnalistikasının inkişaf etdirilməsi ilə bağlı təlimlərə qatıldı. Bu təlimlər davamlı olacaqmı?

- Medianın İnkişafı Agentliyi Vətən müharibəsindən dərhal sonra öz işini məhz bu yöndə olan müasir çağırışlar üzərində quraraq, jurnalistlərin peşəkarlığının artırılması sahəsində intensiv fəaliyyət göstərir. Bu yaxınlarda Ankarada müharibə şəraitində onların davranışlarını təkmilləşdirmək məqsədilə jurnalistlər üçün uzunmüddətli kurs həyata keçirildi. Bundan əlavə, "Əlcəzirə"nin təlimçilərinin iştirakı ilə ADA Universitetində hərbi jurnalistikanın inkişaf etdirilməsi ilə bağlı təlimlər baş tutdu. Medianın İnkişafı Agentliyi Azərbaycan jurnalistikasının peşəkarlıq səviyyəsinin artırılması üçün konseptual yanaşmaya malik bir təşkilatdır və bu istiqamətdə bir çox layihələr də nəzərdə tutulub.

- Medianın İnkişafı Agentliyi qısa müddət ərzində yaradılsa da, çox mühüm addımlar atdı. Ən önəmlisi isə mətbuat orqanları arasında ayrıseçkiliyə son qoydu. Agentliyin gələcək planları nədən ibarətdir?

- Biz Azərbaycan mediasına ölkəmizin informasiya təhlükəsizliyinin vacib komponentini təşkil edən vahid bir sistem kimi yanaşırıq. Medianın İnkişafı Agentliyinin hər hansı bir media subyektinin məzmununa müdaxilə etmək kimi bir niyyəti yoxdur, biz işimizi daha çox mətbuatın biznes subyektinə çevrilməsi, jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində qurmuşuq. Ölkənin media mühitinin sağlam olması tək dövlətin dəstəyindən deyil, həm də jurnalistlərin səyindən asılıdır. Biz istəyirik ki, Azərbaycanın media mühiti sağlam və beynəlxalq rəqabətə davamlı olsun.

- Bu gün istənilən şəxs bir vəsiqə düzəldərək özünü jurnalist kimi qələmə verir, "reket"çiliklə məşğul olur. Medianın İnkişafı Agentliyi tərəfindən "reket" jurnalistlərlə mübarizə istiqamətində hansı addımların atılması gözlənilir?

- Azərbaycan jurnalistlərinin mükəmməl formada hazırlanmış etik davranış qaydaları mövcuddur. Özündə dörd prinsipi əks etdirən bu kodeksi biz 2003-cü ildə ölkə jurnalistlərinin birinci qurultayında qəbul etmişik. Bu prinsiplərə riayət edilərsə, cəmiyyətimizdə media ilə bağlı neqativ hallara da rast gəlinməz. Obyektiv olmaq, həqiqəti söyləmək - bu, birinci prinsipdir. İkinci prinsip - informasiya mənbəyinə sayğı ilə yanaşmaq, üçüncü prinsip - insanların şərəf və ləyaqətinə hörmət etmək və dördüncü prinsip - jurnalistin işlədiyi yerin reputasiyasına hörmət göstərməsi ilə bağlıdır. Ciddi media qurumları, ciddi jurnalistlər həmişə bu prinsipləri əsas götürüblər. Cəmiyyətimizin media savadlılığı elə səviyyədə olamlıdır ki, saxta xəbərlə doğru xəbəri, saxta jurnalistlə həqiqi jurnalisti fərqləndirə bilsin, necə deyərlər, "qurunun oduna yaş yanmasın". Jurnalist adından sui-istifadə edənlər barəsində isə ölkənin hüquq-mühafizə orqanları məşğul olurlar. Bütün digər sahələrdə olduğu kimi, jurnalistikada da qeyri-peşəkar, işinə "xaltura" kimi yanaşan insanlar var. Belə neqativlər digər peşələrdə, bəlkə də, daha çoxdur, bəs onda nəyə görə həmişə jurnalistika müzakirə mövzusuna çevrilir? Çünki başqa peşə sahiblərinin hamısı öz işi ilə məşğuldur, amma jurnalist hamının işinə maraq göstərir, hamıya suallar verir, hər şeylə maraqlanır. Bu baxımdan jurnalistikanın problemi cəmiyyətin problemləridir. Lakin xüsusi vurğulamaq istərdik ki, bizim cəmiyyətin keyfiyyətli informasiya ilə təmin edilmək problemi yoxdur. Azərbaycanın ciddi media qurumları bu missiyanın öhdəsindən layiqincə gəlirlər.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Təxribatçı qüvvələrin istifadə edə biləcəyi aksiyalardan çəkinməliyik - Qüdrət Həsənquliyev

"Böyük güclər prosesə qoşulub, hər birinin regionda öz marağı var" Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənqul...

Əməkdar artist ölüm ayağındadır

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru, Əməkdar artist Novruz Qartal ölüm ayağındadır. Sfera.az  xəbər verir ki, aktyorun həyat yoldaş...

“Soçi görüşünə ümid daha böyükdür, Brüsseldə isə...” - MÜSAHİBƏ

Milli Məclisin deputatı Elman Nəsirovun Sfera.az-a müsahibəsi: - Elman müəllim, noyabrın 26-da Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderləri ...

"Paşinyana onun ölçüsünə uyğun gəlməyən “demokrat” libasını geyindirməyə çalışırlar..."

Sfera.az Moderator.az-a istinadən Milli Məclisin deputatı Ülvi Quliyevlə müsahibəni təqdim edir.   - Noyabrın 16-da yeddi şəhid verdik, on yaralımız var....

“Ermənistanın təxribatları davam edəcək...” – Polkovnikdən açıqlama

Bir neçə gündür ki, Ermənistan Azərbaycanla sərhəd bölgələrində təxribatlara əl atır. Son olaraq, ötən gün düşmən tərəfindən Tovuz istiqamətində atəşkəs pozul...

Zori Balayanı yerində otuzduran azərbaycanlı: “Dedilər Mahir başımızı ağrıda bilər” - FOTO + MÜSAHİBƏ

Bu günə qədər Azərbaycan həqiqətlərini dünyaya çatdıran soydaşlarımız 44 günlük Vətən müharibəsi zamanı da informasiya cəbhəsində mübarizəni dayandırmadılar. Az...