Nuriyyə Əhmədovanın əzablı etirafları: "O, saçımdan tutub məni yerlə sürüyürdü"
Milli.Az-ın "Pərdəarxası" rubrikasının budəfəki qonağı tanınmış aktrisa, xalq artisti Nuriyyə Əhmədovadır.
Nuriyyə xanım yaradıcılığa Musiqili Komediya Teatrından başlamış, qısa bir zaman ərzində bu teatrın aparıcı aktrisası olmuşdur. Aktrisa komediya rollarını dağ boyda dərdi ilə oynamış, lakin tamaşaçıya bu dərdi bildirməmişdir. Filmlərdə çəkiliş zamanı aldığı xəsarətlər bu gün də aktrisanın səhhətinə təsirsiz ötüşmür. Xalq artisti ilə teatrın və çəkildiyi filmlərin pərdəarxası məqamlarına nəzər salırıq:
- Mən uşaqlıqdan müğənni olmaq arzusu ilə yaşayırdım, ona görə də bir yerdə dayanmırdım. Bir də görürdün ki, yemək yeyə-yeyə də əllərimi stolun üstündə oynadıb, ritm tuturdum. Haraya gedirdimsə oxuya-oxuya, "atlana-atlana" gedib-gəlirdim. Bir dəfə yadımdadır, anam bazardan gəlib mənə dedi ki, camaat sənin səsinə yığışıb, bizi qonşuların içində rüsvayi-cahan etdin. Allah sənin səsini batırsın! Anam köhnə bakılı idi, o vaxt qız uşağının müğənni olması nəslin ondan üz döndərməsi demək idi. Biz Şüvəlanda doğulub boya-başa çatmışıq, orada da yaşamışıq. Bir dəfə anam məni nənəmgilə qulluğa göndərdi. Nənəm ilə bizim evimizin arası 15 metr olardı. Yadımdadır, 4-cü sinifdə oxuyurdum, qar yağdığı üçün məktəbə getməmişdim. Atam da həyətdə 10 metr dərinliyi olan bir quyu qazmışdı. Oxuya-oxuya nənəmgilə gedəndə ayağım sürüşdü, quyuya düşdüm. Çünki qar yağıb quyunun üstünü örtmüşdü. Yaxşı ki, atam külünglə orağı quyunun içinə atmamışdı, yoxsa mən ciddi zədə ala bilərdim. Quyudan dayanmadan qışqırsam da səsimə səs verən olmadı. Birdən yadlarına düşüb ki, 5 dəqiqəlik yolu Nuriyyə niyə belə gec gəldi? Qardaşım nənəmgilə mənim arxamca gedəndə quyudan qışqırığımı eşidib qorxmuşdu. Axır ki, birtəhər məni quyudan çıxartdılar. Sonradan mənə deyirdilər ki, Allah sənə rəhm edib, bu gün üçün sağ saxlayıb.
Kinoda da başıma buna bənzər hadisələr gəlib. Rejissor Vaqif Mustafayevin "Yerlə göy arasında" filmində mən çox gözəl bir kollektivlə çəkilirdim. Orada bir səhnə var ki, mən tərəf-müqabilimə etiraz edib nərdivana çıxıram, onlar isə nərdivanı oradan yerə salmağa cəhd edirlər. Həmin tərəf-müqabillərim Səidə Quliyeva və yanında yengəsi olan bir xanım idi. Nərdivana çıxıram, mənə deyirlər ki, çıx, qorxma, səni itələyib atanda aşağıda tutacaqlar. Onlar da siqaretin közünü yalandan əlimə basmalıdırlar. Nərdivana yenicə çıxmışdım ki, gördüm ki, həmin qadın siqareti həqiqətən mənim barmağımın üstünə basdı. Bu zaman mən özümü aşağı atdım, sən demə, aşağıda heç kim yox idi. Tappıltı ilə yerə düşdüm. İkinci dəfə dedilər ki, sən yıxılma, əllərini aç quş kimi uç (gülür). Sonradan əlimdə olan yaranı Səidə xanım da, Vaqif Mustafayev də görmüşdülər.
Vaqif Mustafayevin "Yoxlama" filmində bizim bir qaçış səhnəmiz var idi. Özümüzü xilas etmək üçün qayığa minəndə qayıq əyildi, qaldıq suyun içində. Filmi Nardaranda çəkirdik. Yaxşı ki, hələ çox dərinə getməmişdik, bizi gəlib tez xilas etdilər. Plaşım, paltarım tamam islanmışdı. Getdim ki, plaşımı və geyimimi qurudum, yenidən gəlib çəkilim. Bir də gördüm ki, Vaqif müəllim qışqırır ki, gün keçir, tez olun, Nuriyyəni çağırın. Mən o yaş paltarımın suyunu sıxıb, əynimə geyinib qaçdım çəkiliş meydançasına. Yaxşı ki, qış ayı deyildi, yoxsa bərk xəstələnə bilərdim. Bütün bunlar bizdən aslı olmayıb, ani dəqiqədə baş verib. Qayıq əgər dənizin ortasında çevrilsəydi, biz oradan sağ çıxa bilməzdik.
"Həm ziyarət, həm ticarət" filmi Türkiyədə çəkilirdi. Gördüyünüz kimi, filmin əsas səhnələri bazarda çəkilib. Bazarda ruslar alver edirdilər, onlar bizim film çəkməyimizdən xəbərsiz idilər. Halbuku bütün çəkiliş avadanlığı göz qabağında idi. Bir də gördüm ki, bir böyük yük dəydi mənə, kamera və çəkiliş avadanlıqları hamısı yerə düşdü. Mən də yıxılmışdım, yaxşı ki, yük üstümə aşmamışdı. Bu filmdə bu cür hallar çox baş verib.
"Sahilsiz gecə" filmində aktrisa Kəmalə Hüseynova ilə bir dialoqumuz var. Kəmalə deyir ki, heç bilmirəm, atam müharibədən gələndən sonra ona nə cavab verəcəyəm? Çünki film yüngül əxlaqlı qadınların həyatından bəhs edirdi. Mən də ona deyirəm ki, nə? Atan? Görək hələ sənin atan müharibədən sağ gəlib çıxacaq, yoxsa yox? Bu sözü demişdim ki, gördüm, o məni arxadan saçlayıb, yerlə sürüyür. Mən isə əl atıb onun paltarını cırdım. Məni tutmaq istəyəndə qaçdım, başım yerə elə dəymişdi ki, huşum başımdan çıxmışdı. Biz həqiqətən vuruşurduq. Sonradan rejissor Şahmar Ələkbərov bu yerlərin bəzilərini montajda kəsmişdi. Bu çox ağır film idi, aktyordan təbii oyun tələb edirdi. Hətta Hindistandan gələn qadın rejissor bizim oyunumuza heyran olmuşdu.
Teatrda başıma gələn maraqlı hadisə bu gün də yadıma düşəndə özümü gülməkdən saxlaya bilmirəm. Siz bilirsiz ki, mən uzun illər Musiqili Komediya Teatrında çalışmışam. Teatrda o vaxt "Əlli yaşında cavan" tamaşasında qulluqçu rolunu oynayırdım. Qulluqçu olduğum üçün əlimdə qazan o yan-bu yana gedib-gəlib mahnı oxuyurdum. Orada bir səhnə var idi ki, biz əlimizdəki qazanları çevirib üstündə oturmalı idik və sonra da səhnədəki həmkarımla dərdləşməliydik. Dərdimizi unutmaq üçün arabir rəqs də edirik. Bir də gördüm ki, zaldan gülüş səsləri gəlir, bizi alqışlayırlar. Tamaşa qurtardı, biz pərdəarxasına çıxdıq. Elə yenicə çıxmışdım ki, gördüm, rəhmətlik Niyazi Şərifov acıqlı halda mənə baxır. Dedi ki, utanmırsız? O nə mizandır? O nə oyundur çıxartmısan? Dedim ki, neyləmişəm, Niyazi müəllim? Dedi ki, ayıbdır, ay qızım, qazan bərəkətdir, sən qazanın içində oturmuşdun. O qədər özümdə olmamışam ki, qazanın içində oturmuşam (gülür). Bu hadisənin üstündə mənə töhmət vermişdilər, amma sonradan töhməti üstümdən götürdülər.
""Bağ mövsümü" filminə qızmar günəş altında çəkilirdik. Bu filmdə mən işgüzar ev qadını rolunu oynayırdım. Rejissor demişdi ki, sən bakılı qızısan, bu rola səni çəkəcəyəm. Orada təndirə çörəyi özüm yapırdım, sonradan o çörəyi də elə özümüz yeyirdik. O qədər canfəşanlıqla işləmişdim ki, əlimin yanmasını hiss etməmişdim. Mənə zarafatca deyirdilər ki, bu manikürlü barmaqları ilə çörək yapa biləcək?
Biz bu sənətin fədaisi olmuşuq, ona görə də bu kimi təbii halları vaxtında hiss etməmişik. Amma fələyin bizə yazdığı hadisələrdən heç birimiz sığortalanmamışıq. Avtobusda yıxılandan sonra səhhətimdə daha da geriləmə hiss etdim. Bütün bu kimi hadisələr sonradan insanın həyatına, yaşayışına çox təsir edir. Vaxt var idi ki, qaçış üzrə qalib olmuşam, amma indi qaça bilmirəm, təngnəfəs oluram. Amma yenə də idmandan geri qalmıram, səhər tezdən qalxıb 5 dəfə gimnastika hərəkətləri edirəm. Çünki biz sənətçilər özümüz üçün yox, xalq üçün yaşamalıyıq. Nə qədər çətin olsa belə. Həyatda yaşama səbəbim oğlum Faiqdir. Allah onun uğurlarını görməyi mənə nəsib etsin.