“İnəklərin öldürüldüyü yerdə xaos, müharibə olur” - Krişna Şüuru Dini İcmasının sədri ilə MÜSAHİBƏ

“İnəklərin öldürüldüyü yerdə xaos, müharibə olur” - Krişna Şüuru Dini İcmasının sədri ilə MÜSAHİBƏ

Bakı Krişna Şüuru Dini İcmasının sədri Mahir Əhmədov sözügedən icma, təbliğ etdikləri dinin hökm və ayinləri ilə bağlı Sfera.az-a müsahibə verib.

 

Müsahibəni təqdim edirik:

 

- Adım Mahir Əhmədov, ruhi adım isə Madhava Çaitanya das. Bu, Tanrının adlarından biridir. Ruhi ad bizə ustadlarımız tərəfindən verilir, özümüzü tam hazır hiss edəndə...

 

- Mahir bəy, necə oldu ki, bu dinlə maraqlanmağa başladınız?

 

- Mən cənub bölgəsindənəm. Gözümü açandan ailə üzvlərim ibadətlə məşğul olub. Mən də bilirdim ki, nə vaxtsa ibadət edəcəm. Universitetin ikinci kursunda oxuyanda yoqa, vegeterianlıq kimi fərqli sahələrə maraq göstərirdim. Həmin vaxtlar Sovetin dağılma dövrü idi deyə, ölkəyə din fəlsəfəsi ilə bağlı çoxlu kitablar gətirilirdi. O zamanlar məni bir kitab daha çox cəlb etdi. Həmin kitab o vaxta qədər olan bütün suallarıma cavab verirdi. Daha sonra o kitabların ardıcıllarını axtarmağa başladım. Sonra tərəddüd etmədən bu təlimin arxasınca getdim. Beləliklə bu yolda özümü xoşbəxt hiss etdim, Tanrı da bəndənin ibadət formasından asılı olmayaraq onun xoşbəxt olmasını istəyir.

 

Bu hərəkata 89-cu ildən qoşulmuşam. Sovet dövrü olduğuna görə biz məbəddə yox, mənzillərdə toplaşırdıq. 91-ci ildən bu cəmiyyət dini icma kimi qeydə alındı. Mənim əsas fəaliyyət sahəm dövlət qurumları ilə təmas idi. Filologiya ixtisası üzrə təhsil aldığıma görə, təhsilim buna imkan verirdi.

 

- Dövlət qurumları ilə təmas deyəndə nəyi nəzərdə tutursunuz?

 

- Təmas dedikdə, dövlət qurumlarının nümayəndələri ilə ünsiyyət qurmağı, onlara bizim cəmiyyət haqqında məlumat verməyi nəzərdə tuturam. Daha sonra illər keçdikcə biz təbliğatı aidiyyatı kitabların tərcüməsi ilə həyata keçirdik. Bu hərəkatın öz nəşriyyatı var. Bu kitablara müxtəlif müəlliflər müxtəlif izahatlar veriblər. Lakin bizim ustadımız Bhaktivedanta Svami kitabı olduğu kimi saxlayıb.

 

“Ailəm qatı müsəlmandır...”

 

- İnandığınız dini hinduizm kimi qəbul edək?

 

- Xeyr, təlim kimi. Hinduizm başqadır. Burada tək Tanrıya sitayiş var. Tək əzəli Tanrı isə Krişnadır, biz ona yaxınlaşmağa çalışırıq.

 

- Bildirdiniz ki, cənub bölgəsindənsiniz. Həmin bölgə İslam dininə bağlılığı ilə xüsusilə seçilir. Ailəniz seçiminizə necə yanaşdı?

 

- Mən ailəmə saatlarla hansı yolu seçməyimdən danışdım. İslam dininə ən çox anam ibadət etsə də, məni ən çox o müdafiə etdi. Əlbəttə, bu məsələdə çətinliklər də olurdu. Amma məsələn, kimsə atama mənimlə bağlı fikir bildirəndə o mənə etibar etdiyini deyirdi. Cənub zonasında Allahın varlığını qəbul edən insanlar yaşayır. Onlar dərinliyə varmadan Allahı qəbul edirlər. Dində elm olmursa, o, fanatizmə çevrilir. Ailə üzvlərim namaz qılır, ibadətlərini edir, vegeterian olmasalar da, çalışırlar ən azından inək əti yeməsinlər (Gülür).

 

- Bir ara məbuatda belə məlumatlar yayılmışdı ki, bu cəmiyyətə üzv olmaq istəyənlərə xüsusi içki verilir...

 

- Xeyr, bizdə belə qayda yoxdur. Mən bunu ilk dəfədir, eşidirəm. Bu cəmiyyətə könüllü üzv olursan, təlimi ürəklə qəbul etmək lazımdır. Bizim prinsiplərimizə əməl etməklə avtomatik cəmiyyətə üzv ola bilirsən.

 

- Prinsiplər deyəndə nəyi nəzərdə tutursunuz?

 

- Bizdə 4 ruhani prinsip var ki, onlara əməl etdikdən sonra sən hərəkatın üzvü olursan. Bunlardan biri spirtli içki, siqaret kimi bihuşedici vasitələrdən istifadə etməməkdir. Qumar kimi haram oyunlardan uzaq durmaq lazımdır. Qanunsuz cinsi əlaqə olmaz. Ən əsası isə biz vegeterianıq, heyvanları öldürmək olmaz. Yəni biz zorakılıqla əldə olunan qidanı istəmirik.

 

- Maraqlıdır, müqəddəs heyvan anlayışınız necə, varmı?

 

- Vedalarda inəyin müqəddəs olduğu deyilir. Çünki inək yeganə heyvandır ki, insana məhəbbətə görə, onda süd yaranır. Kimsə ona nəvazişlə yanaşırsa, onun qanında dəyişiklik olur. İnəyin bütün bədənində mələklərin işarələri var, bu işarələr onu qoruyur. Biz inəyə sitayiş etmirik, amma o heyvanı müqəddəs hesab edirik. O yerdə ki, inəklər öldürülür, həmin yerdə xaos olur.

 

“Məbədə gələnlərin çoxu azərbaycanlılardır, bu, bizi sevindirir”

 

Məbədə gələnlər arasında daha çox başqa millətlərin nümayəndəsi olar, yəqin...

 

- Xeyr. Xoşbəxtlikdən bura gələnlərin 90 faizi yerli xalqdır. Amma ümumlikdə cəmiyyətimizə hər bir millətin nümayəndəsindən üzv olanlar var. Bizi şad edən yerli camaatın burada olmasıdır. Məcbur deyil ki, bura gələnlər də bu təlimi qəbul etsin. Onlar bizimlə dost ola, tədbirlərimizdə iştirak edə bilərlər. Əsasən bazar günü ziyarətçilər daha çox olur, biz bazar gününü “məhəbbət günü” adlandırırıq.

 

- 2020-ci il pandemiyanın kəskin vaxtında biz belə xəbər oxumuşduq ki, Hindistanda hinduizm dininin nümayəndəsi olan bir qoca 52 yaşlı insanı pandemiyanın bitməsi üçün qurban verib. Buna münasibətiniz?

 

- Belə şeylər cəhalətdir. Bizdə də qurban anlayışı var. Amma heyvan qurbanı yox. İnsan öz nəfsini qurban verməyi bacarmalıdır. Bizim üçün ən böyük qurban Tanrının adlarını zikr etməkdir. Qurban olunan heyvan isə gələcək həyatında insan olaraq dünyaya gəlir.

 

“Biz birbaşa Tanrıya müraciət edə bilmərik, vasitəçi lazımdır...”

 

- Belə başa düşdüm ki, siz ustadınıza sitayiş edirsiniz, Tanrıya yox...

 

- Biz ustada sitayiş etmirik, ona təzim edirik, çünki insan birbaşa Tanrı ilə əlaqə saxlaya bilməz. Ona görə insan birinci növbədə Tanrıya sadiq olan, ona yaxın olan bəndəyə yaxınlaşmalıdır. Biz ustadın xeyir-duasını almamış Tanrıya yaxınlaşa bilmərik. Yəni ustad vasitəçidir, o imkan verə bilər ki, biz Tanrı ilə yaxın olaq.

 

- Yəni qadağa var ki, Tanrıya birbaşa müraciət etmək olmaz?

 

- Qadağa yoxdur, bu, məntiqdir. Bu fəlsəfənin məntiqi izahı var. Tanrı çox əlçatmazıdır, ona çatmaq üçün onun yaxınlarından bilik almaq lazımdır. İnsan ruhi ustadsız da yaşaya bilər. Amma bu çox vaxt aparar, insan bəzən Tanrını olduğu kimi tanıya bilmir.

 

- Tək Tanrıya ibadət edirsiniz?

 

- Bəli, bizim tək Tanrımız Krişnadır. Biz cürbəcür Tanrıları qəbul etmirik.

 

- Ustadınızın bütünə sitayiş etdiyiniz kimi, Tanrının da bütünə sitayiş edirsiniz?

 

- Əgər insanlar bir şeyi müqəddəs kitabalara əsaslanaraq edirsə, bu, mötəbər sayılır. Ruhani ustad müvəqqəti şəxsiyyət deyil, əbədidir. Onun bədəni bizi fiziki olaraq tərk etsə də, biz onun nəsihətləri, elmi ilə yaşayırıq. Biz onu büt saymırıq, bütə ustadımızın birbaşa özü kimi yanaşırıq. Əgər biz düzgün şüurla ibadət ediriksə, Tanrı da o bütə girir və dualarımızı qəbul edir. Bu, yüksək məqamdır.

 

“Cənnət və cəhənnəm anlayışı planetlərdən ibarətdir, amma ən üst planet də var...”

 

- Ölümdən sonrakı həyata, cənnət və cəhənnəm anlayışına inanırsınız?

 

- Əslində ölüm elə bədənə aiddir, ruha yox. Ruhun keyfiyyətləri başqa bədəndə öz əksini tapır. Cənnət və cəhənnəm isə real anlayışlardır. Yəni bu iki anlayışı planetlərə görə bölmək olar. Məsələn, Yer planeti orta planetdir. Bu planetdən daha aşağı planet cəhənnəmdir, üst planet isə cənnətdir. Cənnətdə ömrün uzunluğu daha çoxdur. Lakin cənnətdə də bir müddət sonra ölürsən. Bu 3 planetdən ən yüksəkdə isə ruhi planet sistemi var, ora Tanrının məskənidir. Biz cənnəti də qəbul etmək istəmirik, çünki o planetdən də aşağı düşə bilərsən. Amma ruhi planet əbədidir.

 

- Bəs bu planetlərə düşmək nədən asılıdır?

 

- Qatı cinayətkarlar, əyyaşlar cəhənnəmə düşür. İnsan dindardırsa, xeyirli işlərlə məşğul olursa, cənnətə düşür. Ruhi planetə düşmək üçün isə insan tamamilə Tanrıya sığınmalıdır. Bizim cəmiyyətin üzvləri də buna inanır, bunu istəyir.

 

- Bu cəmiyyətdə tövbə anlayışı var?

 

- İnsan nə günah etsə, bu dünyada onun cavabını alır. Biz bu günahların cəzasını Tanrıya sığınmaqla yüngülləşdirə bilərik. Çalışmaq lazımdır ki, günahlar davamlı olmasın. Şüurlu insan davamlı günah etmir.

 

- Sizin cəmiyyətin fəlsəfəsi hansı dinə daha yaxındır?

 

- Əlbəttə ki, biz hinduizmə daha yaxınıq. İslam dininə isə yəhudi və xristian dinlərindən qat-qat yaxınıq. Mən uşaq vaxtı ailəmdə hansı adətləri görmüşəmsə, bu cəmiyyətdə olandan sonra da eyni adətləri burada müşahidə etmişəm. Məsələn, mənim nənəm inəyimizə “ana” deyirdi, biz də inəyi müqəddəs hesab edirik. Qonağı müqəddəs hesab edirdik, bu cəmiyyətdə də elədir. "Bhaqavat Gita"nı oxuyandan sonra Qurandakı bəzi mesajları başa düşürsən. Bu dinin digər dinlərdən əsas fərqi odur ki, burada ruh və bədən haqqında mükəmməl bilik verilir. Digər kitablarda bu barədə işarələr var, burada isə elm var.

 

- Bəs İslam dinində olan hansı qadağalar, yaxud Qurandakı ayələr sizə yaddır?

 

- İslamda qadınlar örtünməlidir deyə, buyurulub. Lakin bizdə ruhani təqvimdə var ki, insan zamana, məkana uyğun olmalıdır. İnsan tamamilə deqradasiyaya uğramamalıdır. Hamının bağlı gəzməsi, yaxud hamının ifrat dərəcədə açıq-saçıq geyinməsi düzgün deyil.
 

“Bizdə matəm yoxdur, ölüm gününü də bayram kimi qeyd edirik”

 

- İslamda olan şeytan anlayışı bu dində də varmı?

 

- Bəli, var, amma biz ona şeytan demirik, biz onu “maya”, yəni “illuziya” adlandırırıq. İlluziya bizi aldadır. O isə Allahın enerjisidir.

 

- Bəzi dinlərdə olduğu kimi, sizdə də matəm günləri var?

 

- Xeyr, bizdə matəm yoxdur. Biz ustadlarımızın dünyadan getdiyi günü də bayram edirik. Müqəddəs insanın ölümü də bayramdır, o, daha da yüksək məqama gedir.

 

- Bəs dəfn prosesi necə olur?

 

- Basdırılma və yandırılma yolu ilə. Kim necə istəyirsə, o cür də olur. Ruh üçün ən yaxşısı yandırılmadır. Biz elə bilirik ki, bədəndən ibarətik, amma “bədən mənimdir” yanaşması olmalıdır. Əsas olan ruhi şəxsiyyətdir. Bədənə bağlı olan insanlar ölümdən qorxur. Bu bədəndən daha tez qopmaq üçün yandırılma yaxşıdır.

 

- Siz də yandırılmanızı istərdiniz?

 

- Elə bir vəsiyyətim yoxdur(Gülür). Amma niyə də yox?

 

- Son olaraq, üzünüzdəki işarənin nə anlam verdiyini deyə bilərsinizmi?

 

- Bu işarələr Tanrının qədəmlərinin işarəsidir. Üzümüzdə istifadə etdiyimiz gili müqəddəs yerlərdən gətiririk. İbadət vaxtı Allahın adlarını oxuyub bu işarələri bədənimizin 12-13 yerinə çəkirik. Bundan başqa biz gündə ən azı 2 dəfə qüsl alırıq, təmizlənirik. Bu, həm də sağlamlıqdır.

 

 

Əzizə Zeynal

Fotolar:Anar Bayramlı

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

500 milyard parametrli süni intellekt yaradılacaq

Microsoft özünün ən böyük süni intellekt (AI) modelini inkişaf etdirəcək. Sfera.az xəbər verir ki, bu barədə “The Information” məlumat yayıb. ...

Özlərini özəl hiss edirlər: Eyni cinsdən dördəmləri oldu - FOTO

Texaslı (ABŞ) Mercedes Sandhu çox nadir eyni dördəmlər dünyaya gətirib. Körpələr xəstəxanadadır, qidalanma borusu vasitəsilə qida alır və xüsusi aparat vasitəsi...

“Çərşənbə”nin ikinci mövsümünün çəkilişləri başladı: Əsas aktyorlardan biri olmayacaq 

Məşhur “Netflix” serialının ikinci mövsümünün çəkilişlərinə başlanılıb. Bu barədə aparıcı aktrisa Cenna Orteqa İnstaqram səhifəsində məlumat verib. ...

24.000 illik körpə qalıqları insan tarixini yenidən yazdı

Təxminən 24500 il əvvəl Portuqaliyanın mərkəzindəki Lapedo vadisində 4 yaşlı uşaq kəfənə bükülmüş şəkildə dəfn edilib. Alimlərin kəşf etdiyi kimi, bu uşaqda həm...

Faşizm üzərində qələbədən 79 il ötür

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 79 il keçir.   Sfera.az xatırladır ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kim...

Putinlə Paşinyanın görüşü başladı

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçirilir.   Sfera.az xəbər verir ki, bu barədə Kremlin mə...