“Bizlərə qarşı cinayət törətmiş Ramiz Mehdiyev bu gün də azadlıqdadır” – tanınmış iş adamından SENSASİON AÇIQLAMA

“Bizlərə qarşı cinayət törətmiş Ramiz Mehdiyev bu gün də azadlıqdadır” – tanınmış iş adamından SENSASİON AÇIQLAMA
Milli Məclis sədrinin müavini Adil Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)prezidenti Ramiz Mehdiyev barəsində olduqca ciddi ittihamlar səsləndirib. Vitse-spiker Ramiz Mehdiyevin uzun illər bağlı qalan cinayətlərindən danışıb. Deyib ki, böyük müəssisəyə rəhbərlik edən Zülfüqarov qardaşlarının müflis edilməsi, onların zavodlarının reket yoluyla əllərindən alınması və öz qohumu Rasim Məmmədovun həmin zavoda direktor təyin edilməsi "əməliyyatının” arxasında da Ramiz Mehdiyev dayanır.

"Bu məsələdə ədalət yerini tapıb, həbs edilən Rasim Məmmədov məhkəmə qarşısında cavab verəcək. İnanıram ki, Ramiz Mehdiyevin koordinə etdiyi başqa cinayətlərin də üstü yaxın müddətdə açılacaq” - deyə vitse-spiker bildirib.

Sfera.az xəbər verir ki, musavat.com Adil Əliyevin bəhs etdiyi böyük cinayətin hədəfi olmuş  tanınmış iş adamı Loğman Zülfüqarlıdan açıqlama alıb.

O, "Yeni Müsavat”a deyib ki, Ramiz Mehdiyevin birbaşa rəhbərliyi ilə onlara qarşı törədilən cinayət bu günə qədər araşdırılmamış qalıb:

-Hörmətli vitse-spikerin dilə gətirdiyi cinayət bizə qarşı 2005-ci ilin dekabrında törədilib və təəssüflə qeyd edirəm ki, bu gün də araşdırılmamış qalmaqdadır. Amma ümidimizi itimirik və Ramiz Mehdiyevin də çox yaxın zamanlarda bizə qarşı cinayətlərə görə qanun qarşısında cavab verəcəyinə, cəzaya çatdırılacağına əminik.

-O zaman nə baş vermişdi?

-Qardaşlarımla birgə 2002-ci ildə "Bakı Elektroştamp”, 1 il sonra isə "Bakı Poladtökmə” zavodlarını özəlləşdirdik.  Biz zavodları özəlləşdirərkən hər iki zavod tamamilə sökülüb dağılmış, istehsal prosesinə tam yararsız durumda idilər. Milyonlarla manat sərmayə cəlb etməklə hər iki zavodun yerində müasir tipli istehsal müəssisələri qurduq. Zavodların yenidən qurulmasına, istehsalı prosesinin qaydaya salınmasına çox böyük vəsait və əmək sərf etdik. Zavodların illərlə işsiz qalmış kollektivlərini yenidən işə qaytardıq. Yenicə işə başlamışdıq ki, Ramiz Mehdiyev başımızın üstünü kəsdi. 2005-ci ilin dekabrında məni və qardaşım Nurədini çağırıb Ramiz Mehdiyevin adından zavodları təhvil verməyimizi tələb etdilər.

-Siz zavodları Ramiz Mehdiyevə hansı səbəblə təhvil verməliydiz? 

- Sadəcə deyirdilər ki, Ramiz Mehdiyev zavodları istəyir və zavodları ona təhvil verməlisiniz. Biz də dedik ki, zavodlara böyük sərmayə yatırmışıq, işə yenicə başlamışıq, zavodları işə salmaq üçün milyonlarla sərmayəni kredit olaraq banklardan almışıq və borcu da qaytarmamışıq. Zavodları Ramiz Mehdiyevə təhvil verməkdən imtina etdik.

- Bundan sonra nə baş verdi?  

-Bir neçə gün sonra hər ikimizi – məni və qardaşım Nurəddini Ramiz Mehdiyevin göstərişi ilə həbs etdilər. Həbsdə olduğumuz dövrdə bizdən 1 tələb vardı: - zavodların səhmlərini Ramiz Mehdiyevin dediyi adamların adına keçirək.

- Siz zavodları özəlləşdirərkən Ramiz Mehdiyevin hər hansı bir rolu, sərmayəsi olmuşdumu?

- Əlbəttə ki, yox! Sadəcə ona etibar edilən yüksək postdan, həmin vəzifənin verdiyi imkanlardan quldurluq üçün istifadə edirdi. Bizə həbsdə ikən şərt qoydular ki, bundan sonra da zavodları işlədib gəlirin 80-90 faizini Ramiz Mehdiyevin dediyi adamlara ödəməliyik.

- Ödəməsəydiniz nə olacaqdı?

- Vitse-spiker "atvyorka” məsələsində bir qadının adını çəkir və öldürülməsinə işarə edir. Ramiz Mehdiyevin Hacı Məmmədovla əlaqələrindən danışır. Bunlar təsadüf deyil. Çox ciddi mətləblərdir. O zaman bizə qarşı tələbi və şərti qəbul etməkdən başqa yolumuz yox idi! Razılaşmasaydıq, ən yaxşı halda qondarma ittihamlarla uzun illər həbsdə qalacaqdıq.

- Həmin zaman Ramiz Mehdiyevin adından danışan Rasim Məmmədov idi?

- Rasim Məmmədov 2010-cu ilin sonlarında peyda oldu. Özünü küçə uşağı kimi, bandit kimi aparırdı. Bu ərköyün, özündən razı uşaq Ramiz Mehdiyevin adından danışırdı. Peyda olandan sonra dedi ki, Ramiz Mehdiyevin göstərişidir, zavodları mənə təhvil verməlisiz. "Bakı Elektro Ştamp”, "Bakı Poladtökmə” zavodları ilə yanaşı Qaradağ rayonu, Puta qəsəbəsindəki "Xəzər boru” zavodunu da böyük təzyiqlər altında əlimizdən aldı. Bundan əlavə, şəxsi əmlakım olan və milyonlarla manat dəyərində ofis binalarımı da zorla ələ keçirdi. "Xəzər boru” zavoduna da milyonlarla manat sərmayə qoymuşduq. Hər 3 zavodu Rasim Məmmədov bizdən aldı və həmin zavodlarda çalışan 2500 işçini, ailə başçısını işdən çıxarıb yeganə gəlir mənbəyindən məhrum elədilər. Bizə qarşı böyük bir cinayət törədildi, ölkədəki iqtisadi proseslərə ağır zərbə vuruldu.

- Zavodları alıb niyə dağıdırdılar?

-Bu adamların məqsədi Azərbaycanda istehsalat olan zavodları darmadağın etmək idi. Bunu da etdilər. Hər 3 zavod əlimizdən alınandan sonra oradakı müasir avadanlıqlar, maşın-mexanizmlər, hazır mal-materiallar, hansıların ki, bu günə qədər də dəyərini ödəməkdəyik, söküldü, doğrandı və əridilməklə məhv edildi. Bu adamlar iqtisadi sobatajla məşğul idilər. Son pulumuzu qoyub kombinə edilmiş isti yayma xətti almışdıq. İstehsal üçün olduqca əhəmiyyətli olan həmin xətti də zavodlarımız kimi Ramiz Mehdiyevin göstərişi ilə, Rasim Məmmədovun rəhbərliyi altında sökdülər və daşıyıb  əritməklə məhv etdilər. Rəsmən müflis duruma salındıq. Baş verənlərdən sonra məcbur olub Türkiyəyə getdik. 30 illik əməyimizi yerə vurdular. Bu günə qədər də banklara borc ödəyirik. Əlimizdən alınan zavodlarda yüzlərlə işçimiz vardı. Zavodlarımızı viran qoydular.

- Rasim Məmmədovun cinayət işi üzrə zərərçəkən qismində tanınmısınızmı?

- O zaman "Baku Stell Company”nin rəhbəri olan, bizə qarşı cinayətlərin icraçısı olan Rasim Məmmədov uzun illər sonra həbs olunub. Amma, uzun illər Rasim Məmmədovun cinayətlərinin başında dayanan Ramiz Mehdiyev isə azadlıqdadır.  Bizim zavodları talamaqla gözləri doymadı, metallurgiya sahəsində çalışan əksər sahibkarların iş yerlərini darmadağın etdilər. Bu adamlar Azərbaycan iqtisadiyyatına, xüsusilə metallurgiya sahəsinə olduqca ağır zərbələr vurublar. Biz vətənimizə, dövlətimizə, Prezidentimizə bağlı insanlarıq. Möhtərəm Prezidentimizin diqqət və qayğısından ruhlanaraq hazırda  "Bakı İnşaat Sənaye” zavodunu yenidən qurub işə başlamışıq. Bu gün 600 nəfərə yaxın işçimiz var. 20-dən artıq Vətən Müharibəsi qazisini işə götürmüşük. Müəssisəsmizdə 50 nəfərdən çox 1-ci və 2-ci Qarabağ müharibələrinin iştirakçıları çalışır. İşçilərimizin sosial rifahını düşünür, Azərbaycan istisadiyyatına töhvə vermək, Prezidentin çağırışlarına dəstək verməkdəyik. Pandemiya dövründə möhtərəm cənab Prezidentin çağırışlarına əsasən heç bir işçisi işdən çıxarılmadı, əksinə əlavə işçilər götürdük. Pandemiya fonduna 50 min manat yardım etdik. 44 günlük Vətən Müharibəsinə 12 işçimiz qatıldı və qəhrənamlıqla döyüşdülər. Zavodumuzu yerləşdiyi rayonun ərazisində yaşayan şəhid ailələrinə də yardımlar etmişik və etməkdəyik. Fəxrlə qeyd edirik ki, Silahlı Qüvvələrimizin Fonduna da 100 min manat vəsait köçürmüşük. Bu gün zavodumuzda müasir avadanlıqlar qurulub. Artıq istehsal etdiyimiz məhsulları xaricə ixrac etməyə başlamışıq.  Bundan sonra da Azərbaycan iqtisadiyyatının inkişafı üçün əlimizdən gələni edəcəyik. İşçilərimizin sayını artırıb dövlətimizin iqtisadi baxımdan güclənməsinə kiçik də olsa, töhvəmizi verə bilmək üçün var qüvvəmizlə çalışmaqdayıq. Baxmayaraq ki, çox çətin durumdayıq, öhdəmizə düşən işləri şərəflə yerinə yetirməyə hazırıq.

- Ramiz Mehdiyevin sizə qarşı qanunsuz əməllərinin araşdırılmasını tələb etmisinizmi?

- Ramiz Mehdiyev illərdir ki, bizim səsimizin cənab Prezidentə çatdırılmasının qarşısını alır. Ona görə də bizlərə qarşı cinayət törətmiş Ramiz Mehdiyev bu gün də azadlıqdadır. Hazırda onun cinayətlərinin icraçısı Rasim Məmmədov həbsdə olsa da, bu işlərin əsas rəhbəri, qurucusu Ramiz Mehdiyev cəzasız qalıb. Ölkə rəhbərliyindən bizə qarşı cinayətlərə görə Ramiz Mehdiyevin cəzaya çatdırılmasını xahiş edirik. Ölkə başçısından ricamız budur ki, bizə qarşı törədilən və illərlə davam edən cinayətlərin açılması üçün bu məsələ nəzarətə götürülsün. Bizə vurulmuş ziyan ödənilsin, zavodlarımız özümüzə qaytarılsın.

OXŞAR XƏBƏRLƏR

Seysmoloqdan zəlzələ XƏBƏRDARLIĞI: "Bu ərazilərdə daha da aktivləşəcək"

"Hiss edilən zəlzələlər davamlı olaraq baş verəcək. 2024-cü ildə də Xəzər dənizində belə zəlzələlər olacaq".    Sfera.az xəbər verir k...

2024-cü ildə daha hansı ölkələrdə prezident seçkiləri keçiriləcək? - SİYAHI

Prezident İlham Əliyev 2024-cü ilin fevralında Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçiriləcəyi ilə bağlı Sərəncam imzalayıb. Qərara əsasən, Mərkə...

Azərbaycan beynəlxalq axtarışda olan şəxsləri Rusiyaya təhvil verdi

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Rusiyaya təhvil verib.   Bu barədə Sfera.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.   ...

Azərbaycanda gələn il iki seçki keçiriləcək

Azərbaycanda 2024-cü ildə iki seçki keçiriləcək.   Sfera.az-ın xəbərinə görə, gələn il fevralın 7-də növbədənkənar Prezident seçkiləri elan olunub. ...

Günəşdə yaranan qara dəlik planetimizə radiasiya yayır

Alimlər Günəşin səthində açılmış qara dəliyin yerə radiasiya cərəyanlarının geomaqnit qasırğaları yaydığını aşkarlayıblar.   Sfera.az-ın məlumatına g...

"Bir az soyuqqanlı olun" - Qurban Yetirmişli

"Belə hadisələrə öyrəşmək lazımdır".   Sfera.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qu...