Azərbaycanda yeganə xanım partiya sədri: “İctimai əsaslarla fəaliyyət göstəririk” - MÜSAHİBƏ
Müsahibə
12:30 / 29.09.2021
973
Sfera.az xəbər verir ki, "Cümhuriyət” qəzetinin müsahibi Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) sədri Əsli Kazımovadır.
Əsli Kazımova Azərbaycanda fəaliyyət göstərən partiyalar arasında tək xanım sədrdir. ASRP-nin sədri rəhbərlik etdiyi partiya və siyasi fəaliyyəti ilə bağlı sualları cavablandırıb. Cebhe.info müsahibəni təqdim edir:
-Əsli xanım, ondan başlayaq ki, ölkədə tək xanım partiya sədrisiniz. Bir xanım olaraq siyasətdə digər partiyalarla mübarizə aparmaq sizə çətin gəlmir?
- Partiyaların mübarizə aparması anlayışını qəbul etmirəm. Partiyalar arasında mübarizə 90-cı ilin əvvəllərində idi. Ölkədə sözün əsl mənasında hərc-mərclik hökm sürürdü. Bu gün partiyalar arasında sağlam rəqabət var. Bu kürsü üstündə mübarizə deyil. Bu gün hər bir partiyanın bir nömrəli vəzifəsi dövlətə və xalqa xidmət etməkdir. Bununla yanaşı, qeyd etmək gərəkdir ki, bu gün Azərbaycanda partiyaların siyasi və ictimai idarəetmədə iştirakı genişləndirilir. Bu tendensiya isə birmənalı olaraq Azərbaycanda siyasi münasibətlərin, xüsusən də partiyalararası əlaqələrin sağlam zəmində qurulması işində önəmli addımlar atılmasına böyük töhfə verir. Bu gün ölkədə bəzi siyasi partiyalar iqtidarın bu təşəbbüsünü birmənalı qarşılamaya bilər və bu normal hal kimi qəbul edilir. Amma bu, heç bir şəkildə partiyalarararsı mübarizə olaraq anlaşılmamalıdır. Digər tərəfdən, mübarizə seçki ərəfəsində müşahidə edilə bilər. Düşünürəm ki, həmin mübarizənin isə tək qalibi seçicidir, partiya deyil.
-İxtisasınız iqtisadiyyat, fəaliyyətiniz isə siyasidir. İqtisadiyyatdan siyasətə keçid etməyə necə qərar verdiniz? Hazırda "İqtisadiyyatın tənzimlənməsi” kafedrasının baş müəllimisiniz, siyasi fəaliyyətlə eyni zamanda həm də müəllimlik fəaliyyətini necə tənzimləyirsiz?
-Sizin bu sualınızla razı deyiləm. Mən iqtisadçıyam və bunu inkar etmirəm. Amma mən eyni zamanda illərdir palamentdə təmsil olunan qabaqcıl partiyanın sədriyəm. Belə olan halda, istər- istəməz siyasətin içində olmalıyam. Digər tərəfdən, hər bir sahədə- bu, istər mədəniyyət sahəsi olsun, istərsə də iqtisadiyyat sahəsi- hər birinin siyasi tərəfləri də var. Parlamentimizin tərkibində belə ixtisasca həkim və sairə ixtisasın nümayəndələri var ki, onlar da siyasətdə təmsil olunur. Hesab edirəm ixtisas faktoru siyasətlə məşğul olmağa heç bir halda mane ola bilməz. Yetər ki, dünyagörüşü olsun.
-Son parlament seçkilərində namizəd oldunuz, amma seçilmədiniz... Namizədi olduğunuz 80 saylı İmişli-Beyləqan Seçki Dairəsinin nəticələri də ləğv olundu. Bu, sizdə siyasətə olan həvəsi azaltdımı?
-Bir az öncə də qeyd etdim, seçki bir siyasi mübarizə marafonudur. Amma qalib seçicidir. Kimin seçilməyindən asılı olmayaraq, seçici qazanmalıdır. Çünki vətəndaş faktoru dövlətimiz üçün olduqca önəmlidir. Bəli, seçki zamanı saxtakarlığa yol verildi. Ölkədə aparılan köklü islahatlar sayəsində isə ədalətli qərar verildi və seçki nəticələri ləğv edildi. Biz seçkidə məğlub ola bilərik, amma Azərbaycan Sosial Rifah Partiyası hər zaman xalqın və seçicinin yanındadır. Seçkidə qazanmasaq da, partiyamızın rayon təşkilatları seçicilərimizlə və partiya üzvlərinin problemləri ilə tez tez maraqlanır.
-Seçki ərəfəsində sizinlə bağlı mətbuatda müxtəlif ittihamlar səsləndi. Necə düşünürsünüz, bunlar rəqiblərinizin sizə qarşı hazırladığı kampaniya idi, yoxsa başqa səbəblər var idi?
-Bilirsiniz, belə bir fikir var, bir insanı hər kəs sevə bilməz və bir insana hər kəs nifrət də edə bilməz. Bu aksiomadır. Başqa cür ola da bilməz. Bu tendensiya isə siyasətdə daha qabarıq şəkildə özünü göstərir, xüsusilə seçki ərəfəsində. Diqqət etdinizsə, mən namizəd olsam da, heç bir qərəzli fikirlərə münasibət bildirmədim. Əminəm ki, xalqın gözü tərəzidir, hər zaman əyrini və doğrunu bir-birindən ayıra bilir. "Yalan ayaq tutar, yeriməz” deyib atalarımız. Ona görə də, əsassız olan nə varsa, gec-tez ifşa olunur və həqiqət öz yerini alır...
-Partiyanızın vikipediya səhifəsində rəsmi üzvlərin sayı min nəfər göstərilir... Bir partiya üçün az deyilmi?
- Vikipediyada bir çox məlumatlar səhvdir və ya yenilənməyib. Yaxın zamanda partiyamızın rəsmi "web” saytı da istifadəyə veriləcək. Orada onlayn üzvlük və s. kimi faktorlar nəzərə alınıb. Bu kimi məlumatlar dəqiqliyi ilə hər kəsin görə biləcəyi şəkildə yayınlanacaq.
-Azərbaycan Sosial Rifah Partiyasına atanızdan sonra sədrlik etmək necə hissdir? Sizcə hansı dönəm daha uğurludur?
-Partiyanın qurucusu mənim atam Xanhüseyn Kazımlıdır. Mən bununla fəxr edir və qürur duyuram. Bu gün mənim üzərimə ikiqat məsuliyyət düşür. Vəzifəm ilk növbədə dövlətimə, vətənimə və xalqıma xidmət etməkdir. Digər tərəfdən, atam Xanhüseyn Kazımlının qurucusu olduğu partiyaya layiqli şəkildə sədrlik etmək və seçicilərimə gərəkli dəstəyi verə bilməkdir.
-Partiyanız 2000-ci ildən etibarən 20 il müddətinə, yəni son seçkilərə qədər parlamentdə təmsil olunub. Bu isə parlament partiyası olaraq qanunlara uyğun olaraq dövlət büdcəsindən maliyyə almanız deməkdir. Hazırda isə parlament təmsilçiliyiniz yoxdur, yalnız 3 bələdiyyə üzvünüz var. Bəs partiyanın maliyyə məsələlərini indi necə həll edirsiz?
-Hazırda partiyamız deyə bilərik ki, ictimai əsaslarla fəaliyyət göstərir. Biz dövlətə öz təkliflərimizi də vermişik. Hesab edirəm ki, maliyyələşməyən partiyalar dövlətlə müəyyən layihələr həyata keçirə bilər. Düşünürəm ki, bu kimi layihələr həm maliyyələşməyən partiyaların fəaliyyətinə dəstək, həm də parlamentdə təmsil olunmayan siyasi partiyaların daha aktiv olmasına töhfə vermiş olardı.