Qüdrət Həsənquliyev: “Ona Təzəpir məscidinin mollası cavab verməliydi”

Qüdrət Həsənquliyev: “Ona Təzəpir məscidinin mollası cavab verməliydi”
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin APA-ya müsahibəsi

- Vətən müharibəsinin ildönümü yaxınlaşır. Ötən müddətdə Qarabağda geniş quruculuq işləri başlanıb. Ümumiyyətlə, 44 günlük müharibə Azərbaycanın və bölgənin geosiyasi taleyində nəyi dəyişdi?

- Əslində, 27 sentyabr 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandan kimi verdiyi əmr Azərbaycanın müstəqillik tarixinin qızıl hərflərlə qeyd olunacaq hadisəsidir. Torpaqlarımız 30 ilə yaxındır ki, işğal altında idi. Beynəlxalq birlikdə də bu məsələdə tam riyakar mövqe sərgiləyirdi. Bizə deyirdilər ki, Azərbaycanın ərazi bütövlüyünün tanıyırlar, amma Qarabağın statusu məsələsini Ermənistanla oturub danışıb, razılaşıb, referendum keçirib, referendumun nəticələrinə görə öhdəlik götürməyi təklif edirdilər. Dolayısı ilə işğalçını müdafiə edirdilər. Humanitar yardım adı ilə Dağlıq Qarabağdakı separatçı rejimə kömək olunurdu. Məsələn, ABŞ hər il rəsmi maliyyə vəsaiti ayırırdı, amma bu yardım Cənubi Osetiya, Abxaziya, Donetsk, Luqansk və Dnestryanına ayrılmırdı. Azərbaycan artıq beynəlxalq birliyin ədalətli mövqe ortaya qoyacağından əlini üzmüşdü. Beləliklə, 27 sentyabrda Ermənistanın növbəti geniş miqyaslı təxribatından sonra əks-hücumla Azərbaycan torpaqlarının işğaldan azad olunması barədə qərar verildi.

27 Sentyabr şanlı tarixdir. Şəhidlərin döyüş meydanında qəhrəmanlıqları və doğru strateji siyasət nəticəsində biz Vətən müharibəsində qalib gəldik.
Döyüş meydanında qalib gəlmək üçün düşməni müttəfiqlərindən məhrum etmək lazım idi. Prezidentin apardığı diplomatik iş sayəsində Ermənistanı o müttəfiqlərdən məhrum etdik. Ermənistana açıq, yaxud altdan region dövlətləri tərəfindən müəyyən kömək edilsə də, heç kim qoşunu ilə Ermənistanla birgə bizimlə vuruşmadı. Bu, Azərbaycan diplomatiyasının böyük uğurudur. Diplomatiyada ikinci böyük uğurumuz isə BMT Təhlükəsizlik Şurasında Minsk Qrupuna həmsədr dövlətlər tərəfindən Azərbaycan əleyhinə irəli sürülən qətnamənin qəbul edilməsinin qarşısının alınması idi. Burada Azərbaycanın Qoşulmama Hərəkatının üzvü, hazırda Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi gördüyü işlərin böyük rolu oldu. Həmin dövlətlər də BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qətnamə qəbul edilməsinin qarşısını aldılar.

Azərbaycan düşmənin təklənməsinə nail olmaqla bərabər özü ciddi müttəfiqlərlə göründü. Biz müharibənin gedişində qardaş Türkiyə və Pakistandan çox böyük mənəvi və siyasi dəstək aldıq. Mən burada parlamentin, millət vəkillərinin, siyasi partiyaların, QHT-lərin mətbuatın rolunu qeyd etmək istəyirəm. Media xalqın Prezidentin ətrafında səfərbər olunmasında xüsusi rol oynadı.

Bizim partiya Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının üzvüdür. Biz müharibə dövründə bütün üzv partiyalara məktubla bir neçə dəfə müraciət etdik, real həqiqətləri onların diqqətinə çatdırdıq. 50-dən artıq müxtəlif yönümlü beynəlxalq təşkilata şəxsən imzamla bir neçə dəfə məktublar göndərmişəm. Müharibə dövründə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ilə yaxından əməkdaşlıq etmişik. 44 günlük savaş dönəmində partiyaların birgə bəyanatı olub.

Biz 27 sentyabrda əks-hücum, antiterror əməliyyatını çox uğurla başa çatdırdıq.

Bölgəyə Rusiya sülhməramlıları yerləşdirilib, separatçılar Xankəndi və ətrafında qalmaqdadır. Noyabrın 10-da üçtərəfli saziş imzalanandan dərhal sonra mən demişdim ki, Azərbaycan həmin dövr üçün mümkün olan maksimuma nail oldu. Davam etmək başqa dövlətlərin münaqişəyə qatılmaq ehtimalı artırar, Azərbaycana qarşı beynəlxalq təzyiqlər, sanksiyalar tətbiq olunmasına şərait yaradardı. Çox düşünülmüş və real qərarlar qəbul olunub. Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiya olunması həm də bizim bərpa işlərini nə dərəcədə uğurla həyata keçirəcəyimizdən, Azərbaycanın Qarabağ erməniləri üçün nə dərəcədə cəlbedici olmasından asılı olacaq.

- Azərbaycan-Türkiyə-Pakistan birliyindən danışdınız. Bu yaxınlarda üç ölkənin birgə təlimləri oldu. Təlimin ardınca dərhal İran öz ərazisində, Azərbaycan sərhədləri yaxınlığında təlimlərə başladı. Düzdür, beynəlxalq konvensiyalara uyğun olaraq təlim barədə rəsmi Bakı məlumatlandırılmışdı. Amma İran son 20 ildə heç vaxt bu ərazilərdə təlim keçirməmişdi. Eyni vaxtda İrandan Azərbaycana qarşı aqressiv bəyanatlar səslənməyə başladı. Digər tərəfdən, bir sıra Qərb ölkələrində də Azərbaycana qarşı qarayaxma kampaniyaları başladı. Həm də bu qarayaxma kampaniyalarında köhnə çarxların yeni qismində yayımlanmağı anons edildi. Vətən müharibəsinin, Azərbaycanın qələbəsinin ildönümü ərəfəsində bütün bunların baş verməsi təsadüfidirmi?

- Açıq demək lazımdı ki, bizim Qarabağda sülhməramlıların fəaliyyəti ilə bağlı müəyyən narazılıqlarımız, fikir ayrılıqlarımız var. Amma İran bundan uzağa gedən nəticələr çıxarıb. Mən həmişə söyləmişəm ki, İran Rusiya ilə bölgədə sinxronlaşdırılmış siyasət yürüdür. Əslində İslam inqilabından sonra İran Rusiyanın bölgədəki forpostudur. Sinxronlaşdırılmış siyasət odur ki, İran Rusiyaya baxaraq öz siyasətini müəyyənləşdirir. 44 günlük savaşda da İranın neytral qalması daha çox Rusiyanın neytrallığına bağlı məsələ idi.

- İranın 44 günlük savaşda Ermənistana müxtəlif formalarda kömək etməsi barədə də faktlar var idi...

- Bəli, amma rəsmi səviyyədə bəyanatlar səsləndirmirdilər. Bu da Rusiyaya bağlı olan məsələdir. İndi İran iqtisadi baxımdan kritik dövr yaşayır. Pandemiyaya qarşı effektiv mübarizə apara bilmirlər, iqtisadiyyat faktiki çöküb, sanksiyalar öz mənfi təsirini göstərir. İrana investisiya qoyuluşu demək olar ki yoxdur. İranda bəzi dairələr Qərbdəki erməni diasporunun gücündən istifadə etmək, Qərbdə münaqişənin bitməsində maraqlı olmayan dairələrin könlünü oxşamağa çalışırlar. Amma bu, çox primitiv yanaşmadır. ABŞ-ın İrandan gözləntiləri tam başqadır. Xüsusilə ABŞ-ın İranın nüvə proqramı ilə bağlı gözləntisi tam fərqlidir. İranın İsrailə qarşı yürütdüyü siyasət, Qərb, xüsusən ABŞ tərəfindən qəbul olunmur. Ona görə də bu tipli addımlar atmaqla İran olsa-olsa Azərbaycanla münasibətləri bir qədər də zədələyə bilər. İranın keçirdiyi təlimlərlə də Azərbaycanı qorxutmaq mümkün deyil. Hamı nəzərə almalıdır ki, söhbət 20-25 il qabaqkı dövrdən getmir. Güney Azərbaycanda milli şüur oyanmaqdadır, söhbət 40 milyon insandan gedir.

İran hakimiyyəti din pərdəsinə büküb saxlayır. Ermənistana dəstək isə faktiki surətdə o pərdəni cırır, o ideoloji silahını əlindən alır, xalqın gözündən salır.
- Yeri gəlmişkən, bizim dindarların bu mövzuda mövqeyi sizi qane edir?

- Açığı, Şeyxülislam Allahşükür Paşazadənin çoxlu sayda müraciətlərdən sonra Ərdəbil məscidinin imam-cüməsinin dediklərinə münasibət bildirdiyini gördüm. Düşünürəm ki, ona deyil də, Təzəpir məscidinin mollası cavab versəydi, daha doğru olardı. Şeyxülislam İranın dini liderinə cavab versə, yaxşı olar, çünki Şeyxülislam da bizim dini liderdir. Amma müraciətləri nəzərə alaraq, Şeyxülislam açıqlama verdi. Hesab edirəm ki, bu, samballı açıqlama idi.

İranda sabitliyin və bütövlüyün qarantı Azərbaycanla dost olmaqdır. Azərbaycan İrana qarşı həmişə dost siyasət yürüdüb. Azərbaycanda bütün siyasi partiyalar, kiçik istisnalar ola bilər, hamı istəyir ki, İranla çox yaxşı, dost münasibətlərimiz olsun, ticarət əlaqələrimiz inkişaf etsin, hər iki ölkə yaxın qonşuluq siyasətindən faydalansın. Azərbaycan heç vaxt imkan verməyib ki, ərazisindən İrana qarşı kimsə istifadə etsin. Dəfələrlə də bəyan edib ki, bundan sonra da bu siyasət davam edəcək. Amma görünür ki, bir çox hallarda bəzi İran rəsmiləri bunu doğru qiymətləndirə bilməyiblər.

OXŞAR XƏBƏRLƏR

Bu universitetdətəkrar ali təhsilə qəbul sayı2,5 dəfə artdı

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2024/2025-ci tədris ili üzrə təkrar ali təhsilə qəbulun nəticələri açıqlanıb.   Sfera.az xəbər verir...

Ermənistan rəhbərliyinin COP29 iştirak etməməsi sülh prosesinə necə təsir edəcək? - AÇIQLAMA

“Ermənistan rəhbərliyinin COP29 tədbirində iştirak etməməsi sülh prosesinə mənfi təsir etməyəcək”.   Bunu Sfera.az-a açıqlamasında polito...

Baş nazir QƏRAR İMZALADI

Nazirlər Kabineti “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın təsdiq edilməsi haqqınd...

Gələn il Xankəndi və Ağdərədən büdcəyəgəlirlər daxil olacaq

İşğaldan azad olunmuş ərazilərimiz ölkə iqtisadiyyatına yenidən inteqrasiya olur.   Sfera.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin...

İsraillə müharibə Livana milyardlarla dollara BAŞA GƏLİB

İsraillə müharibə Livana 20 milyard dollara başa gəlib.   Sfera.az xəbər verir ki, bunu Livanın iqtisadiyyat naziri Amin Salam deyib.   Mə...

COP29 iştirakçıları viza və akkreditasiya sistemindən niyə razı qaldı? - Detallar AÇIQLANDI

COP29 tədbirində on minlərlə nümayəndə qeydiyyatdan keçib.   Sfera.az xəbər verir ki, bunu Akkreditasiya və Viza Departamentinin direktoru Fidan Yusu...