"Prezidentin bu Fərmanı Ermənistan üçün məcburi xarakterli “müalicə” tədbiridir..."
Müsahibə
16:59 / 09.07.2021
2837
Sfera.az Milli Məclisin deputatı Ülvi Quliyevin Moderator.az-a müsahibəsini təqdim edir.
- Son vaxtlar Ermənistan müxtəlif istiqamətlərdə atəşkəsi pozur. Sizcə, müharibədə məğlubiyyətə məruz qalan Ermənistanın təxribatları davam etdirməkdə məqsədi nədir?
- Bədnam qonşularımızın xisləti tarixən bizlərə məlumdur. Xüsusən, son 30 ildə ermənilərin dinc qonşuluq münasibətlərimizi nifrət və kəsdikləri çörəyə xəyanətlə zəhərləməsi də həqiqətdir. Bu illər ərzində Ermənistanın hərbi təcavüzünə, saysız-hesabsız siyasi-hərbi təxribatlarına məruz qalmağımız da danılmaz faktdır. Ona görə də bilməliyik ki, adətən, ermənilər bu cür təxribatlarda yalnız bir məqsədi güdmürlər, bir neçə hədəfləri olur. Adəti üzrə o da mümkündür ki, bu təxribatların arxasında təkcə Ermənistanın öz marağı və öz niyyəti dayanmasın. Zənnimcə, son təxribatlarda, atəşkəsin pozulmasında əsas məqsəd münaqişənin bitmədiyi qənaətini dünya birliyinə təlqin etmək və himayədarlarının əlinə süni fürsət imkanı verməkdir. Zatən, bunların tarixi uydurmalar və miflər üzərində qurulub. Təəccüblü deyil ki, davranış və təxribatları da yalnız uydurma, qondarma səbəblərə söykənir və hələ də yaşatdıqları xam xəyallardan irəli gəlir. O da maraqlıdır ki, Prezident İlham Əliyevin ABŞ Prezidenti Co Baydenə Müstəqillik Günü ilə bağlı iyulun 3-də göndərdiyi təbrik məktubundan sonra Ermənistan atəşkəsi bir neçə dəfə pozdu, ölkəmizi təxribata çəkməyə cəhd etdi. Prezident İlham Əliyevin təbrik məktubunda vurğuladığı əsas məqamlardan biri məhz münaqişənin bitməsi və regionda yeni geosiyasi reallığın yaranması ilə bağlı idi. Ermənistanda məlum siyasi qüvvələr, xaricdəki havadarları və erməni lobbi mərkəzləri bu reallığı çətinliklə həzm edirlər. Çünki, illər boyunca özlərinə və dünyaya aşıladıqları miflər 44 günlük Vətən müharibəsində puç oldu, iflasa uğradı. Ermənistan aradabir atəşkəsi pozmaqla həm də ona ümid edir ki, fəaliyyəti dövründə tərəfsizlik prinsipinə əməl etməmiş himayədarlarının təmsil olunduğu vasitəçilik institutunu reanimasiya edə bilər. Başqa bir səbəb, KTMT-nin fəallığına və açıq müdaxiləsinə nail olmaq, bu hərbi blokun hansı mövqedə dayandığını və reaksiyasını erməni cəmiyyətinə göstərməkdir. Növbəti hədəf müharibədəki ağır məğlubiyyətdən sonra erməni cəmiyyətini düşdüyü ictimai apatiya və psixoz vəziyyətindən, ümidsizlik və məğlubiyyət sindromundan çıxarmaqdır. Amma, dediyim kimi, fikrimcə, əsas məqsəd münaqişənin hələ də davam etdiyi görüntüsünü yaratmaqdır. Başqa məqsədləri də ola bilər, lakin onların hər biri xəstə təxəyyülün məhsuludur, çünki heç biri reallığı əks etdirmir və müharibənin nəticəsini dəyişmək gücündə deyil.
- Belə çıxır ki, Ermənistandan başqa təxribatları da gözləməliyik?
- Nəinki biz, hətta dünyanın böyük gücləri erməni xislətini və düşüncə tərzini qısa müddətdə, yaxın gələcəkdə dəyişmək imkanında deyil. Amma cinayət hüququnda bir cəza tədbiri nəzərdə tutulur. Cinayətkar islah olunmayanda və bu, spesifik xəstəliklərlə, o cümlədən psixozla,psixiatriya ilə bağlı olanda, ona qarşı məcburi qaydada tibbi xarakterli tədbirlər tətbiq olunur. Bu, cinayət hüququdur. Beynəlxalq hüquqda isə, cinayətkar, Ermənistan kimi işğalçılıq siyasətini yürüdən və hətta konstitusiyasında başqa dövlətə- qardaş Türkiyəyə qarşı ərazi iddiasını nəzərdə tutan ölkələr sərt beynəlxalq qınağa məruz qalmadıqda, azğınlaşırlar. Belələrinə imkan verilməməli idi ki, BMT kimi mötəbər təşkilatın qətnamələrinə 27 il ərzində saymamazlıq göstərə bilsin və bu davranışına böyük gözlərin yumulduğunu görüb bundan həvəslənsin, daha da azğınlaşsın. Dünyada görməməzlik təcrübəsinin mövcud olduğuna, hətta bəzən işğalçıya açıq-aşkar himayədarlıq və havadarlıq edildiyinə görə, Prezident İlham Əliyev və qardaş Türkiyənin Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Müttəfiqlik haqda tarixi Şuşa Bəyannaməsini imzaladılar. Prezidentimizin XXIV Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına iyulun 8-də ünvanladığı müraciətdə vurğuladığı bu fikirlər həm Ermənistan və onun himayədarlarına, həm də bütövlükdə dünya birliyinə göndərilən növbəti mesajdır: "Yeni geosiyasi reallığın ən böyük təntənəsi isə Şuşa Bəyannaməsidir. Bu tarixi sənəd Azərbaycanla Türkiyə arasında qardaşlıq, dostluq, tərəfdaşlıq münasibətlərini müttəfiqlik statusunda rəsmiləşdirdi. Bu təhlükəsizlik və sülhə yüksək zəmanət sənədi Cənubi Qafqaz daxil olmaqla bütövlükdə Avrasiya üçün strateji əhəmiyyət daşıyır”.
"Azərbaycan Resbublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbayvan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli Fərmanı isə yeni geoiqtisadi və geosiyasi reallığı əks etdirməklə yanaşı, həm də Şuşa Bəyannaməsinin məntiqi davamı və tarixi ədalətin növbəti təsdiqidir. Bu Fərmanla yaradılan 14 iqtisadi rayon arasında Şuşa, Xankəndi, Xocalı və Xocavəndin də daxil edildiyi Qarabağ, eləcə də Şərqi Zəngəzur iqtisadi rayonları yer alır. Prezidentimiz Şuşa Bəyannaməsini imzaladığı andan bilirdik ki, bu Bəyannamənin əks-sədasını istəyənlər də, istəməyənlər də uzun illər duymalı olacaqlar. Şuşa Bəyannaməsindən sonra verilən Prezident Fərmanı, hesab edin ki, uzun illər ölkəmizə qarşı işğalçılıq siyasəti yürütmüş və təxribatlarından hələ də əl çəkməyən Ermənistan üçün məcburi xarakterli "müalicə” tədbirləridir. Bu, həm də Ermənistanın qısa müddətdə sağlamlaşmasına imkan verməyənlərə növbəti mesajdır. Atalar misallarımızdan birində deyilir ki, ilan ulduz görməsə, ölmür. Ay-Ulduzumuz gücünü, nəyə qadir olduğunu bir dəfə göstərdi. Onunla yenidən qarşılaşmamaq üçün, Ermənistan da canını qurtarmaq xatirinə öz yuvasından kənara çıxmamalıdır. Baxmayaraq ki, o yuva da onun öz doğma yuvası deyil.
- Ülvi müəllim, sosial mediada, xüsusən də Youtube kanallarında radikal müxalifətin bəzi nümayəndələri Prezidentin 7 iyul tarixli Fərmanının əhəmiyyətini kiçiltməyə çalışırlar. Sizcə, ümummilli maraqlarımıza xidmət edən bu tarixi addımı görməməzlik nədən irəli gəlir?
- Dediyiniz şəxslər ümummilli maraqlarımıza xidmət edən addımları nədən qiymətləndirmirlər, bunu deyə bilmərəm, özlərindən soruşmaq lazımdır. Prezident İlham Əliyev həmin Fərmanı məhz iyulun 7-də -Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradıldığı gün imzaladı. Əgər bunun nə demək olduğunu da dediyiniz şəxslərə izah etməyə ehtiyac yaranırsa, deməli, bunun adı nə müxalifətçilikdir, nə də radikallıq. Bu, heç siyasi qısqanclıq da demək deyil. Tərəzinin bir gözündə ümummilli maraqlarımız ağırlıq təşkil etdiyi halda, kimsə bu reallığı görmürsə, yaxud dayaz təhlili ilə ona kölgə salmağa cəhd edirsə, bunun adı müxalifətçilik ola bilməz. Bilirsiniz, biri var məşhur nağıl qəhrəmanlarımız, hansılar ki, həyat nişanəsinin harada olduğunu ayırd etmək üçün it hürən tərəflə işıq gələn səmt arasında seçim etməkdə çox vaxt çətinlik çəkir və sonda yanlış qərar verirlər. Bir də var real həyatımızın qəhrəmanı, hansı ki, rəhbərlik etdiyi dövlətə və xalqa tarixi Qələbə sevincini, milli qürur hissini yaşadıb. Şuşa Bəyannaməsinə və 7 iyul Prezident Fərmanına imzasını qoymaqla tarixi keçmişimizlə ölkəmizin təhlükəsiz, daha rifahlı, böyük gələcəyi arasında körpü salıb. Xalqımız, həqiqətən də, çox müdrikdir. Ona görə də, kiməsə cəmi bir il, kimə isə 18 il özünə rəhbərlik etmək üçün etimad göstərir. Göstərdiyi etimad bu illər ərzində özünü doğrultduğu, seçdiyi dövlət başçısının sözü ilə əməl və niyyəti hər zaman üst-üstə düşdüyü üçün, xalqımız başqa seçim üzərində düşünməyi belə özünə yaxın buraxmır. Bu, o demək deyil ki, cəmiyyətimizdə problem və narahatlıqların hamısı həll olunub. Lakin xalqımız bilir və inanır ki, onların da həlli üçün Vətən sevgisinə və ümumxalq etimadına arxalanan Prezidentinin sarsılmaz siyasi iradəsi mövcuddur. Böyük dövlət xadimi Uinston Çörçillin müdrik kəlamlarından birini yada salmaq istəyirəm: "Dövlət xadiminin siyasi xadimdən fərqi odur ki, siyasətçi gələcək seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri düşünərək fəaliyyət göstərir”. Azərbaycan xalqı Prezident İlham Əliyevin Dövlət Xadimi keyfiyyətlərini real həyatda gördüyünə və buna əmin olduğuna görə bilir və inanır ki, Qarabağı qaytardığımız, məcburi köçkün tək ağır ifadəni leksikonumuzdan çıxardığımız və milli qürurumuzu qoruduğumuz kimi, yenidən qurulan Qarabağda daha abad və daha gözəl şəraitdə yaşayacaq, bu yolda üzləşdiyimiz və üzləşə biləcəyimiz bütün çətinliklər də xalq-iqtidar birliyi hesabına daha asan dəf ediləcək. Vətən sevgisi, qarşılıqlı inam və tarixi dəyərlərimizə hörmət əsasında yaşayan, tarixi ədaləti bərpa edə bilən Azərbaycanımızı daha işıqlı sabahların, daha rifahlı günlərin gözlədiyinə əminəm.