Mərkəzi Bank istehlak krediti götürənlərə gözlənilən dəstəyi vermədi - ŞƏRH

Mərkəzi Bank istehlak krediti götürənlərə gözlənilən dəstəyi vermədi - ŞƏRH

Mərkəzi Bank koronavirus pandemiyası şəraitində əhalinin və biznesin dəstəklənməsi istiqamətində əlavə tədbirlər barədə qərar qəbul edib. Həmin qərarda əhalini maraqlandıran güzəştlər istehlak kreditləri ilə bağlıdır. Əhalinin götürdüyü kreditlərin təxminən 90 faizi istehlak məqsədilə alınan kreditlərdən ibarət olduğundan insanlar bu növ kreditlərə hansı güzəştlərin veriləcəyi ilə maraqlanırdı.

 

Mərkəzi Bankın qərarından görünür ki, istehlak kreditlərindən yalnız ipoteka kreditlərinə geniş güzəşt imkanları yaradılır. Digər istehlak kreditlərində isə dəbbə pulunun hesablanması və mənfi kredit tarixiçəsinin yazılma ehtimalı aradan qaldırılır.

 

Sfera.az bildirir ki, tədbirlər planına əsasən, fiziki şəxslərə (sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan) İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına verilən ipoteka kreditlərinin restrukturizasiya imkanları yaradılacaq. Bu tədbir nəticəsində 1,1 milyard manat həcmində ipoteka krediti üzrə 23 min borcalanın faydalanması imkanı yaranacaq. Kreditlər borcalanların müraciəti əsasında restrukturizasiya olunacaq. Burada restrukturizasiya dedikdə kredit şərtlərinə yenidən baxılması nəzərdə tutulur. Bu imkan bütün ipoteka krediti götürənlərə yaradılmır. Yalnız 2020-ci ilin martın 1-nə kimi ipoteka kreditlərini vaxtlı-vaxtında ödəyən şəxslər kreditlərini restrukturizasiya etmək hüququ qazanır. Həmin şəxslər ehtiyac duyduqları halda kredit götürdükləri banka müraciət edib kreditləri 2020-ci ilin sentyabrın 30-na kimi restrukturizasiya edə bilərlər.

 

Eyni zamanda, bankların öz vəsaitləri hesabına ipoteka kreditləşməsini stimullaşdırmaq məqsədilə bu kateqoriyadan olan kreditlər üzrə risk dərəcələrinin 100%-dən 50%-dək azaldılması barədə qərar qəbul edilib.


Digər istehlak krediti götürənlər isə borcunu (əsas və ya faiz borcu) ödəməyi tam və ya qismən gecikdirərlərsə, onlara 30 sentyabr 2020-ci ilədək cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmayacaq, bu zaman kredit götürənlərin kredit tarixçəsi pisləşdirilməyəcəkdir. Bu müddət ərzində kredit təşkilatları tərəfindən əsas borc üzrə faizlərin hesablanması davam etdiriləcək və borcalanlar tərəfindən kredit təşkilatlarına ödənilməsi təmin edilməlidir.


Qeyd olunan tədbirlərin həyata keçirilməsinə şərait yaratmaq, biznes və əhaliyə maliyyə xidmətlərinin davamlılığını təmin etmək, kreditləşdirmə imkanlarının artırılması üçün banklara əvvəlki dövrlərdə toplanmış dayanıqlıq yastığından istifadə etməyə imkan yaradılması məqsədilə requlyativ yükün azaldılması istiqamətində tədbirlər nəzərdə tutulur.


Bu məqsədlə banklar üzrə məcmu kapital tələblərinin ilin sonunadək 1% azadılması nəzərdə tutulur. Eyni zamanda bankların kapitalına təzyiq yaradan bir sıra digər tənzimləyici tələblər də ilin sonunadək təxirə salınacaq.


Mərkəzi Bankın hazırladığı tədbirlərin istehlak krediti götürənləri qəne etdiyini deyə bilmərik. Bundan öncə Nazirlər Kabineti tərəfindən elan edilən Tədbirlər Planında biznes kreditləri üzrə 1,5 milyard manat həcmində dəstək verildi. Həmin dəstək proqramına görə biznes kreditləri üzrə sahibkarların aldığı kreditlərin müəyyən hissəsini dövlət ödəyəcək.

 

Mərkəzi Bankın hazırlayacağı dəstək proqramında istehlak kreditləri üzrə oxşar yanaşmanın tətbiq ediləcəyi, ən azından faiz endiriminə gediləcəyi, kredit müddətinin uzadılacağı güman edilirdi. Amma bu, baş vermədi. Yalnız senyabrın 30-na kimi kredit borcunu vaxtında ödəyə bilməyənlərə dəbbə pulunun hesablanmamasına, kredit götürənlər haqqında mənfi kredit tarixçəsinin yazılmamsına qərar verildi.

 

İstehlak krediti götürənlərə xüsusi güzəştin edilməməsinə əsas kimi bu növ krediti alanların rəsmi gəlirinin olması və həmin şəxslərə rəsmi gəlirə görə dövlətin yardım etməsi göstərildi.

 

Əslində, vəziyyət bir qədər fərqlidir. Həqiqətən də istehlak krediti götürənlərin rəsmi gəlirinin olması tələb edilir. Amma borcalanın rəsmi gəlirlə həm ailəsinin xərcini, həm də krediti qaytarması real deyil. Məsələn, ayda 500 manat rəsmi gəliri olan şəxs istehlak krediti almaq istəyir. Onun 4 nəfərdən ibarət ailəsi var və burada özündən başqa heç kimin rəsmi gəliri yoxdur. Bank həmin şəxsə 2000 min manat istehlak krediti verir və o, hər ay 200 manat borc qaytarır. Rəsmi gəlirlə hesabladıqda bu insanın ixtiyarında 350 manat qalır və ailəsi bu pulla bir ay keçinməlidir. Rellıqda 4 nəfərlik ailənin 350 manatla keçinməsi mümkün deyil. Deməli, bu ailənin başqa qeyri-rəsmi gəliri var ki, onun hesabına ailə həm kredit borcunu ödəyir, həm də aylıq xərclərini təmin edir. Karantin dövründə məhz əlavə xərclərin risk altında düşməsi ehtimalı böyükdür.

 

Mərkəzi Bankın əlavə tədbirlər haqqında qərarında da qeyd edilir ki, koronavirus pandemiyası iqtisadi aktivliyin azaldıb, biznes və ev təsərrüfatlarının gəlirlərinin aşağı düşməsinə səbəb olub. Əgər bu vəziyyətdən ev təsərrüfatlarının əziyyət çəkməsi etiraf edilirsə, onlara verilən dəstək də şəraitə uyğun olmalıdır.

 

Onun da qeyd edək ki, istehlak krediti götürənlər borcunu ödəməyi tam və ya qismən gecikdirdikdə 30 sentyabr 2020-ci ilədək güzəştin tətbiqi də risklidir. Çünki kredit götürənlərin bəziləri vəziyyətdən sui-istifadə edib kredit borclarını ödəməyi təxirə sala bilər ki, bu da banklar üçün böyük problem yarada bilər. Buna görə də ən yaxşı variant kredit ödəyənlərə müəyyən məbləğdə güzəştlər tətbiq etməklə kredit ödənişini stimullaşdırmaqdır.

 

 

 

Vasif

Sfera.az

 

 

 

OXŞAR XƏBƏRLƏR

Manat bolluğu dollara tələbi yenidən artırır - TƏHLİL

2020-ci ilin mart ayındakı dollar ajiotajından sonra ölkədə həm mart, həm də apreldə ciddi manat qıtlığı yaranmışdı. Martda pul bazasının həcmi 2,045 milyard ...

Regionlarda kredit qoyuluşu az, faizlərsə yüksəkdir - ŞƏRH

  Azərbaycanda fəaliyyət göstərən bankların regionlar üzrə verdiyi kreditin 80 faizindən çoxu Bakı şəhərinin payına düşür. Mərkəzi Bankın məlumatına əsa...

Hökumət bəzi xarici borclardan imtina edir – TƏHLİL

  "Elektrik paylayıcı şəbəkənin yenidən qurulmasına dair İnvestisiya Proqramı” çərçivəsində Asiya İnkişaf Bankının (ADB) "Azərişıq” ASC-yə ayırdığı 750 ...

Hansı ərzaq məhsulları bahalaşıb, hansı ucuzlaşıb? - STATİSTİKA

İllik müqayisədə ərzaq məhsullarının qiymətində müşahidə edilən artım 2020-ci ilin yanvar-may dövründə də davam edib. Dövlət Statistika Komitəsinin məlumatına...

Neft bahalaşır - Dövlət büdcəsinə dəyişiklik təxirə salına bilər

Azərbaycanın ixrac etdiyi neftin qiymətinin bir neçə dəfə ucuzlaşmasından və karantinlə əlaqədar qeyri-neft sektoru üzrə gəlirlərin azalmasından sonra dövlət ...

Əcnəbilərin banklarımızda olan əmanətləri azalır – SƏBƏB NƏDİR?

Azərbaycan banklarına ölkə vətəndaşları ilə yanaşı əcnəbilər də əmanət yerləşdirir. Son statistik məlumatlara əsasən banklarda əmanətlərin azalmasına təs...