Tanınmış hüquqşünas mirasla bağlı qalmaqallı məsələlərə aydınlıq gətirdi – MÜSAHİBƏ
Media
15:23 / 06.05.2022
4913
Sfera.az saytının bu dəfəki qonağı tanınmış hüquqşunas, "Ata-Hüquq” şirkətinin rəhbəri Elnur Abbaszadədir.
Müsahibəni təqdim edirik:
- Elnur bəy, müsahibə təklifimizi qəbul etdiyiniz üçün təşəkkür edirik.
- Siz sağ olun.
- Azərbaycanda fəaliyyət göstərən Vərəsəlik İnstitutun əhəmiyyəti nədir?
- Hər hansı mülkiyyəti olan, əmlakı olan (daşınar, daşınmaz) şəxsin ölümündən sonra o əmlakı onun vərəsələri arasında bölüşdürməyi təmin etmək.
- Mülki hüquqda belə bir müddəa var ki, vətəndaş mirası almaq üçün 6 aydan gec olmayaraq müraciət etməlidir. Bu qayda inkişaf etmiş dövlətlərdə də belədir?
- Şəxsin ölümündən sonra onun vərəsələri 6 ay ərzində notariusa faktiki olaraq mirası qəbul etməkləri ilə bağlı müraciət etməlidirlər. Əgər 6 aydan sonra müraciət edərlərsə, notarius o zaman imtina verir və məsələ məhkəmə qaydasında həll olunur. Ümumiyətlə, bir çox hüquq sisteminin inkişaf etmiş dövlətlərində 6 ay müddətlə bağlı qanun yoxdur, mənə elə gəlir ki, qaldırılan məsələni bizdə də bir daha gözdən keçirmək lazımdır.
- Vərəsə 7-ci ay müraciət etsə, tam olaraq nə baş verir? Bu halda vərəsənin mülki hüquqları məhdudlaşdırılmış hesab edilir?
- Mülki hüquqların məhdudlaşdırılması hesab oluna bilməz. Belə bir qayda olsaydı ki, 6 ay müraciət elədi-elədi, eləmədisə, artıq onun vərəsəlik hüququ tanınmır, o zaman məhdudlaşdırma hesab edilə bilərdi. Amma qanun vaxt müəyyən edib ki, 6 ay ərzində insanlar öz hüquqlarını bilərək notariusa müraciət etsinlər. Müraciət etmək hərhansı səbəbdən gecikəndə isə qanun icazə verir ki, vətəndaş məhkəməyə müraciət edib öz hüquqlarını məhkəmədə bərpa etsin.
- Vərəsənin bölgüsü çox zaman qalmaqallara gətirib çıxarır. Vərəsələrdən biri miras əmlaka faktiki yiyələnibsə, digəri isə, ümumiyyətlə, mirasa yaxın durmayıbsa, bu susmanın birincinin xeyrinə imtina kimi qiymətləndirilməsi doğrudurmu? Aktivləri passivlərindən çox olan miras əmlak barəsində susma nə üçün imtina hesab olunur?
- İki nüansdan biri olmalıdır, ya faktiki yiyələnməlisən ona sahib olmalısan (məsələn: ölümündən sonra ev qalıb, gedib həmin evdə yaşamalısan, sübut etməlisən ki, mən faktiki olaraq həmin əmlaka yiyələnmişəm) və ya 6 ay ərzində notariusa müraciət edirsən, bunlar artıq mirasın qəbul üsullarıdır. Digəri isə yaxın durmayıbsa, ümumiyyətlə, heç həmin miras əmlakda yaşamayıb, miras sahibinin ölümündən sonra da ora gedib gəlməyibsə, notariusa da müraciət etməyibsə, o zaman məsələ qarşı tərəfin xeyrinə ola bilər. Lakin həmin şəxs sonradan gəlib mirasdan məcburi payını da istəyə bilər. Çünki Mülki Məcəllədə mirasda məcburi pay deyilən anlayış var.
- Elnur bəy, hazırda mülki hüququn müxtəlif sahələri üzrə müraciətlərə baxarkən hansı problemlərlə qarşılaşırsınız və sizcə bu problemlərin həll yolu nədir?
- Bilirsiniz, indiki zamanda əhalinin hüquqi maariflənməsi zəifdir. Hüquq mədəniyyətinin formalaşdırılması ilə bağlı işlər aparılmır. Effektiv hüquqi müdafiə vasitələri yoxdur. Məhkəmələr və s. kimi orqanlarda bürokratiya, rüşvət və yanaşma ilə bağlı problemlər var. Son zamanlar vətəndaşların dövlət qurumlarına olan etimadı sarsılıb.
- Bir hüquqşünas kimi Mülki Məcəlləyə hansı dəyişikliklərin edilməsini vacib hesab edirsiniz?
- Belə bir təklifim yoxdur.
- Sizcə yaxşı hüquqşunas nəyi bacarmalıdır?
Fikrimcə yaxşı hüquqşunas o demək deyil ki, yalnız formal hüquq qaydalarını yaxşı bilsin və ya məhkəməyə iddia ərizəsini düzgün qaydada təqdim etməyi bacarsın. Yaxşı hüquqşünas həm də, qanunların və qaydaların mənasını izah etməyi bacarmalı, eyni zamanda hakim qarşısında özünü ifadə edə bilməlidir.
Söhbətləşdi: Gülər Hüseynli
Fotolar: Nuh Tarverdiyev
Sfera.az