Aİ ölkələri ruslara \"qızıl pasportu\" neçəyə satırlar? - QİYMƏTLƏR

Aİ ölkələri ruslara \
Rusiya-Ukrayna müharibəsi fonunda hücum edən tərəfə tətbiq olunan sanksiyalardan sonra insanlar yeni vətəndaşlıq axtarışına çıxıb. Hətta bəzi Avropa İttifaqı (Aİ) ölkələri sanksiya altındakı ölkələrdən can qurtarmaq istəyənlərə "pasport satışı" ilə məşğul olmağa başlayıb.
 
Digər tərəfdən, bir neçə gün bundan əvvəl,  Avropa Parlamenti bəzi Aİ ölkələri tərəfindən həyata keçirilən investisiya proqramları ilə vətəndaşlığın mərhələli şəkildə ləğv edilməsinə və varlı şəxslərə təklif olunan "qızıl pasport"un Aİ səviyyəsində tənzimləməsinə çağırıb.
 
"Bu cür sxemlər Avropanın təhlükəsizliyi və demokratiyası üçün təhlükə yaradır. "Çirkli pullar” Aİ-yə "arxa qapı” kimi istifadə edilə bilər”, –  deyə Avropa Parlamentinin deputatları qeyd ediblər. Parlamentin 595 leyhinə, 12 əleyhinə və 74 bitərəflə qəbul etdiyi qətnamədə "qızıl pasportlar”ın mərhələli şəkildə ləğv edilməsi qeyd olunub.

Sfera.az bildirir ki, Avropa Parlamentinin üzvləri 2014-cü ildən bəri "qızıl pasport” sxeminin dayandırılmasını tələb etsə də, bu məsələ Rusiyanın Ukraynaya müdaxiləsi kontekstində daha çox aktuallaşıb - bu yolla Aİ ölkələrində hüquq əldə edən Rusiya vətəndaşlarının sayı artıb. Hazırda üç Aİ ölkəsi - Bolqarıstan, Kipr və Malta sözügedən şəxslərə maliyyə sərmayəsi müqabilində vətəndaşlıq təklif edir. Lakin Bolqarıstan, bunu dayandırmaq üçün hökumət təklifini nəzərdən keçirir, Kipr yalnız 2020-ci ilin noyabrından əvvəl təqdim edilmiş ərizələrə baxır, Malta isə Rusiya vətəndaşlarının müraciətlərinə baxılmasını dayandırıb.

Bəs başqa hansı ölkələr "qızıl pasport” verir və hansı şərtlərlə?

Məlumata görə, qeyd edilənlərdən əlavə, 12 Aİ ölkəsi - Kipr, Estoniya, Yunanıstan, İspaniya, Macarıstan, İrlandiya, İtaliya, Latviya, Lüksemburq, Malta, Hollandiya və Portuqaliya da "qızıl pasport” adlanan investisiyalar əsasında yaşayış icazəsi verir. Hər bir milli sxemdə minimum investisiya tələbləri ilə bağlı fərqli qaydalar var. Məsələn,  pasportun qiyməti Latviyada 60 000 avro ilə Hollandiyada 1,25 milyon avro arasında dəyişir - bunlar əmlak mülkiyyəti və ya ictimai layihələrə töhfələr vasitəsilə ola bilər. Yaxud Karib dənizindəki kiçik ölkə olan Dominika, hökumətin İqtisadi Diversifikasiya Fonduna fiziki şəxs üçün 100 000 ABŞ dolları və ya dörd nəfərlik ailə üçün 200 000 ABŞ dolları məbləğində ödəniş etməklə və ya minimum 200 000 ABŞ dolları dəyərində daşınmaz əmlaka investisiya etməklə vətəndaşlıq təklif edir. Avstriya, Bolqarıstan, Kipr və Maltada həyata keçirilən Avropa CBI/RBI proqramları bazarın ən yüksək nöqtəsini təmsil edir. "Transparency İnternational” təşkilatının hesabatına görə, bu ölkələr üçün vətəndaşlığın orta dəyəri təxminən 1 milyon dollardır.
Sərmayə yolu ilə vətəndaşlıq təklif edən Aİ ölkələri adətən ərizəçilərdən və ya onların mənşə ölkələrindən təmiz cinayət qeydləri tələb edir. Lakin Malta "səlahiyyətli orqan belə bir sertifikatın əldə edilməsini qeyri-mümkün hesab etdiyi halda” tələbdən imtina edə bilər. Avropa Parlamentinin araşdırmasına görə, 2011-ci ildən 2019-cu ilə qədər bu sxemlərlə bağlı ümumi investisiya 21,4 milyard avro təşkil edib. Belə proqramlar çərçivəsində 42 180 vətəndaşlıq və ya yaşayış yeri ilə bağlı müraciət təsdiq edilib və müraciət edənlərin ailə üzvləri də daxil olmaqla, 132 000-dən çox insan bundan faydalanıb.

Aİ vətəndaşlığının hansı üstünlükləri var?

Bir Aİ ölkəsinin vətəndaşlığını almaq, əlbəttə ki, 27 üzv dövlətin hamısında yaşamaq və işləmək azadlığı deməkdir - ona görə də bir ölkənin pasport siyasəti üzv dövlətlərin hər birinə təsir edir. Üstünlüklərə digər Aİ ölkələrinə köçmək, vahid bazarda iqtisadi fəaliyyət göstərmək, yerli və Avropa seçkilərində səs vermək və namizəd kimi iştirak etmək, Aİ hüdudlarından kənarda konsulluq mühafizəsi almaq və dünyanın bir çox başqa dövlətlərinə vizasız səyahət etmək hüququ daxildir.

Günay Rəsulqızı
Sfera.az

 

OXŞAR XƏBƏRLƏR