Sanksiyalar effekt vermir? – Rusiyada dollar 30 faiz ucuzlaşıb

Sanksiyalar effekt vermir? – Rusiyada dollar 30 faiz ucuzlaşıb
Sanksiyalardan sonra artıq 10 gündür ki, Rusiyada dolların ucuzlaşması müşahidə edilir. 
 
Sfera.az xəbər verir ki, sanksiyaların tətbiqinə başlanmasından qısa müddət sonra Rusiyada dollar sürətlə bahalaşaraq martın 7-də 153 rubla yüksəlmişdi. 
 
Lakin Rusiya Mərkəzi Bankının faizləri təxminən 2 dəfə artırmasından və xarici valyuta satışlarının, o cümlədən ölkədən valyuta çıxışlarının məhdudlaşdırılmasından sonra dollar ucuzlaşdı. 
 
Son 10 gündə dollar rubla qarşı 30 faizə yaxın məzənnə dəyəri itirib. Bu gün birjalar açılanda da ucuzlaşma davam edib və dolların kursu daha 1,7 faiz enərək 108,2 rubla düşüb. 
 
Dolların ucuzlaşmasına baxmayaraq ABŞ valyutası müharibədən öncəki dövrlə müqayisədə hələ də xeyli bahadır. Müharibədən əvvəl bir dolları 75-76 rubla almaq mümkün idi. Lakin indi dolların dəyəri 33 rubl və ya 44 faiz yüksəkdir. 
 
Qeyd edək ki, bu məzənnə Mərkəzi Bank tərəfindən elan edilən məzənnədir. Lakin Rusiyada yaşayan və bizneslə məşğul olan şəxslər bu məzənnə ilə dollar tapa bilmirlər. Xarici sanksiyalardan sonra Rusiya Mərkəzi Bankı və Maliyyə Nazirliyi dollar, avro, funt sterlinq ilə əməliyyat aparılmasını xeyli çətinləşdirib. İnzibati yollarla həyata keçirilən bu tədbirlərdən sonra dollara, avroya və funt sterlinqə tələb xeyli aşağı düşüb.  

Vasif

 

OXŞAR XƏBƏRLƏR