Soyuqqanlı, çevik, inadkar, küsəyən... - Bəs siz hansı temperament tipinə aidsiniz?

Soyuqqanlı, çevik, inadkar, küsəyən... - Bəs siz hansı temperament tipinə aidsiniz?

Psixoloqlar insanı daha yaxından tanımaq üçün onun hansı temperament tipinə mənsub olduğunu aydınlaşdırmağı məsləhət görürlər. Temperament sözünün latın dilində hərfi tərcüməsi “hisslərin lazımi qarşılıqlı nisbəti” deməkdir. İlk dəfə yunan həkimi Hipokrat bu ifadədən istifadə edib.

 

Temperament dedikdə o, insanın həm fizioloji, həm fərdi-anotomik fizioloji, həm də psixioloji xüsusiyyətlərini nəzərdə tutub. Hipokratın temperament tiplərinə verdiyi  (sanqvinik, xolerik, fleqmatik və melanxolik) adlar müasir psixologiyada işlənilməkdədir. Temperament xüsusiyyətlərini düzgün xarakterizə etmək üçün bir sıra məqamlara diqqət yetirmək lazımdır.

 

Psixi fəaliyyətin dinamik xüsusiyyətləri çoxdur. Onlar təkcə temperamentlə deyil, həm də fəaliyyətin motivləri, insanın adətləri və situasiyanın tələbləri ilə şərtlənir.

 

Sanqvinik temperamentdə olan insanlar diqqətini cəlb edən hər şeyə reaksiya verirlər. Yüksək fəallığa malik olduqlarına görə işgüzar olurlar. Həmişə birinci olmağa çalışırlar və yorulmadan uzun müddət işləyə bilirlər. Sanqviniklər həddən artıq qayda-qanuna əməl edirlər. Hər şəraitə tez adaptasiya olurlar və insanlarla tez ünsiyyətə girə bilirlər. Bu tip insanlar emosional, zirək və çevik olurlar. Onların maraqları qeyri-sabit olur. Məhz bu baxımdan böyük həvəslə başladıqları işdən həvəssiz şəkildə əl çəkirlər. Bu tip insanlar təsir altına tez düşürlər.

 

Xolerik olan insanlar isə həddən artıq hövsələsiz olurlar. Onlarda öz maraqlarını həyata keçirmək üçün yüksək cəhd, inadkarlıq, dözümlülük mövcud olur. Başladıqları işi sona qədər yerinə yetirməyə meyilli olurlar. Həmişə istənilən məsələyə birinci reaksiya verənlər sırasındadırlar. Ətraflarındakı insanlarla asanlıqla yola gedə bilmirlər və ona görə də tez-tez münaqişəyə girirlər .Düşdükləri yeni mühitə uzun müddət alışa bilmirlər.

 

Fleqmatik insanlar isə özlərini hər yerdə sakit aparırlar və həddindən artıq soyuqqanlıdırlar. Başladıqları hər işi sona qədər yerinə yetirirlər. Yeni mühitə çətinliklə öyrəşirlər. Təkliyi sevirlər və vərdiş və adətləri gec-gec dəyişir. Olduqca işgüzar olurlar. Dözümlü və özlərini ələ ala bilən xüsusiyyətləri ilə seçilirlər. Onları asanlıqla özlərindən çıxara bilmirlər. Sakit və təmkinli olurlar. Bu tip insanlar mehriban və istiqanlı olurlar.

 

Melanxolik insanlarda həssaslıq həddindən artıq yüksək olur. Adi bir davranışdan tez təsirlənirlər və çox küsəyəndirlər. Onlarda özlərinə inam hədsiz dərəcədə aşağı olur. Çox tez ruhdan düşürlər. Münasibətdə ən kiçik diqqətsizlikdən belə tez inciyirlər. Başladıqları işi yarımçıq qoymaq adətləridir.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR