Hər il yüzlərlə transseksual qadın olmaq üçün bu ölkəyə üz tutur - Aşağı xidmət, ucuz qiymət... - FOTOLAR

Hər il yüzlərlə transseksual qadın olmaq üçün bu ölkəyə üz tutur - Aşağı xidmət, ucuz qiymət... - FOTOLAR

Son onilliklərdə dünyada transseksualların sayının sürətlə artması müşahidə edilir. Bəzi ölkələr cinsini dəyişmək istəyən şəxlərə hüquqi maneələr yaratsa da, bəzilərində bununla bağlı hər hansı qadağa yoxdur, hətta bəzilərində müvafiq tibbi xidmətlər də təşkil edilir. 


Sfera.az CNN-ə istinadən xəbər verir ki, cinsini dəyişmək istəyənlərə şərait yaradan ölkələrdən biri də Tailanddır. Tailandın paytaxtı Baqkokda bu cür əməliyyatlar keçirən çoxlu iri və xırda xəstəxanalar var. Hər il Asiyadan və daha uzaqlardan yüzlərlə transseksual qadın öz cinsi kimliyini əldə etmək ümidi ilə bu şəhərə üz tutur. Banqkok klinikalarına müraciət edənlərin sayının artmasının səbəbi burada həm də qiymətlərin çox aşağı olmasıdır.   


CNN Filippindən Banqkoka gələn və əməliyyat olunan 29 yaşlı Bianka Balala adlı şəxlə bağlı reportaj hazırlayıb. Həmin reportajda bir oğlanın transseksual qadına çevrilməsini əks etdirən proses təsvir edilir. 


Həmin reportakı ixtisarlarla təqdim edirik:


Banqkokdakı Pratunam Poliklinikası artıq dolu idi. Onsuz da darısqal olan qəbul sahəsinin çox hissəsini plastik stulların üstündə oturan qadınlar tuturdu. 
Klinika sahibinin dediyinə görə, hər il Asiyadan və daha uzaqlardan yüzlərlə transseksual qadın onlara müraciət edir. Filippinli 29 yaşlı Bianka Balala da onlardan biridir. 


Balala illərlə topladığı pullarını götürüb Filippinin cənubundakı kənddən Banqkoka 12 saatlıq yolu qət edib. O, Banqkoka çatdıqdan sonra Pratunam Poliklinikasında qeydiyyatdan keçib və əməliyyat üçün növbə götürüb. Onun növbəsi dörd gündən sonra çatacaq.


Növbəsi çatan Balalanı avadanlıqları köhnə olan poliklinikada pəncərəsiz əməliyyat otağına aparırlar. O, köhnə əməliyyat masasına uzandıqdan sonra, qolları biləklərindən yuxarı kürəyinin altına üfüqi şəkildə yerləşdirilmiş dar taxtaya bağlanır. Balala CNN-ə bildirib ki, kiçik əməliyyat otağı təsadüfi əşyalarla doldurulub və döş implantlarının boş qutuları tavana qədər yığılıbmış. Bu mənzərə onu "şok edib" çünki bura əməliyyat otağına bənzəmirmiş.

 

Pratunam Poliklinikası 1988-ci ildən cinsiyyətin təsdiqlənməsi və kosmetik prosedurlar, o cümlədən döş böyütmə, burun əməliyyatları və cinsiyyət orqanları ilə bağlı əməliyyatlar aparan ucuz klinika kimi tanınıb. 


Balala CNN-ə deyib ki, Filippindəki bir klinikada ona əməliyyat üçün 7300 dollar qiymət deyilib. Amma Pratunam Poliklinikası cəmi 2065 dollara cinsiyyətin dəyişdirilməsi əməliyyatına razılıq verib. 


Klinikanın həkimi hər il cinsiyyətin dəyişdirilməsi ilə bağlı 350 əməliyyat etdiyini deyir. Onun xəstələrinin əksəriyyəti Tailanddandır, lakin xəstələrin təxminən 20%-i Hindistan, Çin, İndoneziya, Malayziya və Filippin daxil olmaqla digər Asiya ölkələrindən gəlir. Filippin qanunlarına görə cinsini dəyişmək istəyənlərə dövlət səhiyyə xidməti göstərmir. Buna görə də özəl xəstəxanalarda olan qiymətlər çox yüksəkdir. 


Balalanın anası övladının cinsi kimliyini müəyyən etməkdə ona dəstək verib. Anası CNN-ə danışarkən Balala haqqında “o, həmişə mənim qızım olub" ifadəsini işlədib. Güclü katolik inanclarına baxmayaraq, ailə üzvləri böyüdükcə Balalanın cinsi kimliyini qəbul etməyə kömək ediblər. Hətta o, yeniyetmə ikən yerli trans gözəllik müsabiqələrində iştirak etməyə başlayıb. 


Balala deyir ki, o, bu əməliyyata qədər kişi rolunu oynamaqdan əziyyət çəkib. Əməliyyatı aparan həkim CNN-ə danışıb ki, özünü trans və ya qeyri-binar olaraq təyin edən insanların hamısı cərrahi müdaxiləyə ehtiyac duymur. Lakin bəziləri üçün fiziki bədənləri ilə cinsi kimlikləri arasındakı uyğunsuzluqdan qaynaqlanan narahatlıq ağır zehni və emosional təsir göstərə bilər. Bu səbəbdən həmin insanlar arasında intihar faktları normal insanlarla müqayisədə xeyli çox olur. 
Həkim deyir ki, bu səbəbdən o, belə əməliyyatları böyük həvəslə edir. 1998-ci ildən bəri hər gün ən azı bir vaginoplastika əməliyyatı etdiyini söyləyən həkim bir gün belə istirahət etmədiyini vurğulayıb.


Əməliyyat qiymətlərini niyə bu qədər aşağı saxladığını soruşduqda, həkim bu cür insanlara kömək etməyin əhəmiyyətli olduğunu vurğulayıb. Ucuz əməliyyat onun klinikasına xəstələrin ardıcıl axınına səbəb olur. Həkimin sözlərinə görə, bunun nəticəsidir ki, klinika həmişə gəlirli olub. “İnsanlar klinikamın görünüşünə görə deyil, bacarıqlarıma görə məni görməyə gəlir”, - deyən həkim sahib olduğu klinikada qiymətlərin digərlərindən xeyli əlverişli olduğunu bildirib. 


Əməliyyatdan sonra 3 gecəni klinikada keçirən Balala sağalmaq üçün yataqxanaya aparılıb. Yataqxana klinikadan cəmi beş dəqiqəlik məsafədə yerləşir. 
Ümumilikdə əməliyyatdan sonrakı yerləşdirmə və xəstələrə qayğı göstərmək üçün Pratunam Poliklinikasının ətrafında bir neçə xidmət müəssisəsi fəaliyyət göstərir. Onların bəziləri əvvəllər kafe və restoran olub. 


Burada bütün xəstələrə tibb bacıları xidmət göstərir və zərurət yarandıqda klinikanın həkimləri baxış keçirirlər. Bəzi əməliyyatlar yol verilən səhvlər ucbatından əməliyyat keçirənə əziyyət də verir. Bu cür hallara əməliyyat olunanların 2-17 faizində rast gəlinir. 


Amma Bianka Balala hər hansı problemlə üzləşmədən normal sağalma prosesini keçə bilib. Əməliyyatdan bir həftə sonra anasına zəng edən Balala artıq tam qadın olduğunu söyləyib.


Balala deyir ki, Tailanda çatmaq üçün üzləşdiyi çətinliklər və orada olduğu müddətdə hərdən onu əhatə edən qorxu indi yalnız dumanlı bir xatirədir: “Mən sadəcə qadın olmaq üçün deyil, azad olmaq üçün əməliyyata qərar verdim. İndi özümü tam azad hiss edirəm". 


Altay

 


 


OXŞAR XƏBƏRLƏR