Daim müzakirə mövzusu olan müqəddəs məkan - Ayasofyanın tarixi

Daim müzakirə mövzusu olan müqəddəs məkan - Ayasofyanın tarixi

Xristianlar və müsəlmanlar tərəfindən müqəddəs sayılan 15 əsrlik Ayasofya ilə bağlı müzakirələr bir ara səngimək bilmirdi. Muzey statusuna malik olan müqəddəs məkan 2020-ci ildən məscid kimi də ibadət üçün açıqdır.


Bəs görəsən, Ayasofya niyə bu qədər əhəmiyyətli və illərlə müzakirə olunan binadır?


Sfera.az bu barədə ətraflı məzmunda yazı təqdim edir.
 

Təxminən 1500 il əvvəl tikilmiş və YUNESKO-nun Dünya İrs Siyahısına düşən Ayasofya simvolik dəyərlərinə görə dəfələrlə siyasi müzakirələrin mərkəzində olub.
 

İstanbulun fəthinin 567-ci ildönümü münasibətilə təşkil edilən tədbirlər çərçivəsində təqribən 85 il muzey kimi ziyarətçilərin üzünə açıq olan Ayasofyanın statusu ilə bağlı müzakirələr, 2020-ci ildə oxunan “Fəth” surəsi ilə yenidən alovlanıb.
 

Muzeyin statusunun dəyişdiriləcəyinə dair siqnallar başda Yunanıstan rəhbərliyi olmaqla xarici dünyanın reaksiyasına səbəb olub.
 

Danıştay, Nazirlər Şurasının 1934-cü il qərarını ləğv edərək, Ayasofyanın məscidə çevrilməsinə zəmin yaradıb.


360-cı ildə Bizans imperatoru İkinci Konstantin tərəfindən açılan kilsənin taxta damı 404-cü ildə yanıb. İlk dəfə o dövrdə əsaslı təmirdən keçən kilsə, Bizans imperatoru I Yustinianın əmri ilə aparılan tikinti işlərindən sonra 532-537-ci illər arasında indiki şəklini almışdır.
 

Bizans mühəndisi Milet İsidor və riyaziyyatçı Tralles Anthemius yeparxiyanın mərkəzi olan və Bizans İmperiyası üçün böyük əhəmiyyət kəsb edən kilsənin inşasında məsul idilər. Tikintidə 10 mindən çox işçi çalışıb.
 

Kilsənin tikintisi 5 il 10 aya başa çatdırılmış və Bizans tarixçiləri onun o dövrdə dünyanın ən böyük tikilisi olduğunu yazmışlar. Kilsənin içindəki mozaikalar 565-578-ci illər arasında tamamlanmışdır.
 

1204-cü ilə qədər müxtəlif zəlzələlərdən və yanğınlardan sağ çıxmış, dəfələrlə yenidən qurulmuşdur. 1204-cü ildə səlibçilər tərəfindən şərqə gedərkən ələ keçirilən kilsə bu tarixdən 1261-ci ilə qədər Roma Katolik Kilsəsinə çevrildi. 1261-ci ildə Bizanslıların İstanbulun hökmranlığını bərpa etməsi ilə Ayasofya yenidən Ortodoks Kilsəsi kimi istifadə edilməyə başlandı.


Bəs Ayasofya necə məscid oldu?
 

29 may 1453-cü ildə Osmanlı sultanı Fateh Mehmet İstanbulu alarkən, Ayasofya yaralı Bizans əsgərlərinin, qadınların və uşaqların sığınacağı idi.
 

İstanbulun Osmanlı imperiyasının əlinə keçməsindən sonra ortodoks kilsəsinin üzvləri bir neçə gün Ayasofyada ibadətlərini davam etdiriblər.
 

1453-cü il iyunun 1-də İstanbulda ilk cümə namazını qılan Fatih Sultan Mehmet Ayasofyanın Osmanlı hakimiyyəti altında məscid kimi fəaliyyət göstərəcəyini açıqlamışdı. Qurbangah və minbər tikildi, zəng və xaç götürülüb, mozaikaların üstü örtülüb.
 

Onun ilk minarəsi 1481-ci ildə tikilmişdir. Başqa bir minarə isə Fateh Mehmetdən sonra taxta çıxan Sultan II Bayezid dövründə ucaldılıb.
 

1509-cu ildə İstanbulda baş verən böyük zəlzələdə ilk minarə dağılmış və yerinə kərpicdən minarə tikilmişdir.
 

Digər iki minarə isə Sultan II Səlimin dövründə Memar Sinan tərəfindən aparılan təmir işləri zamanı tikilib. Bu səbəbdən Ayasofyanın müxtəlif dövrlərdə tikilmiş 4 minarəsi bir-birindən fərqlidir.
 

II Səlimin məzarı Ayasofyadakı ilk sultan türbəsi olub. Ayasofyada sultanlar, onların arvadları və şahzadələri də daxil olmaqla 43 fərqli məzar var.
 

Bunlardan Sultan III Murat, Sultan III Mehmet, Safiye Sultan və Nurbanu Sultan var.
 

Sultan Əhməd 1616-cı ildə Sultan Əhməd Məscidini tikdirənə qədər Osmanlı İmperatorluğunun ən böyük və ən əhəmiyyətli məscidi idi.
 

1739-cu ildə məscidə mədrəsə, kitabxana və aş evi (yeməkxana) əlavə edilib. 1847-1849-cu illərdə aparılan təmir işləri zamanı bağlanan Ayasofya sonuncu dəfə 1849-cu ildə məscid kimi istifadəyə verilib.


Cümhuriyyət dövründə nə dəyişib?
 

1923-cü ildə cümhuriyyət elan edildikdən sonra məscid kimi istifadəsinə davam etsə də, 1931-ci ildə Ayasofya bağlandı.
 

1931-ci ildə Amerika Bizans İnstitutunun qurucusu, amerikalı arxeoloq Tomas Uittemor Ayasofyadakı mozaikaları üzə çıxarmaq üçün Türkiyədəki yeni administrasiyadan icazə istədi.
 

Prezident Mustafa Kamal Atatürkün verdiyi icazədən sonra başlayan iş 15 il davam etdi və 1947-ci ildə tamamlandı.
 

İşlərə başlandıqdan bir müddət sonra artıq bağlanmış olan Ayasofya Nazirlər Şurasının 24 noyabr 1934-cü il tarixli qərarı ilə muzeyə çevrildi.
 

Ayasofya Muzeyi 1 fevral 1935-ci ildə muzey olaraq ziyarətçilərin istifadəsinə verilib. 1996-cı ildə Dünya Abidələri İzləmə Siyahısına daxil edilən Ayasofyanın günbəzi və minarələri 1997-2002-ci illər arasında Dünya Abidələr Fondunun dəstəyi ilə bərpa edilib.
 

Muzey həm də YUNESKO-nun Ümumdünya İrs siyahısındadır.
 

Müxtəlif hissələrdə zaman-zaman başlayan bərpa işləri bu gün də davam edir.
 

Türkiyənin hər il ən çox ziyarət edilən tarixi binalarından biri olan Ayasofya 2015-ci ildə 3 milyon 425 min ziyarətçi ilə Türkiyənin ən çox ziyarət edilən muzeyi olub. 2017-ci ildə bu rəqəm 1 milyon 892 minə qədər azalıb.
 

Ayasofya niyə mübahisə yaradıb?
 

Ayasofya ilə bağlı müzakirələr 2000-ci illərin əvvəllərindən bəri davam edir.
 

Ayasofya Muzeyinin rəsmi internet saytında “1936-cı il tarixli sənədə görə Ayasofya Ayasofya-ı Kəbir Məscidi Şərif adına Türbə, Akarət, Müvəkkithane və Mədrəsə adından qeydiyyata alınıb. Fatih Sultan Mehmed Vəqfi 57 xəritə üzərində, 57 ada, 7 parsel” yerləşir.
 

Muzeyin məscidə çevrilməsini tələb edənlər bu açıqlamaya əsaslanıblar. Ancaq Ayasofya bəzi istisnalarla ibadətə açıq deyil.


Ayasofyada hansı dini mərasimlər keçirilirdi?




5 iyul 1967-ci ildə İstanbula səfər edən katolik xristianların lideri Papa VI Pavel Ayasofyaya gedərək dua edib.

Bundan bir gün sonra Milli Türk Tələbə Birliyinin idarəçiləri reaksiya olaraq Ayasofya Muzeyində dua ediblər. Bu hadisədən sonra Ayasofyanın statusu ilə bağlı ilk ciddi müzakirələr olub.
 

Təxminən 25 il sonra, 1991-ci ildə Hünkar köşkü (I Mahmud dövründə Ayasofyanın əsas binasının xaricində sultanların dincəlməsi və dəstəmaz alması üçün tikilmişdir) ibadət üçün açılmışdır. 2016-cı ilin oktyabrında da buraya imam təyin edilib. Hünkar köşkündə hər gün beş vaxt namaz qılınır, bayram namazları qılınır, azan oxunur.
 

Papanın 1967-ci ildəki sonuncu səfərindən illər sonra, yəni 2014-cü ilin noyabrında İstanbul səfəri zamanı Papa Fransisk də Ayasofyaya baş çəkmiş, bərpa işləri ilə bağlı muzey müdirindən məlumat almışdı.
 

Hünkar Köşkünə imam təyin edilməzdən əvvəl 2005-ci ildə Davamlı Vəqflər, Tarixi Əsərlər və Ətraf Mühitə Xidmət Dərnəyi Nazirlər Kabinetinin 1934-cü il qərarının ləğvi və icrasının dayandırılması üçün Danıştayda iddia qaldırmışdı. Dövlət Şurası bu tələbi rədd edib.
Xristian və müsəlman muzey işçiləri üçün ibadət otağı 2006-cı ildə açılıb.
 

13 may 2017-ci il tarixində Anadolu Gənclik Dərnəyinin təşkil etdiyi qrup Ayasofya qarşısında səhər namazı qılıb.
 

21 iyun 2017-ci il tarixində Diyanət İşləri Başçılığı Ayasofyada Qədr Gecəsi proqramı təşkil edib. Proqram dövlət kanalı TRT-də canlı yayımlanıb.
 

Nəhayət, prezident Rəcəb Tayyib Ərdoğanın 2018-ci ilin mart ayında Ayasofya Muzeyində keçirilən Yeditəpə Biennalesinin açılış mərasimindəki çıxışından əvvəl Quran oxunub.
 

Son hadisələr pravoslav dünyasında reaksiya ilə qarşılanarkən, Davamlı Vəqflər Tarixi Əsərlər və Ətraf Mühitə Xidmət Dərnəyi Ayasofyanın ibadət üçün açılmasını tələb edib.
 

2018-ci ilin oktyabrında Konstitusiya Məhkəməsi assosiasiyanın tələbini rədd edib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR