İnformasiya kommunikasiya texnologiyaları nağdsız ödənişlərə keçidi sürətləndirdi

İnformasiya kommunikasiya texnologiyaları nağdsız ödənişlərə keçidi sürətləndirdi

Azərbaycanda nağdsız ödənişlər sisteminin inkişaf etdirilməsi Mərkəzi Bankın və hökumətin qarşısında dayanan əsas vəzifələrdən biridir. Nağdsız ödəniş sisteminin inkişafı bir tərəfdən kölgə iqtisadiyyatının miqyasının kiçildilməsinə imkan yaradır, digər tərəfdən iqtisadi proqnozlaşdırılmanın düzgün aparılmasına, statistik məlumatların səhihliyinə kömək edir ki, bunlar da nəticə etibarilə iqtisadi inkişafa dəstək verir. Bu baxımdan nağdsız hesablaşmaların inkişafı dövlət üçün həm təhlükəsizlik, həm də iqtisadi məsələ kimi önə çıxır.


Sfera.az bildirir ki, Azərbaycanda nağdsız ödənişlərin inkişafını informasiya kommunikasiya texnologiyalarının (İKT) inkişafı hesabına təmin etmək mümkün olub. Əgər İKT-nin hazırki inkişaf imkanları olmasaydı, qeyri-nağd ödənişlər sistemini qurmaq, ondan istifadəni genişləndirmək mümkün olmayacaqdı. Ona görə də ölkəmizdə nağdsız ödənişlərin inkişafı əslində İKT-nin inkişafı anlamına gəlir.

Nağdsız ödəniş dedikdə əslində elekton ödəniş sistemləri vasitəsilə ödəniş, əməliyyat nəzərdə tutulur. Təcrübə göstərir ki, elektron ödəniş sistemi ümumi işin yüngülləşdirilməsinə, ödənişlərlə bağlı dövlətin çəkdiyi xərcin minimuma enməsinə xidmət edir. Nağdsız ödənişlər pul nişanlarından istifadə etmədən pul vəsaitlərinin bir bank hesabından digər bank hesabına köçürülməsi vasitəsilə həyata keçirilən hesablaşmadır. Qeyri-elektron sistemdə isə bütün ödənişlər qiymətli kağızlar, əskinazlar və xüsusi sənədlər vasitəsilə həyata keçirilirdi. Belə bir sistem ödəniş həyata keçirənlərin hər dəfə ciddi xərcə düşməsinə səbəb olurdu. Çəkilən xərclər həm iri hesablaşmaların həyata keçirilməsi zamanı yaranırdı, həm də ümumən ölkə üzrə nağd ödənişlər zamanı baş verirdi.


Nağdsız ödənişlər dövlətin daha tez-tez pul çapına məcbur edir. Çünki iri əməliyyatlar və yığımlar əskinazlarla həyata keçirildiyindən çap edilərək dövriyyə buraxılan əskinazlar faktiki olaraq dövriyyədən çıxarılırdı. Buna görə də dövlət hər dəfə əlavə vəsait ayıraraq pul çap etməyə məcbur qalırdı. Amma nağdsiz ödənişlər vəsaitlərin dövriyyəsinin sürətləndirilməsində, nağd pulların çapı, daşınması, saxlanması və təsərrüfat əməliyyatlarının xərclərinin azalmasında, nəticədə isə iqtisadiyyatın inkişafında əhəmiyyətli rol oynayır.


Azərbaycan dövləti iri hesablaşmalarla bağlı elektron ödəniş sisteminin tam formalaşdırılmasına nail ola bilib. Hazırda həlli vacib olan məsələ əhali tərəfindən həyata keçirilən ödənişlərin nağdsızlaşdırılmasıdır.


İri ödənişlərin elektron sistemə keçilməsi məqsədilə 2001-ci ilin əvvəllindən real addımlar atılıb. Məhz həmin ildə milli ödəniş sisteminin əsasını təşkil edən Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (AZİPS) yaradılaraq istifadəyə verildi. AZİPS sisteminin istismara verilməsi nəticəsində banklar arasında hesablaşmaların real vaxt recimində (on-line) həyata keçirilməsinə, pul dövriyyəsinin sürətinin nəzərəçarpacaq dərəcədə artmasına, banklar tərəfindən likvidliyin daha çevik idarə olunmasına imkan yarandı.


2002-ci ilin sonlarından etibarən milli ödəniş sisteminin ikinci mühüm elementi olan Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) yaradılaraq istifadəyə verildi. Bununla, kiçik həcmli, lakin daim təkrarlanan xırda ödənişlərin (əmək haqqı, sosial müdafiə ödənişləri, telefon, qaz, su, elektrik enercisi üzrə kommunal ödənişlər və s.) elektron daşıyıcılar əsasında həyata keçirilməsinə, eyni zamanda, xırda ödənişlərin əsas iştirakçıları olan kommunal xidməti müəssisələrinin, böyük sayda ödəniş əməliyyatları (məsələn, vergi, gömrük və sosial müdafiə ödənişləri) aparan hökumət qurumlarının milli ödəniş sisteminin infrastrukturuna inteqrasiyası üçün əlverişli zəmin yaradıldı.


Nağdsız ödənişlər müasir inkişafı “Azәrbaycan Respublikası Mәrkәzi Bankının 2021-2023-cü illәr üçün Rәqәmsal Ödәniş Strategiyası” əsasında həyata keçirilir. Strategiya 5 әsas istiqamәt üzrә 54 tәdbirin hәyata keçirilmәsini özündә ehtiva edir.


Azərbaycan Mərkəzi Bankının 2021-ci ilin sonuna aid olan məlumata əsasən beynәlxalq kart tәşkilatları ilә qarşılıqlı әmәkdaşlığın genişlәndirilmәsi vә innovativ ödәniş hәllәrinin ölkәyә gәtirilmәsi mәqsәdilә 2021-ci ildә “Visa” vә “MasterCard” beynәlxalq kart tәşkilatları ilә növbәti strateji dövr üçün әmәkdaşlıq müqavilәlәri imzalanmış vә icrası 2021-ci ildә nәzәrdә tutulan tәdbirlәr üzrә birgә fәaliyyәt tәşkil olunmuşdur. Bu istiqamәtdә hәyata keçirilmiş tәdbirlәr çәrçivәsindә Mәrkәzi Bankın tәşәbbüsü, bank sektoru vә beynәlxalq kart tәşkilatlarının dәstәyi ilә ölkәdә tәmassız ödәniş hәllәrinin çeşidinin artırılması vә innovativ texnologiyaların tәtbiqi mәqsәdilә “Apple Pay” ödәniş hәlli Azәrbaycanda uğurla aktivlәşdirilmişdir. Hazırda “Google Pay” hәllinin ölkәdә aktivlәşdirilmәsi istiqamәtindә müvafiq xidmәti tәqdim edәn tәşkilatla danışıqlar aparılır.



Mərkəzi Bank bildirir ki, 2021-ci il әrzindә BKM üzәrindәn 92 mln. kart әmәliyyatı aparılmış, milli valyutada әmәliyyatların hәcmi 4.7 mlrd. manat, xarici valyutada isә 19.1 mln. ABŞ dolları vә 5.3 mln. avro tәşkil etmişdir.



2022-ci il üçün müəyyənləşdirilən hədəflərə görə cari ildə qeyd edilәn strategiyanın vә müasir dövrün tәlәblәrinә uyğun olaraq, elektron bankçılıq üzrә indikator göstәricisinin 2022-ci il üçün 80%-ә, ödәniş kartları ilә aparılan ölkәdaxili әmәliyyatlarda nağdsız dövriyyәnin xüsusi çәkisinin isә 40%-ә çatdırılması hәdәflәnir.


Vasif
Sfera.az

 



Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanıb.


Mövzu: İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi.


OXŞAR XƏBƏRLƏR