Koronavirusun ziyan vurduğu biznes sahələrinə maddi yardımlar ediləcək? – TƏKLİFLƏR

Koronavirusun ziyan vurduğu biznes sahələrinə maddi yardımlar ediləcək? – TƏKLİFLƏR

"Bunun üçün Azərbaycan rəsmi müraciət etməli, koronavirusla mübarizə, həm də dəymiş ziyanla əlaqədar iş planı tərtib etməlidir”.


Sfera.az-a açıqlamasında bu sözləri bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da koronavirusa görə dəymiş ziyanla bağlı kiçik və orta müəssisələrə güzəşt və maddi yardımların edilməsi vacibliyinə toxunarkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:

 

"ABŞ, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu dəymiş ziyanı ödəmək üçün kifayət qədər böyük məbləğlər ayırıb. Hansı ölkələr ki, bununla bağlı öz müraciətlərini daha tez, qaydalara uyğun və keyfiyyətli şəkildə hazırlayacaqsa, ABŞ, Dünya Bankı və Beynəlxalq Valyuta Fondundan yardım ala bilər. Hələlik, virus təhlükəsi Azərbaycanda elə də böyük deyil. Bununla belə yayılma ehtimalı çox güclüdür. Çünki virusa tutulanların sayı artır. Bu fonda aydın məsələdir ki, koronavirus təhlükəsi eyni zamanda sahibkarlığa da, xüsusən də kiçik və orta sahibkarlıq subyektlərinə müəyyən ziyanlar vurur”.

 

Məsələnin ciddiliyini nəzərə alaraq, həmsöhbətimiz bu barədə hökumətin beynəlxalq maliyyə qurumlarına müraciət etməsini vacib sayır: "Ölkəmizin dövlət strukturları tərəfindən qısa zamanda yardımla bağlı ABŞ-a, Dünya Bankı və Beynəlxalq Valyuta Fonduna keyfiyyətli hazırlanmış bir müraciət təşkil olunmalıdır”.


N. Cəfərlinin fikrincə, Azərbaycan daxilində də virusdan zərər görən biznes sahələrinə yardım üçün fond yaradılmalıdır: "Ölkə daxilində dövlət büdcəsindən, yaxud da Səhiyyə Nazirliyinin büdcəsindən müəyyən vəsait ayrılmalı, müəyyən fond yaradılmalıdır ki, orada cəmlənən pullar hesabına həm karantin işləri keyfiyyətli görülsün, həm də biznesə dəyən ziyana görə onlara da maddi yardım edilsin. Yoxsa, bir sıra turizm obyektləri yaranmış vəziyyətdə bağlana bilər. Yəni iqtisadi baxımdan virusdan ziyan görən müəssisələrə yardım üçün müəyyən vəsaitlər indidən ayrılmalı və onun normal xərclənməsi mexanizmi qurulmalıdır. Sözsüz ki, bu vəsaitlər də zərər çəkən sahibkarlıq subyektlərinə kiçik faizlərlə, hətta faizsiz verilməlidir. Həmçinin ziyan görən müəssisələr müvəqqəti olaraq vergilərdən də azad edilə bilər”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR