Kənd təsərrüfatının hansı sahələri daha rentabellidir? - Hansı sekrtor daha çox qazandırır...

Kənd təsərrüfatının hansı sahələri daha rentabellidir?  - Hansı sekrtor daha çox qazandırır...
2020-ci ilin nəticələrinə əsasən kənd təsərrüfatı müəssisələrinin rentabellik (gəlirlilik) göstəriciləri açıqlanıb. Rentabellik məhsul satışından əldə olunan mənfəətin onların istehsalı və satışına çəkilən xərclərə nisbətidir.
 
Sfera.az rəsmi məlumatlatlara istinadən xəbər verir ki, kənd təsərrüfatında bitkiçilik məhsullarının gəlirliliyi heyvandandarlıq məhsullarından yüksəkdir.
 
Bitkiçilik üzrə məhsul qruplarının 4-də rentabellik 50 faizi keçdiyi halda, heyvandarlıqda yalnız bir məhsul növündə gəlirlilik 50 faizi ötüb.
Rentabellik bitkiçilik məhsullarında 29,2 faiz, heyvandarlıq məhsullarında 9,5 faizdir. Ümumən kənd təsərrüfatı məhsullarının istehsalında rentabellik 19,4 faiz olub.

Ötən il kənd təsərrüfatı müəssisələri 101,56  milyon manat xalis gəlir əldə edib. Bitkiçilik məhsulları istehsalçıları 69,3 milyon manat, heyvandarlıq məhsulları istehsalçıları 27,2 milyon manat qazanıb.
 
Yaşıl çay yarpağı istehsalı istisna olmaqla bütün növ məhsulların istehsalı gəlir gətirib. Çay yarpağı istehsalıçıları ötən il 286 min manatdan çox zərərə uğrayıblar. Bir kiloqram yaşıl çay yarpağının maya dəyəri 2,34 manat olduğu halda, satış qiyməti 1,19 manat olub. Satış qiymətinin maya dəyərindən xeyli aşağı olması çay yarpağı istehsalçılarını zərər etdirib.
 
Bitkiçilik məhsullarında ən yüksək rentabellik kartofda olub. Kartofun bir kiloqramının maya dəyəri 16 qəpiyə başa gəldiyi halda satış qiyməti 31,5 qəpik təşkil edib. Kartof istehsalçılarının rentabelliyi 95 faiz olub.

Rentabellik şəkər çuğundurunda 82 faiz, yağlı bitkilərdə 79 faiz, tütündə 78 faiz, taxılda 39,5 faiz, çəltikdə 37 faiz, bostan məhsullarında 32 faiz təşkil edib.
Bitkiçilik məhsullarında yaşıl çay yarpağından sonra ən aşağı rentabellik açıq torpaqda yetişdirilən tərəvəzdə (1,5 faiz), üzümdə (17,8 faiz), meyvədə (19,5 faiz), pambıqda (19,6 faiz) qeydə alınıb.
 
Ötən il heyvandarlıq məhsullarının heç bir növü üzrə zərər olmayıb. Ən yüksək rentabellik qoyun və keçi istehsalında olub. Xırdabuynuzlu heyvanlar 59 faiz xalis gəlir gətirib. Bir kiloqram qiyun və keçi ətinin maya dəyəri 3,6 manat olduğu halda satış qiyməti 5,73 manat təşkil edib. Qoyun və keçi əti istehsalçıları hər kiloqramda 2,13 manat qazanıblar.
 
Rentabelliyi yüksək olan heyvandarlıq məhsulları arasında süd və yun da var. Süd istehsalçıları 45,3 faiz, yun istehsalçıları 45 faiz gəlirliliyə nail olublar.
Heyvandarlıq məhsullarında ən aşağı rentabellilik quş əti, yumurta və iribuynuzlu mal-qara istehsalındadır. Rentabellilik quş ətində 1,9 faiz, yumurtada 9,8 faiz, iribuynuzlu mal-qarada 15,5 faiz təşkil edib.
 
Vasif
 

OXŞAR XƏBƏRLƏR