No Image
No Image

İrəvana gedən türk analitik: “Burada heç nə göründüyü kimi deyil”

İrəvana gedən türk analitik: “Burada heç nə göründüyü kimi deyil”
"Ən böyük türk düşmənlərindən tutmuş, türklərə rəğbəti olanlara qədər minlərlə erməni ilə görüşüb-danışmışam. İlk gərginlik 15 dəqiqə çəkir, keçdikdən sonra danışmaq üçün ortaq bir nöqtə tapmaq asandır. Başqa sözlə, akademik fəaliyyət sahəm İrəvan Xanlığı, yəni bugünkü Ermənistanla bağlıdır. 20 ildir getdiyim Ermənistanda bir çox dövlət rəsmisi və akademiklə görüşmüşəm. İrəvan meydanına hər dəfə gedəndə bozqurd işarəsi tutaraq fotolar çəkdirmişəm".

Sfera.az Türkiyənin Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri, siyasi analitik Həsən Oqtayın müsahibəsini təqdim edir:

- İndiyədək həm müharibədən əvvəl, həm də ondan sonra Ermənistanda çox səfərdə olmusunuz. Ötən həftələrdə yenə İrəvandaydınız. Hansı xətlə ora gedib-gəlirsiniz?

- Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəriyəm. Qafqaz məsələləri üzərində işləyirik. Siyasət, iqtisadiyyat, tarix, daha doğrusu, Qafqaz haqda hər şey bizim maraq dairəmizə daxildir. www.kafkassam.com mərkəzimizin internet ünvanıdır. Ermənistan Cənubi Qafqazda Türkiyə və Azərbaycan arasında Rusiya tərəfindən qurulmuş bir dövlət kimi maraq dairəmizdədir. 20 ildir Ermənistana səfər edirik. Əlbəttə, təkcə Ermənistana getmirik. Tez-tez İran, Azərbaycan, Gürcüstan və Şimali Qafqaza səfərlər edirik, hər şeyi yerində görən və araşdıran bir mərkəzi idarə edirik.

Əgər Ermənistana getmisinizsə, Azərbaycana gedə bilməzsiniz, yaxud, İrana getmisinizsə, İsrail və ABŞ-a gedə bilməzsiniz. Yazılmamış qadağalar var. Biz hər yerə getməyin tərəfdarıyıq və gedirik. Sərhəd-keçid məntəqəsində çox qəribə qaydalarla qarşılaşdıq. Beləliklə, Ermənistana ilk səfərimiz ehtiyat atmosferdə baş tutdu.

Təsəvvür edin: türksünüz və Ermənistana gedirsiniz. Təhlükəsizliyin təmin olunmadığı bir ölkədə hər cür təhlükə ilə üzləşə bilərsiniz. Biz bu çəkingənliyi bir tərəfə qoyub Ermənistana getdik və orada on gün qaldıq. Bu on gündə Ermənistanın dörd yanını gəzdik, müşahidələr apardıq. Bəlkə də indiyədək Ermənistana 20 dəfə getmişəm. İlk səfərimiz təyyarə ilə baş tutdu. Daha sonra İran və Gürcüstandan quru yolları ilə getdik. Bir dəfə də Tiflis-İrəvan qatarı ilə Ermənistana səfərimiz olub. Hər səyahətin öz gözəlliyi, ləzzəti var.

- İrəvanda türk olduğunuzu bildikdə sizə hansı münasibəti göstərdilər?

- İrəvana gedəndə heç vaxt türk olduğumu gizlətməmişəm. Orada verilən hər maraqlı suala cavab vermişəm. Həyatlarında ilk dəfə türk görənlər istər-istəməz narahat olurdular. Təsəvvür edin: türk əleyhinə ideologiya və təbliğatla tərbiyə olunmuş və türk düşməni olan bir adam gözləmədiyi halda qarşısında bir türk görür. İdeoloji travma və mədəni şifrələr arasında get-gəllərdən sonra qurduqları ilk cümlə çox önəmli idi: "Amma siz bizə qarşı soyqırım törətdiniz", "Soyqırım törətdiyinizi qəbul edirsiniz?" və s. Ermənilərin tərbiyə edilməsi şərtləri və psixologiyasını bilmirsinizsə, dərhal dava edə bilərsiniz. Ən azı əhvalınız pisləşəcək və psixoloji təzyiq altına düşəcəksiniz. İndiyədək bir çox türk müxtəlif işlər üçün İrəvana gedib, demək olar ki, hamısı eyni təzyiqlərə məruz qalıb.

Ən böyük türk düşmənlərindən tutmuş, türklərə rəğbəti olanlara qədər minlərlə erməni ilə görüşüb-danışmışam. İlk gərginlik 15 dəqiqə çəkir, keçdikdən sonra danışmaq üçün ortaq bir nöqtə tapmaq asandır. Başqa sözlə, akademik fəaliyyət sahəm İrəvan Xanlığı, yəni bugünkü Ermənistanla bağlıdır. 20 ildir getdiyim Ermənistanda bir çox dövlət rəsmisi və akademiklə görüşmüşəm. İrəvan meydanına hər dəfə gedəndə bozqurd işarəsi tutaraq fotolar çəkdirmişəm. Türkəm, türk millətçisiyəm. Bunu hər erməni bilir və buna etiraz etmirlər.


Mən onlara olayları olduğu kimi izah edirdim və gələcəkdə üzləşəcəkləri problemlər haqda danışırdım. Ermənilər davamlı olaraq istismar edilməyə öyrəşdikləri üçün bu cür açıq danışmaq onları əvvəlcə təəccübləndirsə də, daha sonra məmnuniyyətlə qarşılayırdılar.

Bu günlərdə erməni mediası mənim haqda çox yazır. Müxalifət Türkiyə və türklərlə görüşmək məsələsində Paşinyan iqtidarını mənim fotolarımla ittiham edir. Paşinyan tərəfdarları da mənim keçmiş hakimiyyət rəsmiləri ilə çəkdirdiyim fotolarla onları ittiham edirlər, deyirlər ki, "Siz də türklərlə, Həsən Oqtayla görüşmüsünüz". Əslində, bu, mənim fəaliyyətlərimin nə qədər önəmli olduğunu göstərir.

- Ümumiyyətlə, maraqlıdır, ermənilərin Azərbaycan və Türkiyə türklərinə qarşı bu nifrətinin səbəbi nədir?

- Bu nifrətin səbəbi haqda çox fərqli şeylər demək olar, amma Ermənistanın rəsmi ideologiyası ilə xalqın yanaşması hər gün bir-birindən uzaqlaşır. Hətta artıq hakimiyyət də, Türkiyədən başqa çıxış yolunun olmadığını qəbul etməyə başlayıb. Bunun arxasında Rusiya durur, hər erməni artıq bunu anlamağa başlayıb.

- Hazırda Ermənistanda ab-hava necədir, müharibə insanlara necə təsir göstərib?

- Ermənistan haqda danışmaq həm çox asandır, həm də çox çətindir. 200 ildir ki, şüurları məhv edilir - gah Çar Rusiyasının, gah Sovet Rusiyasının, gah da Rusiya Federasiyasının forpostu kimi ruslara xidmət ediblər. Stalin ermənilərə müdhiş özgüvən və millətçilik aşıladı və onlara dedi ki, siz pantürkizmin dərmanısınız. Ermənilərin hamısı Ermənistanda Rusiya üçün yaşadığına və pantürkizmin qarşısını aldığına inanır. Bu əhval-ruhiyyədə olan biri ilə bir türk kimi qarşılaşdıqda, ya onun sizə reaksiyası şişirdiləcək, ya da bir az xəcalət hissi ilə üzü qızaracaq.

"İkinci vətən qazanmaq" hissi müharibədən əvvəl rəsmi olaraq ön planda olsa da, Qarabağın erməni xalqı üçün böyük iqtisadi yük olduğunu söyləyənlərin sayı gündən-günə artırdı. Ermənistan hələ rəsmi olaraq Tovuza hücumla bağlı ölkədə kimsəni cəzalandırmayıb, lakin bir neçə ay ərzində bu barədə erməni ictimai rəyində danışılmağa başlanılacaq. Müharibədən sonra erməni xalqının rahatladığını desək, bir çox insan buna etiraz edəcək. Başda Prezident Armen Sərkisyan olmaqla müxalifət Paşinyanı məğlubiyyətə görə sərt tənqid edirsə və buna baxmayaraq, o, hakimiyyətini davam etdirirsə, demək ki, xalq ondan razıdır. Paşinyanın martın 1-də keçirdiyi mitinq bunu açıq şəkildə nümayiş etdirdi.

- Amma kənardan həm də görünən budur ki, Ermənistanda Qarabağdakı son savaşdakı məğlubiyyətlə barışmaq istəməyənlər də var. Xüsusən də, siyasət adamlarından qisas çağırışları var.

- Ermənistan xalqı 25 ildir Qarabağın itkilərə yol açdığını, iqtisadi, sosial və siyasi böhranların bu səbəbdən yarandığını gördüyü üçün "Qarabağ klanı"nın hakimiyyətinə son qoydu. İndi də 25 ildir ölkəni oğurluq, rüşvət korrupsiya ilə istismar edən həmin klan Paşinyanı devirməyə çalışır. Amma erməni xalqı buna imkan vermir. Ermənistan və ermənilər keçmiş 200 illik tarixləri ilə üzləşərək, bölgədəki varlıqlarını qoruya bilərlər, əks halda yeni bir gərginlik və ya müharibə erməniləri məhv edəcək. Xalq bunun fərqindədir və buna görə Paşinyanla yeni bir dönəmə qədəm qoymaq istəyir.

- Dediyiniz kimi, məğlubiyyətə baxmayaraq, cəmiyyətdən hələ də Paşinyana böyük dəstək var. Bu necə olur?

- Bu məğlubiyyətin müəllifi Paşinyan deyil. Paşinyan 25 illik oğurluq və korrupsiyanın bir nəticəsi olan məğlubiyyəti erməni xalqının lehinə çevirməyə çalışır. Ermənistanda heç nə göründüyü kimi deyil.

- Erməni mediası iddia edir ki, Paşinyan Azərbaycanla açıqlanmayan gizli sənədə də imza atıb. Bu sənədlərlə Ermənistanın Azərbaycana qarşı ərazi - Qarabağa olan iddialarından əl çəkdiyi bildirilir. Orada bu haqda əlavə nələri danışırlar?

- Bunu deyə bilmərəm, amma gördüyüm budur ki, Paşinyan Ermənistanı sülh içində gələcəyə apara bilər. Erməni xalq bunu görür, əslində, savaşda məğlub olmuş bir erməni lideri bir dəqiqə belə Ermənistanda hakimiyyətdə qalmamalı idi. Amma xalq Paşinyanı dəstəkləyir və onun arxasındadır. Bu məsələ öz-özlüyündə müzakirə mövzusudur. Həm Türkiyə, həm də Azərbaycan Ermənistanın yeni statusunu yaxşı görə bilir.

- İngiltərə Xarici işlər naziri Dominik Raab Rusiya təhlükəsini müzakirə etmək üçün federasiyaya qonşu olan ölkələrə səfər edəcək. O, səfərdən əvvəl bildirib ki, Rusiya qonşuları üçün təhdid yaradır və İngiltərə bu baxımdan onlara hərbi dəstək verəcək. Bu baxımdan, Cənubi Qafqazı İngiltərənin diqqətində olan bölgə hesab etmək olarmı?

- Müharibə bitdikdən sonra bölgədəki hər kəs özünə uyğun bir durum formalaşdırmağa çalışacaq. İngiltərə və bir çox Qərb dövləti enerji mənbələri baxımından Cənubi Qafqazla yaxından maraqlanır. Müharibə zamanı hansı dövlətin nə kimi mövqe ortaya qoyduğuna baxmaq lazımdır. İndi bu dövlətlər nə deyir? Hətta müharibə zamanı bir çox dövlət niyə susdu? Bu sualları verməklə bölgədəki gəlişmələri daha yaxşı görə bilərik. Müharibə bitdi, amma problem həll olunmadı. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasında qəbul edilmiş 822 saylı qətnamənin icrası Azərbaycanın ərazi bütövlüyü təmin etməlidir. İndi işğal davam edir. Dağlıq Qarabağ problemi tam həll olunmayıb və bu fakt daim gündəmdə saxlanılmalıdır. Bu səbəbdən Paşinyanın Ermənistandakı hakimiyyətinin davam etməsi vacibdir. Əgər "Qarabağ klanı" yenidən hakimiyyətə gəlsə, həm Qarabağ münaqişəsini davam etdirəcək, həm də Ermənistanı terrorçu dövlətə çevirəcək.

- Britaniya və Türkiyə arasındakı münasibətlər də diqqət çəkir. Sizcə, bu iki ölkəni bir-birinə yaxın edən hansı amillərdir?

- İngiltərə Avropa Birliyindən çıxdıqdan sonra müttəfiq axtarışına çıxıb. ABŞ-İngiltərə münasibətləri, ABŞ-ın Rusiya və Çin siyasəti İngiltərəni yeni xarici siyasət yürütməyə sövq etdi. Türkiyə bölgədəki hər cür ittifaqlarla danışıqlarda milli maraqlarına əsaslanan xarici siyasət yürütməklə mövqelər tutaraq, imtinaedilməz supergücə çevrilir. Bütün dövlətlər bunu görərək Türkiyə ilə yenidən danışıqlara başlayacaq. İngiltərə də bu dövlətlərdən biridir.

- Məsələn, Türkiyə Cənubi Qafqaz uğrunda gedən geosiyasi mübarizədə hansı pillədə durur? Ümumiyyətlə, Türkiyə Cənubi Qafqazda hesablaşılan oyunçuya çevrilibmi?

- Türkiyə dünyanın harasında bir problem varsa, ora ilə əlaqədar ən azı 10 həll paketi hazırlayaraq, bu məsələlərin həllinə yol göstərə biləcək bir yerə gəlib çatıb. Türkiyə təkcə Cənubi Qafqazda yox, hər yerdə problem həll edən dövlətə çevrilib. Türkiyəni Cənubi Qafqazda yox saymaq mümkün deyil. Türkiyəsiz həll mümkün olmayacaq.

- Qarabağdakı müharibədən sonra bölgədə "Altılıq" platformasının qurulacağını bildirildi. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda olarkən elan etdi. Perspektivdə bunun reallaşması nə qədər mümkündür, bu, Türkiyə və Azərbaycana hansı üstünlükləri təmin edəcək?

- Bu, ilk növbədə, Türkiyə-Azərbaycan ittifaqının daha da güclənməsi üçün önəmlidir. Ermənistan da bura qoşulsa, Türkiyə və Azərbaycan regional sabitliyi təmin edə bilər. Yeni geosiyasi oyunçular problemin həllini çətinləşdirə bilər. Ermənistan yeni dövrdə bu barışıq çağırışını görməzdən gələ bilməz. Həm Türkiyə, həm də Azərbaycan Ermənistanın yaşadığı həssas vəziyyəti nəzərə alaraq yeni regional siyasətlərini həyata keçirməlidir.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Onların hamısı eyni səviyyədə məsuliyyət daşıyır - Ülvi Quliyev

Sfera.az Milli Məclisin deputatı Ülvi Quliyevin müsahibəsini təqdim edir: - Tanınmış jurnalist Poznerin Ermənistanın keçmiş prezidenti R.Köçəryandan göt...

Azercell ilk Azərbaycan dilli səs köməkçisini yaratmaq istəyir: Milli Siri gəlir?

Müasir informasiya texnologiyalarının sürətli inkişafı həyatımıza özüylə birlikdə yeni dönəm, yeni qloballaşma mərhələsini - rəqəmsal iqtisadiyyatı gətirdi. Bu ...

"Azarkeşlərlə tam razıyam, haqq qazandırıram" - Ramil Şeydayev

Ramil Şeydayevlə söhbətimiz indi yox, bir neçə ay əvvəl baş tutmalıydı. Lakin hər dəfə ortaya müxtəlif əngəllər çıxır, sual-cavabın vaxtı yubanırdı. Daha doğrus...

Əmanətlərlə bağlı yeni qanun əmanətçilər üçün bir çox üstünlük yaradır

Aprelin 5-dən etibarən "Əmanətlərin tam sığortalanması haqqında” qanun qüvvədən düşür və bundan sonra banklarda əmanətlərin sığortalanması "Əmanətlərin sığort...

Ermənilər Şuşaya “İskəndər”i nə vaxt atıb? - Müsahibə

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov müsahibə verib. Sfera.az həmin müsahibəni təqdim...

"Rusiyanın Donbassa irimiqyaslı hücum edəcəyinə inanmıram" - AŞPA vitse-prezidenti

"Ermənistanın ATƏT və təşkilatın Ukraynadakı Xüsusi Monitorinq Missiyasının büdcəsini bloklaması dünən (31 mart) aradan qaldırılıb. Bu yaxşı bir şeydir. Səhv et...