Özəl bankların kredit bazarında payı AZALIR - SƏBƏB

Özəl bankların kredit bazarında payı AZALIR - SƏBƏB

Azərbaycanda kredit qoyuluşunda özəl bankların bazar payının azalması müşahidə edilir.

 

Sfera.az Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir ki, 2018-2019-cu illərdə kreditlərin 80-81 faizini özəl banklar verdiyi halda, hazırda kreditlərin 70 faizini özəl banklar verir.

 

Özəl bankların kredit bazarında payının azalmasının əsas səbəbi son illərdə bir neçə bankın bağlanmasıdır. Bağlanan bankların hamısı özəl olduğundan kredit qoyuluşunda özəl bankların payına mənfi təsir edib.

 

Lakin digər səbəblər də var. Bu səbəblərdən biri dövlət banklarının kredit qoyuluşda artım sürətinin daha böyük olmasıdır. Son bir ildə dövlət banklarının kredit qoyuluşu 41,2 faiz artıb. Özəl banklarda isə kredit qoyuluşunda artım cəmi 14,1 faiz təşkil edib.

 

Dövlət banklarının son illərdə kreditləşməni gücləndirməsi hesabına onların kredit bazarında payı artır, əvəzində özəl bankların kredit bazarında payı azalır. Son illərdə özəl bankların payının azalmasına bank olmayan kredit təşkilatlarının kredit qoyuluşunu artırması da təsir edib. Xüsusən, 2024-cü ildə bank olmayan kredit təşkilatları kredit qoyuluşunu daha çox artırıb.

 

Son bir ildə bu təşkilatların kredit qoyuluşunun həcmi 2,35 dəfə artaraq 1,54 milyard manata çatıb. Bu cür sürətli artımla əlaqədar olaraq qeyri-bank kredit təşkilatlarının kredit qoyuluşunda payı 3 faizdən 5,7 faizə yüksəlib. Qeyri-bank təşkilatların payının artması da özəl bankların kredit bazarında payını azaldıb.

 

Vasif


OXŞAR XƏBƏRLƏR