"Gələn ilin dövlət büdcəsində neftin qiymətinin 70 dollardan götürülməsi riskli yanaşmadır" - ŞƏRH
Dünən Maliyyə Nazirliyi 2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərini açıqlayıb. Məlumatda bildirilir ki, “Azeri Light" markalı neftin 1 barelinin qiyməti 70 ABŞ dolları götürülüb. Bu, 2024-cü illə müqayisədə 5 ABŞ dolları azdır. İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin avqust ayında təqdim olunan proqnozlara əsasən? baza ssenaridə neftin bir barelinin orta illik ixrac qiyməti isə 2026-2028-ci illər üçün 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
Bəs bu qiymət dəyişimi nələrə təsir edəcək?
Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, gələn ilin dövlət büdcəsində neftin qiymətinin 70 dollardan götürülməsi riskli yanaşmadır:
“2025-ci ildə dövlət büdcəsinin gəlirləri bu ilə müqayisədə 0,6 % artaraq 36 mlrd. 616 mln. manat, xərcləri isə 0,2 faiz azalaraq 39 mlrd. 667,6 mln. manat proqnozlaşdırılır. Büdcə kəsiri isə 3 mlrd. 51,6 mln. manat proqnozlaşdırılır ki, bunun da 87,6%-nin borclanma hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. Burada əsas risk neftin ixrac qiymətinin 70 dollardan götürülməsidir”.
Ekspertin fikrincə, neft qiymətinin az götürülməsi gəlirlər üzrə proqnozları kəskin azaldacaq və bu da büdcə kəsirinin artmasına səbəb olacaq, kəsirin qapadılması isə borclanmanı artıracaq:
“Borclanmanın artırılması, transfer və digər vəsitələrlə xərclər qarşılana bilsə də, sonrakı proseslərdə əlavə “qayğılar” yaranacaq. Buna görə də ilkin təsdiqlənəcək büdcədə neftin qiymətinin 65 dollardan yuxarı götürülməsi doğru olmaz”.
E.Əmirov qeyd edib ki, ilin əvvəlində ümumi xərc göstəricisinin aşağı olması sevindirici olmasa da, qorxulu da deyil:
“Onsuz da hər ilin ortalarında büdcəyə yenidən baxılır. O zaman xərclərə yenidən baxaraq əlavələr etmək və illik hədəflərə nail olmaq da mümkündür. Yetər ki, hazırkı məqamda risklər doğru sığortalansın.Düşünürəm ki, Milli Məclisin yeni formalaşmış komandası qanun layihəsinin müzakirəsi zamanı bu risk faktorunun azaldılması üçün bu təkliflərlə çıxış edəcəklər”.
Firuzə Əliyeva