“Türk dövlətləri arasında iqtisadi əlaqələr zəifdir” - Ekspertdən AÇIQLAMA

“Türk dövlətləri arasında iqtisadi əlaqələr zəifdir” - Ekspertdən AÇIQLAMA

“Türk Dövlətləri Təşkilatının (TDT) gələcəyi iqtisadi əlaqələrin dərinliyindən asılı olacaq”.

 

Sfera.az xəbər verir ki, bunu TDT-nin iqtisadi imkanlarını dəyərləndirən zaman iqtisadçı-ekspert Natiq Cəfərli bildirib. N.Cəfərlinin fikrincə, TDT-yə üzv olan ölkələrin böyük imkanları var və bu imkanlardan faydalanmaq lazımdır:

 

“Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin ümumi ərazisi 4 milyon 731 min 213 km², əhalisi 170 milyon nəfər, ümumi daxili məhsul istehsalı 1,4 trilyon dollardır. Ərazi çox böyükdür, eyni zamanda böyük bazarı var. Ölkələr zəngin təbii resurslara, əlverişli coğrafi mövqeyə malikdir”.

 

Ekspert hesab edir ki, TDT imkanlarından istifadə etməklə dünya geosiyasəti və iqtisadiyyatında mühüm rol oynaya bilər. N.Cəfərlinin qənaətincə, TDT-yə üzv olan ölkələr bir-birilə əlaqələri gücləndirməlidir, ticarət dövriyyəsi artmalıdır:

 

“Ayrı-ayrılıqda götürdükdə TDT ölkələrinin əsas iqtisadi tərəfdaşları kənardadır, iqtisadi təməl olmadan birliyin gələcəyi dumanlıdır. Qardaş Türkiyə ən böyük iqtisadiyyatdır, çoxşaxəli və bazar iqtisadiyyatı institutları olan modelə malikdir. 2023-də Türkiyənin ixracı 256 milyard dollar, idxalı 362 milyard dollar olub. Türkiyənin əsas ticarət tərəfdaşları Avropa İttifaqı ölkələridir. Azərbaycanın 2023-də ixracı 33,8 milyard dollar, idxalı 17,2 milyard dollar olub. Azərbaycanın da ən böyük ticarət tərəfdaşı Avropa İttifaqı ölkələridir. Qazaxsatanın 2023-də ticarət dövriyyəsi 140 milyard dollar olub. Qazaxıstan Rusiya və Çinlə daha çox ticarət əməliyyatları aparır. Qırğızıstanın 2023-də ticarət dövriyyəsi 15,7 milyard dollar olub ki, bunun 38%-i tək Çinin payına düşüb, Rusiya isə 22%-lə 2-ci yerdədir. Özbəkistanın 2023-də ticarət dövriyyəsi 62,5 milyard dollar olub, 22% Çinin, 16%-i Rusiyanın payına düşüb. Türkmənistanın da bir nömrəli ticarət tərəfdarı Çin, ikincisi Rusiyadır. 2023-də Çinlə ticarət dövriyyəsi 10 milyard dollar olub ki, bu da, ümumi dövriyyənin, təxminən, 50%-ni təşkil edib. Mənzərə belədir, Xəzərin o tayında olan qardaş ölkələr iqtisadi cəhətdən Çinə və Rusiyaya bağlıdırlar. Bağlılıq dərindir, əgər bu səviyyədə asılılıq qalacaqsa, TDT-nin işlək quruma, dünyanın yeni güc mərkəzinə çevrilməsi problem olacaq. Bunun üçün TDT əlaqələri genişləndirməli və Avropa İttifaqı ölkələri ilə əlaqələri inkişaf etdirməlidir. Avropa İttifaqı ilə əlaqələrin inkişafı Çin və Rusiyanın iqtisadi ekspansiyasını zəiflədəcək. Ona görə də qardaş Türkiyənin dövlət başçısının bu günlərdə səsləndirdiyi “əsas hədəfi Avropa İttifaqına üzv olmaqdır” sözləri doğrudur, həm də TDT-nin güclənməsi üçün vacibdir”.

 

Vasif

 

 


OXŞAR XƏBƏRLƏR