“Hökumət aqrar siyasətə yenidən baxmalıdır, əks halda...” – Ekspertdən ÇAĞIRIŞ
"Azərbaycanda ərzaq inflyasiyası səviyyəsinin çox yüksək olmasının əsas səbəblərindən biri bütün resurslara və əlverişli torpaq-iqlim şəraitinə baxmayaraq, ölkədə əsas ərzaq məhsulları ilə tam təminatın olmamasıdır".
Bunu Sfera.az-a açıqlamasında kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov deyib.
Ekspert yerli məhsul istehsalının az olması səbəbindən bazarda qıtlıq yarandığını və bunun bahalaşmaya səbəb olduğunu deyib:
"Yerli məhsul istehsalının az olması səbəbindən bazarda məhsul qıtlığı, defisit yaranır. Bu da həmin məhsulun topdan satışı ilə məşğul olan inhisarçılara mövcud fürsətdən yararlanmaq imkanı verir. Hökumət ölkədə “sosial rifahı dəstəkləyən inflyasiya səviyyəsinə nail olmaq” istəyirsə, Azərbaycan Ümumdünya Səhiyyə və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatlarının adambaşına müəyyən etdiyi illik normaya uyğun ərzaq məhsulları istehsalını təşkil etməlidir.
Bundan başqa, ölkədə idxal inhisarçılığı mövcuddur. Mal, məhsul qıtlığının yaranmasından istifadə edən əksər inhisarçı işbazlar xarici ölkələrdən ucuz qiymətə idxal etdikləri məhsulları yüksək qiymətə satmaqla daha çox qazanc əldə edirlər. Ərzaq məhsulları idxalı monopoliyada olduğu üçün digər ölkələrlə müqayisədə Azərbaycanda ərzaq mallarının, kənd təsərrüfatı məhsullarının qiymətləri yüksəlir.
Əsas ərzaq məhsulları ilə tam təmin edə bilməmək azmış kimi, istehsal edilən məhsulların bazara çıxışının təşkil edilmədiyi üçün də məhsulun bir hissəsi sahələrdə, anbarlarda xarab olur, zibilliklərə atılır. Uzun illərdir, meyvə-tərəvəz istehsalçıları məhsullarını daxili bazara çıxarmaqda problemlərlə qarşılaşırlar".
Mütəxəssis kənd təsərrüfatı sahəsindəki texniki təminatın zəif olmasının bazara birbaşa təsir etdiyini də sözlərinə əlavə edib. V.Məhərrəmov mümkün həll yollarından danışıb:
"Əldə edilmiş hazır məhsulların bəzi növləri istehsal zamanı sahələrdə, bir hissəsi saxlanma zamanı anbarlarda, bir hissəsi də satış zamanı marketlərdə, bazarlarda xarab olur, çürüyür. Keyfiyyətli məhsul əldə etmək, məhsuldarlığı artırmaq və hazır məhsulu anbarlarda daha uzun müddətə saxlamaq üçün fermerlər, kəndlilər becərmə zamanı bütün aqrotexniki tədbirlərə optimal müddətdə əməl etməlidirlər. Bunun üçün fermerlər, kəndlilər davamlı müasir tələblərə cavab verən texnika, keyfiyyətli toxum materialı və mineral gübrələrlə təmin edilməlidir”.
Ekspert hesab edir ki, vacib məsələdən biri də hazır məhsulun uzun müddət keyfiyyətli saxlanmasıdır:
“Təəssüflər olsun ki, ölkədə müasir tələblərə cavab verən soyuducu anbar kompleksləri əsasən oliqarxların sərəncamındadır. Həmin anbarlardan istifadə kiçik fermerlər, kəndlilər üçün demək olar ki, əlçatan deyil. Göstərilən anbar xidməti çox baha başa gəldiyi üçün meyvə-tərəvəz istehsalçılarına sərf etmir. Azərbaycan özünün ərzaq mallarına, kənd təsərrüfatı məhsullarına olan tələbatını daxili istehsal hesabına tam ödəyə bilər. Yubanmadan aqrar siyasətə yenidən baxılmalı və müəyyən addımlar atılmalıdır".
Əzizə