Xüsusi iqtisadi zonalar sahibkarlara hansı imkanlar yaradır? - TƏHLİL

Xüsusi iqtisadi zonalar sahibkarlara hansı imkanlar yaradır? - TƏHLİL

Xarici ticarəti inkişaf etdirmədən ölkədə davamlı və stabil inkişafa nail olmaq mümkün deyil. Bu mühüm cəhəti nəzərə alaraq ölkələr daim xarici ticarətin genişləndirilməsi, ixrac imkanlarının artırılması yollarını axtarırlar. Son 10 illiklərin təcrübəsi göstərdi ki, xarici ticarət əməliyyatlarının, xüsusən də ixracın artırılmasının ən uğurlu formalarından biri də xüsusi iqtisadi zonalardır.


Sfera.az bildirir ki, xüsusi iqtisadi zonalarda sahibkar üçün sadələşdirilmiş qaydalar mövcud olur. Həmin qaydalar istehsalla bərabər ticarətin də genişlənməsinə şərait yaradır.


Ümumiyyətlə, xüsusi iqtisadi zonalar bir qayda olaraq 2 cür olur. 1973-cü ildə qəbul edilən Kioto Konvensiyasında xüsusi zonaların ticarət və sənaye tipləri müəyyənləşdirilib. Konvensiyada xüsusi ticarət zonasını "malların yalnız sonrakı satış üçün idxal edildiyi və bu malların yenidən emalı və istehsalda istifadəsinin qadağan olunduğu zonalar" kimi qeyd edilir. Sənaye zonası isə "idxalına icazə verilən mallar icazə verilmiş yenidən emal proseslərinə məruz qala bilərlər" kimi təsvir edilir.


Xüsusi iqtisadi zonalar istehsalın genişlənməsi üçün əlverişli imkanlara sahib olsa da, onun sahib olduğu xüsusiyyətlər daha çox xarici ticarətin genişlənməsi üçün əlverişlidir. Burada tətbiq edilən güzəştlərlə bağlı mənzərə də xarici ticarətin inkişafını münasib edir. Bu güzəştlər əsasən xarici ticarət əməliyyatlarının həyata keçirilməsinin sadələşdirilmiş qaydasının tətbiqi, həmçinin idxal-ixrac rüsumlarının aşağı salınması və ya ləğv edilməsi formasında verilir.


Azərbaycanda da sahibkarların ixrac imkanlarının artırılması məqsədilə xüsusi iqtisadi zonaların yaradılmasına önəm verilir. Xüsusi iqtisadi zonaların yaradılmasında İqtisadiyyat Nazirliyinin xüsusi fəaliyyəti var. 2006-cı ilin dekabrın 28-də Azərbaycan Prezidenti tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında” əsasnamədə nazirliyin vəzifələrindən biri kimi ölkədə xüsusi iqtisadi zonaların yaradılması göstərildi. Bunun davamı olaraq Azərbaycan Prezidenti 6 mart 2007-ci ildə “Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında” Fərman imzaladı. Nəhayət, 14 aprel 2009-cu ildə Milli Məclis “Xüsusi iqtisadi zonalar haqqında” Qanun qəbul etdi.


Bu qanunda istehsal, infrastruktur, innovasiya, azad ticarət və qatışıq zonaların yaradılması nəzərdə tutulur. Bununla belə, xüsusi iqtisadi zonalarda spirtli içkilərin və tütün məmulatlarının istehsalı, teleradio verilişləri, qiymətli metalların istehsalı, həmçinin neftin, neft məhsullarının və təbii qazın hasilatı və emalı qadağan olunur.
Qanunun məqsədi qabaqcıl sahələrin inkişaf etdirilməsi, Azərbaycan iqtisadiyyatına investisiyaların cəlb edilməsidir.


Dövlət bu zonaların fəaliyyəti üçün zəruri rejim və bütün lazımi infrastruktur yaratmaq məsuliyyətini öhdəsinə götürür. Bütün digər məsələlər zonanın müdiriyyəti və operatoru tərəfindən həll edilir.


Hazırda ölkəmizdə xüsusi iqtisadi zonaların Sənaye Parkları modeli daha geniş inkişaf edib. Azərbaycanda 5 sənaye parkı fəaliyyət göstərir.


Cənubi Qafqazın ən böyük, Azərbaycanın isə ilk sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında 5 500-dək insan daimi işlə təmin edilib. Parkda 25 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və onlardan 17-si istehsala başlayıb. Növbəti mərhələdə daha 7 rezidentin fəaliyyətə başlaması nəzərdə tutulur. Sənaye Parkında məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamika davam edir.


Sumqayıt Sənaye Parkından başqa Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları da fəaliyyət göstərir.


Adıçəkilən sənaye parklarında ümimilikdə 6 milyard manata yaxın məhsul istehsal edilib və onların 30 faizi, yəni 1,8 milyard manata yaxını ixrac edilib.
Xüsusi iqtisadi zonaların digər forması sənaye məhəllələridir. Azərbaycanda 4 sənaye məhəlləsi var. Bunlar Neftçala, Masallı, Hacıqabul və Sabirabad sənaye məhəllələridir.


Ölkəmizdə xüsusi iqtisadi zonaların başqa bir forması isə texnologiyalar parkıdır. Azərbaycanda Pirallahı və Mingəçevir texnologiyalar parkı təsis edilib.
Qeyd edək ki, xüsusi iqtisadi zonalarda fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün əlverişli imkanlar yaradılır. Onlar istehsal məqsədilə idxal etdikləri mallara görə gömrük rüsumu və vergilərindən azaddırlar. Eyni zamanda əldə etdikləri mənfəətə görə vergi ödəmirlər. Bunlardan başqa dövlət onlara fəaliyyət göstərmək üçün hazır infrastruktur təqdim edir, elektrik, su, qaz xətləri, nəqliyyat sistemi hazır olur.


Bu şəraitdə fəaliyyət göstərən sahibkarların istehsal etdiyi məhsulların maya dəyəri aşağı olur, onların daha əlverişli qiymətlə ixrac imkanı qazanır.
Bütün bu imkanların, güzəştlərin əvəzində sahibkarlardan yeni və üstün texnologiyaların ölkəmizə gətirilməsi, istehsal sektoruna tətbiqi tələb edilir.

Vasif
Sfera.az 

MÖVZU: Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi 


QEYD: Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanıb.

 


OXŞAR XƏBƏRLƏR