Nağdsız əməliyyatlar sahibkarların xərcini artırır

İqtisadiyyat
15:21 / 20.12.2021
711
Ölkəmizdə artıq 5 ildir ki, sahibkarların nağd
hesablaşmaları məhdudlaşdırılıb. 2017-ci ildən qüvvəyə minən "Nağdsız
hesablaşmalar haqqında” Qanuna əsasən ay ərzində ƏDV ödəyiciləri 30 min
manatdan, digər vergi ödəyiciləri 15 min manatdan artıq olan hesablaşmaları
yalnız nağdsız qaydada həyata keçirilməlidir.
Sfera.az bildirir ki, bu qaydaların tətbiqi
ƏDV ödəyiciləri üçün problem yaratmasa da digər vergi ödəyiciləri üçün çətinliklər
yaradır.
Əsas çətinliklə mikro və kiçik sahibkarlar üzləşir.
ƏDV ödəyicilərindən fərqli olaraq mikro və kiçik sahibkarların nağd vəsaitlərə
ehtiyacı daha böyükdür, çünki onlar ödənişlərin bir hissəsini nağd aparmağa məcburdurlar.
Mikro və kiçik sahibkarlar vergi və digər
icbari ödənişləri həyata keçirdikdən sonra hesabda qalan vəsaiti, yəni gəliri
nağdlaşdırmaq üçün bəzən aylarla gözləməli olurlar. Məsələn, hesabında 50 min
manat qalığı olan sahibkar həmin vəsaiti ən tez 4 aya nağdlaşdıra bilər.
Bəs, kiçik sahibkarlar üçün mövcud tələblərin
yüngülləşdirilməsi üçün hansı addımlar atıla bilər?
İqtisadçı-ekspert Nazim Bəydəmirli ölkəmizdə
hesablaşmalar sahəsində şəffaflığın təmin edilməsi üçün nağdsız ödənişlərin təşviq
edilməsinin zəruri olduğu qənaətindədir. Ekspertin fikrincə, bu məqsədlə
sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdə nağdsız ödənişlərə maraq
artırılmalıdır. "Nağdsız əməliyyatlar kölgə iqtisadiyyatının miqyasını kiçildən
formalardan biri olmaqla vergi qaçaqçılığının azaldılmasına imkan yaradır”, -
söyləyən N.Bəydəmirli kiçik sahibkarların bəzi hallarda obyektiv səbəblərdən
nağdsız əməliyyatlar aparmağa məcbur olduqlarını dedi: "Əksər hallarda
topdansatış yerlərində, xidmət müəssisələrində elektron qaimə verilmir. Bu vəziyyətdə
sahibkarlar nağd ödənişlərə məcbur qalır.
Çətinlik yaranmaması üçün nağdsız ödənişlər
hökmən bütün sahələrdə genişləndirilməlidir. Əgər bu baş verərsə, vəsaitlərin
nağdlaşdırılmasına ehtiyac azalacaq.
Aparılan hesablaşmalara görə tutulan komissiya
dərəcəsi də azaldılmalıdır. Sahibkar hər əməliyyata, hər ödənişə görə komissiya
ödəyir. İndiki dərəcələrlə hesablananda ödənişlər il ərzində böyük məbləğə
çevrilir. Belə olanda xərclər artır və sahibkar üçün nağdsız əməliyyatlar nağd əməliyyatlardan
daha baha başa gəlir”.
N.Bəydəmirli banklarda olan vəsaitlərin
nağdlaşdırılmaması üçün divident ödənilməsini də təklif etdi: "Sahibkarın pulu
hesabda qalırsa, onun üzərinə faiz gəlməlidir. Çünki banklar cari hesablardakı
vəsaitdən istifadə edərək gəlir əldə edir.
Bəzi banklar cari hesabda qalan vəsaitə görə
kiçik faiz hesablayır. Amma əksər banklar bunu etmir.
Vasif