Azərbaycan özəl kredit bürolarının yaradılmasında maraqlıdır
Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı Dünya Bankının (DB) Maliyyə Sektoru və Bazarlar üzrə praktika meneceri Rolf Behrndtin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Oxu.Az-a Palatadan verilən məlumata görə, görüşdə əsasən Dünya Bankının Azərbaycanda həyata keçirdiyi Maliyyə Sektorunun Müasirləşdirilməsi Layihəsinin gedişatı ətrafında müzakirələr aparılıb.
Azərbaycanda özəl kredit bürolarının yaradılması barədə qanun layihəsinin hazırlandığını söyləyən Rolf Behrndtin Dünya Bankı Qrupunun aqrosığortanın inkişafı üzrə dəstək göstərməyə hazır olduğunu bildirib.
Həmçinin qeyd edilb ki, istehlakçıların hüquqlarının qorunması və maliyyə savadlılığının artırılması layihəsi üzrə texniki dəstəyin müddəti bu ilin oktyabr ayına qədər uzadılıb.
Dünya Bankı ilə yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasının çox səmərəli və işgüzar əlaqələr qurulduğunu bildirən Rüfət Aslanlı özəl kredit bürolarının yaradılmasında maraqlı olduqlarını və gələcəkdə bu bürolarda toplanacaq məlumatların bank sektorunun səmərəli tənzimlənməsinin həyata keçirilməsində dəstək olacağını qeyd edib.
Görüşdə həmçinin "Azerpoçt” tərəfindən maliyyə xidmətlərinin göstərilməsi layihəsinin gedişatı və MBNP ilə DB arasında sığorta sektorunun inkişafı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.