Çinin BÖYÜK HƏDƏFİ: \"Kəskin gözlər\" ictimai məkanlara 100 faiz nəzarət edəcək

Çinin BÖYÜK HƏDƏFİ: \
Çinin ən böyük və ən geniş yayılmış nəzarət şəbəkələrindən biri Şanxaydan təxminən yeddi saat şimalda kiçik bir mahalda fəaliyyətə başlayıb. 2013-cü ildə Pinqi rayonunun yerli rəhbərliyi şəhər və kənd yerlərində on minlərlə təhlükəsizlik kamerası quraşdırıb, 2016-cı ilədək bu rəqəm ümumilikdə 28 min 500-dən çox olub.
 
Sfera.az bildirir ki, Çinin yerli mediasının məlumatına görə, ən kiçik kəndlərdə belə ən azı altı təhlükəsizlik kamerası quraşdırılmışdı. Bu kameralar yalnız polis və avtomatlaşdırılmış üz tanıma alqoritmləri tərəfindən izlənmirdi. Evlərində quraşdırılmış xüsusi televiziya qutuları vasitəsi ilə yerli sakinlər canlı təhlükəsizlik görüntülərini seyr edə və pis bir şey görəndə polisi çağırmaq üçün bir düyməyə basa bilərdilər. Təhlükəsizlik görüntülərinə smartfonlarda da baxmaq olurdu. 

2015-ci ildə Çin hökuməti xüsusilə uzaq və kənd şəhərlərinə xüsusi diqqət yetirə biləcək bənzər bir proqramın yayımlanacağını açıqladı. Çin Xalq Respublikasının ilk lideri Mao Tszedunun bir vaxtlar kommunist dəyərlərinə uyğun gəlməyən qonşularına baxarkən istifadə etdiyi "xalqın kəskin gözləri" sitatından ilhamlanaraq bu proqram  "Xueliang layihəsi" və ya "Kəskin gözlər” (Sharpe Eyes) adlandırıldı. "Sharp Eyes” Çin hökuməti tərəfindən son 20 ildə bir-biri ilə üst-üstə düşən və kəsişən bir sıra texnoloji nəzarət layihələrindən biridir. "Qızıl qalxan” layihəsi, "Təhlükəsiz şəhərlər”, SkyNet”, "Ağıllı şəhərlər” və indi  də "Kəskin gözlər” kimi layihələr, Çin daxilində 200 milyondan çox dövlət və özəl təhlükəsizlik kamerasının quraşdırıldığını göstərir. 
Hər beş ildən bir Çin hökuməti, yaxın onillikdə nəyə nail olacağını göstərən bir plan açıqlayır. Çinin 2016-cı ildə beş illik planı, "Sharp Eyes”ın 2020-ci ildə ölkənin ictimai sahələrini 100% əhatə etməsinə nail olmağı qarşısına məqsəd qoymuşdu. Hər kəsə açıq olan hesabatlarda proqramın bu hədəfinin reallaşıb-reallaşmayacağı göstərilməsə də, ölkənin buna çox yaxınlaşdığı düşünülür. 

"Georgetown” Universitetinin Təhlükəsizlik və İnkişaf etməkdə olan Texnologiya Mərkəzinin tədqiqat analitiki Dahlia Petersonun sözlərinə görə, Çinin müasir nəzarət sxemi 2003-cü ildə "Qızıl qalxan” (Golden Shield) layihəsinin yaradılması ilə başlayıb. Asayiş Nazirliyi (MPS) tərəfindən həyata keçirilən "Qızıl qalxan” layihəsi, qismən ölkənin sərt internet senzurasının məsuludur. MPS, Çin vətəndaşlarının 96% -ni əhatə edən verilənlər bazası yaratdı və bunlardan biri Milli Əsas Əhali Məlumat Veritabanı idi. Bu məlumat bazasında "hukou" adlanan ev qeydiyyatı, keçmiş səyahətlər və cinayət tarixi barədə məlumatlar var idi. 
 

 
"American Journal of Scientific Science” jurnalında dərc olunan bir məqaləyə görə, yerli əhalinin məlumat bazaları da yaradıldı. Bu yerli məlumat bazaları ictimai nəqliyyatdan istifadəni qadağan edən "qara siyahı”ya icazə verirdi. Belə ki, siyahıya düşmüş biri avtobus, qatar və ya aviabilet sifariş etmək istəsəydi, dərhal polisə göndəriləcəkdi. 

"Qızıl qalxan”ndan sonra Çin kameraların quraşdırılmasına yönəlmiş daha iki nəzarət proyekti başlatdı. 2003-cü ildə fəaliyyətə başlayan "Təhlükəsiz şəhərlər” (Safe Cities) fəlakət xəbərdarlıqlarına, yol hərəkəti idarəçiliyinə və ictimai təhlükəsizliyə yönəlmişdi. "Sharp Eyes” isə, potensialı az olan polis şöbələrindəki işləri yüngülləşdirmək məqsədi daşıyır. Məsələn, Çin dövlət mediasının Pinqidəki "Sharp Eyes” tətbiqi ilə əlaqədar yazdığı bir məqalədə, mahalda 1 milyon əhaliyə yalnız 300 polis məmurunun düşdüyü qeyd edilmişdi. "Sharp Eyes” proqramı tərəfindən polisə bildirilən məlumatlar yalnız cinayətlə məhdudlaşmır. 
Petersonun sözlərinə görə, "Sharpe Eyes” layihəsi hər şəhərin və ya qəsəbənin ehtiyaclarından asılı olaraq fərqli şəkildə həyata keçirilir, lakin ümumi şərt eynidir: şəhər və ya qəsəbə bir şəbəkəyə bölünür və şəbəkənin hər kvadratı öz inzibati vahidi rolunu oynayır. Vətəndaşlar təhlükəsizlik görüntülərini şəbəkələrindən izləyirlər. 

Nəhayət, Çinin 2021-2025-ci illəri əhatə edən növbəti beş illik planında daha çox təhlükəsizlik layihəsinin qurulmasına xüsusi diqqət yetirilir. Ehtimal ki, "Sharpe Eyes”  Çinin nəzarət aparatının gələcəyidir.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR