Hər saata bir ölüm... - Azərbaycan səhiyyəsinin vəziyyəti

Hər saata bir ölüm... - Azərbaycan səhiyyəsinin vəziyyəti
Artıq iki ilə yaxındır ki, koronavirus həyatımızın bir parçası olub. Təəssüf ki, pandemiya dünyada olduğu kimi, Azərbaycanda da ölümlərlə nəticələnib. Düzdür, ölkədə 2021-ci ilin yanvar ayından etibarən peyvəndləmə tədbirlərinə başlanılıb, amma görünən odur ki, ölüm sayları artan xətt üzrə davam edir.

Sfera.az-ın məlumatına görə, ümumiyyətlə, 2015-2019-cu illərdə Azərbaycanda bütün səbəblərdən ildə orta hesabla 56 min adam ölürdü. 2020-ci ildə isə bu rəqəm 76 minə qalxdı. Yəni həmişəkindən təxminən 20 min daha çox adam dünyasını dəyişib. 2021-ci ilin yanvar-avqust aylarında isə, ölkədə 48633 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,3 təşkil edib. Ötən illə müqayisədə, ölənlərin sayında artım 6158 nəfər olub. 

İndi isə gələk, koronavirus səbəbindən ölənlərlə bağlı statistik göstəricilərə. Belə ki, Azərbaycanda 2020-ci ilin fevral-dekabr aylarında koronavirusdan ölüm sayı 2 641 olduğu halda, bu rəqəm 2021-ci il yanvar-noyabr aylarında 4 431 təşkil edib. Bu il aylar üzrə ölüm göstəriciləri belədir:

Yanvar – 462 nəfər
Fevral – 84 nəfər
Mart – 344 nəfər
Aprel – 924 nəfər 
May -375 nəfər
Iyun – 53 nəfər
Iyul – 48 nəfər
Avqust – 609 nəfər
Sentyabr – 848 nəfər
Oktyabr – 531 nəfər 

Son bir həftədə ölkədə 180 ölüm halı qeydə alınıb. Bu müddət ərzində ölənlərin sayı ardıcıllıqla 21, 24, 27, 29, 26, 28, 25 nəfər olub. Bu isə o deməkdir ki, son statistik məlumatlara əsasən, Azərbaycanda hər günə orta hesabla 26 ölüm, hər saata isə bir ölüm düşür. 

Digər tərəfdən bəlli məsələdir ki, Azərbaycanda koronavirusla mübarizə istiqamətində kifayət qədər tədbirlər görülüb. COVID-19 virusunun diaqnostikası, habelə bu virusun törətdiyi xəstəliyin müalicəsi üçün Avropa istehsalı olan laborator testlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr ölkəyə gətirilib, ölkə ərazisində zəruri sayda müvafiq funksional laboratoriyaların fəaliyyəti təmin edilib, paytaxt və regionlarda xüsusi rejimli xəstəxanalar yaradılıb.
Bəs, bütün bunların fonunda, Səhiyyə nazirliyi ona təqdim edilən şəraitdən niyə istifadə edə bilmir? İnkişaf etmiş səhiyyəsi olan ölkədə niyə bir saatdan bir ölüm qeydə alınır? Heç bir fəaliyyəti ilə yadda qalmayan, fəaliyyətsizliyi nəticəsində nazirlikdə tam bir anarxiyanın çiçəklənməsinə misilsiz töhfə verən Oqtay Şirəliyevin vəzifədən alınması vətəndaşlarda ümid yaratmışdı desək, yanılmarıq. Amma görünür, səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev də fəaliyyətsizliyi ilə seçiləcək. Vəzifəyə təyin olunmasından 6 ay keçməsinə baxmayaraq,  səhiyyəmiz hələ də vəzifəsinin öhdəsindən layiqincə gələ bilmir, hələ də şikayətlər, narazılıqlar baş alıb gedir. Yoxsa, bu qədər ölümün başqa izahı ola bilməz. İldən-ilə, aydan-aya, gündən-günə belə artan ölüm sayları bunun sübutudur. 

Qeyd edək ki, hazırkı dövrədək ölkədə 532 min 570 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 495 min 353 nəfər müalicə olunaraq sağalıb, 7 101 nəfər vəfat edib. Aktiv xəstə sayı 30 116 nəfərdir.
 
Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR