“Heç bir sosial layihə təxirə salınmayacaq” – Nikbin proqnoz
Sfera.az xəbər verir ki, bunu yeni sabah-a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov deyib.
İqtisadçının sözlərinə görə, sosial layihələrin icrasında heç bir problem yaranmayacaq:
"Bizdə dövlət büdcəsi ilə bağlı mövcud mexanizm elədir ki, 2020-ci ilin büdcəsinin 47%-ni Dövlət Neft Fondundan daxil olan vəsait təşkil edir. Bu məbləğ təxminən 11 milyard manatdır. Dünya bazarlarında neftin qiyməti neçə olursa-olsun, stabil şəkildə hər ay dövlət büdcəsinə vəsait köçürülür. Dövlət büdcəsinin təxminən yarısı bilavasitə Neft Fondundan asılı olacaq. Dövlət büdcəmizin xərclərinin əsas hissəsini həmin fondun köçürülmələr hesabına maliyyələşdirirlər. Bura pensiya, sosial müavinətlər, büdcədən ödənilən maaşlar və s. daxildir. Bunlar əsasən Neft Fondundan köçürmələr hesabına dövlət büdcəsindən maliyyələşir. Ona görə də bilavasitə dünya bazarında neftin qiyməti ilə bağlı dövlət büdcəsindən sosial xərclərin ödənməsində heç bir ciddi problem gözlənilmir. O ki qaldı, keçən il həyata keçirilən sosial paketə, yəni güclü şəkildə maaşlar, pensiyalar artırıldı və s. onların həyata keçirilməsində həm də ona görə qorxu yoxdur ki, bizdə keçən il vergi mexanizmi dəyişdirildi. Vergi məcəlləsində 300-ə yaxın dəyişiklik edildi və həmin dəyişiklik nəticəsində "kölgə iqtisadiyyatı”na qarşı inqilabi yeniliklər əldə edildi. 2019-cu ilin yekunlarına görə, dövlət büdcəsinə planda nəzərdə tutulandan əlavə olaraq, 1 milyard manat vəsait köçürülüb. Bu özü də genişmiqyaslı sosial paketin maliyyələşdirilməsində mühüm mənbə rolunu oynayır. Bu isə maaş və pensiyaların artırılmasına imkan yaratdı”.