\"Hay-küy qoparıb erməni lobbisindən ianə almaq istəyir\" - Deputat Lüksemburqun Azərbaycana qarşı qərəzinin səbəbini AÇIQLADI
12:50 / 18.05.2021
1876
Xəbər verdiyimiz kimi ötən günlərdə Lüksemburqda fəaliyyət göstərən "Qarabağ” Mədəniyyət Mərkəzinin binası vandalizm aktına məruz qalıb. Səhər işə gələn "Qarabağ” Mədəniyyət Mərkəzinin nümayəndələri mərkəzin pəncərələrinin sındırıldığını görüblər.
Uzun illərdir ki, erməni lobbisi və ermənipərəst qüvvələr xarici ölkələrdə azərbaycanlılara qarşı təxribatlar törədirlər. Lüksemburqdakı bu cür hadisə isə ilk deyil. Belə ki, 2019-cu ildə "Qarabağ" Futbol Klubunun Çempionlar Liqası çərçivəsində Lüksemburqda baş tutan oyunu zamanı separatçı qüvvənin drona bağlanmış "bayrağı"nın sərgilənməsi, daha sonra 44 günlük Vətən müharibəsi zamanı Lüksemburq rəsmilərinin Azərbaycanın haqlı mübarizəsinə qarşı çıxması və bununla əlaqədar müxtəlif təxribat yönümlü bəyanat və çıxışlar edilməsi, həmçinin Lüksemburqda fəaliyyət göstərən "Qarabağ” mədəniyyət mərkəzinə müxtəlif qüvvələr tərəfindən hücumlar edilməsi, həmin şəxslərin kimlikləri məlum olsa da, onlara qarşı Lüksemburq rəsmiləri tərəfindən heç bir real cəza verilməməsi və s. kimi təxribatlarla üz-üzə qalmışıq.
Milli Məclisin Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Elman Nəsirov Sfera.az-a açıqlamasında deyib ki, bu cırtdan dövlət tərəfindən Azərbaycana qarşı qərəzli davranışın dəfələrlə şahidi olmuşuq:
"Lüksemburq öz hərəkətləri ilə Avropa dəyərlərini də ləkələyir, onlara hörmətsizlik edir. Bilirsiniz ki, Avropaya bəzən "qoca Avropa” deyirlər. Bəzən Avropanın qocaldığı, ağlını itirdiyi deyilir və bu, ABŞ rəsmilərinin Avropa ilə bağlı vaxtilə səsləndirdiyi fikirlərdir. Bu, Lüksemburq kimi cırtdan və beynəlxalq siyasətdə heç bir çəkisi olmayan dövlətlərin hesabınadır. Onlar bəzən öz boylarından yüksəyə tullanmaq və diqqəti özlərinə cəlb etmək istəyirlər.
Amma bilsinlər ki, dünya xəritəsində onların hətta nöqtə qədər yeri yoxdur. Eyni zamanda Lüksemburqun bütün qərəzli davranışı, işğalçının yanında olması, onu dəstəkləməsi - istər müharibə dövründə, istərsə də müharibədən sonra – bir daha hesab edirəm ki, Avropaya olan etimadı zəiflədir, Avropa dəyərlərini ayaq altına atıb tapdalayır. Avropa insan hüquqları və azadlığının keşiyində dayandığının və bu prosesin bayraqdarı olduğunun iddiasındadır. Həmin iddianı Lüksemburq heçə endirir”.
Millət vəkili xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə dəfə Lüksemburq, həmçinin Kanada dövlətlərinin anti-Azərbaycan siyasətini kəskin tənqid edib:
"Onların siyasəti başqa dövlətlərin işlərinə qarışmaqdır və bu, beynəlxalq hüquqa daban-dabana ziddir. Təəssüf ki, beynəlxalq hüquqdan eninə-uzununa danışan dövlətlər özləri buna zidd addımlar atırlar. Həmin dövlətciklərdən biri də məhz Lüksemburqdur. Onun davranışı hesab edirəm ki, heç kim üçün əhəmiyyətli deyil. Bu ölkə beynəlxalq məclisdə zalı tərk edən, amma heç kimin diqqətini özünə cəlb etməyib yenidən iclasa qayıdan dövlətlərə bənzəyir. Onların səsi-sədası beynəlxalq siyasətdə heç bir təsir gücünə malik deyil. Sadəcə hay-küy qoparmaq, hay-həşir salmaqla cırtdan dövlət beynəlxalq ictimai fikri özünə cəlb etmək istəyir, ya da dünyadakı erməni lobbisinin diqqətini çəkmək fikrindədir, yaxud ianələr almaq, "mən varam” fonunu yaratmaq istəyir. Hamısı fikrimcə, utopiyadır və belə dövlətlərin siyasəti heç bir halda Cənubi Qafqazın siyasətinə təsir edə bilməz. Azərbaycanın işi haqq işidir və biz öz yolumuzla gedirik”.
Qeyd edək ki, Lüksemburq "Qarabağ” Mədəniyyət Mərkəzində Azərbaycan mədəniyyəti təbliğ olunur və yerli əhalinin mədəniyyətimizlə tanış olması üçün müxtəlif tədbirlər keçirilir. Lüksemburq "Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə mərkəzdə azərbaycanlı mədəniyyət nümayəndələri ilə görüşlər keçirilir. Azərbaycanlı, xüsusilə də Qarabağ bölgəsindən olan rəssamların əsərlərindən ibarət sərgilər təşkil olunur.
Günay Rəsulqızı
Sfera.az