Hakerlər Lukaşenkonun gizli məlumatlarını ələ keçirib – “Yayımladıqlarımız hələ 1 faiz belə deyil”

Hakerlər Lukaşenkonun gizli məlumatlarını ələ keçirib – “Yayımladıqlarımız hələ 1 faiz belə deyil”
Belarus prezidenti Aleksandr Lukaşenko rejiminə qarşı mübarizə aparan, özünü kiber aktivist kimi təqdim edən bir qrup haker hökumətin və kəşfiyyat xidmətinin ən həssas məlumatlarını ələ keçirməyi bacarıb.
 
Sfera.az xəbər verir ki, "Belarus Kiber Partizanları" kimi tanınan haker qrupu məqsədlərinin hökumət tərəfindən törədilmiş cinayətlərin sübutlarını dərc edərək 1994-cü ildən bəri ölkənin başında duran Lukaşenko rejimini zəiflətmək olduğunu açıqlayıb.
 
Qrup iyul ayında hökumətə məxsus 5 terabaytdan çox məlumat əldə etdiklərini və indiyədək oğurlanan məlumatların 1 faizini belə yayımlamadıqlarını bildirib.
 
Hakerlər Lukaşenkonun müxalifəti darmadağın etməsinə kömək edən hər bir şəxs haqqında məlumatlar paylaşmağı planlaşdırırlar. Onlar ölkənin ən məxfi məlumatlarının bir hissəsini açıqlayıblar. Sözügedən sənədlərdə polisə çalışan mülki şəxslər, yüksək vəzifəli dövlət məmurları və casuslar haqqında şəxsi məlumatlar mövcuddur. Sənədlər arasında, həmçinin polisin idarə etdiyi pilotsuz uçuş aparatlarından və təcridxanalardan əldə edilmiş videogörüntülər, hökumətin dinləmə sistemindən gizli telefon danışıqlarının qeydləri də var. Dövlətə aid olduğu iddia edilən sənədlər içərisində COVID-19-dan ölənlərin sayının hökumətin açıqladığından daha çox olduğu da əksini tapır.
 
15 nəfərdən ibarət olan haker qrupu etiraf edib ki, bu qədər uğurlu olmalarının əsas səbəbi nazirlikdə çalışan və Lukaşenkoya qarşı olan məmurların onlara məlumat sızdırmalarıdır. 
 
Keçmiş polis və kəşfiyyat əməkdaşlarının, eləcə də sürgündə olan yüksək səviyyəli dövlət məmurlarının hakerlərin məlumat toplamasına kömək edən "BYPO” adlı qrup yaratdiqları bildirilir. 

Əzizə Zeynal
Sfera.az


OXŞAR XƏBƏRLƏR