Hafiz Paşayev üçün əlamətdar gün!

Hafiz Paşayev üçün əlamətdar gün!
 Bu gün Azərbaycanın ən görkəmli diplomatlarından biri olan Hafiz Paşayevin doğum günüdür.

Sfera.az xəbər verir ki, Hafiz Mir-Cəlal oğlu Paşayev 1941-ci il mayın 2-də Bakı şəhərində anadan olub.

O, 1963 -cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsini bitirib.

1964-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda çalışıb. 1971-ci ildə Moskvada Kurçatov adına Atom Enerjisi İnstitutunun aspiranturasını bitirib.

Hafiz Paşayev 1971-1992-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi, laboratoriya müdiri olub. 1984-cü ildə Doktorluq dissertasiyasını müdafiə edib, fizika elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. 1975-1976-ci illərdə İrvayn şəhərində yerləşən Kaliforniya Universitetində tədqiqatlarını davam etdirib.

Hafiz Paşayev 1992-2006-cı illərdə Azərbaycanın ABŞ-dakı (eyni zamanda Meksika və Kanadada) Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 14 avqust 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru təyin edilib.

100-dən artıq elmi əsərlər, iki monoqrafiya, həmçinin yerli və dünya mətbuatında dərc edilmiş müxtəlif ictimai-siyasi mövzuları əhatə edən onlarla məqalələrin müəllifidir. Xarici dillərdən ingilis və rus dillərini bilir.

Evlidir, iki övladı, dörd nəvəsi var.

Sfera.az-ın kollektivi Hafiz müəllimi doğum günü münasibətilə təbrik edir, ona uzun ömür və can sağlığı diləyir.

OXŞAR XƏBƏRLƏR