“Güzəştə gedilməsini təklif edən heç bir sənədi imzalamaq olmaz”- Türkiyəli deputatla MÜSAHİBƏ

“Güzəştə gedilməsini təklif edən heç bir sənədi imzalamaq olmaz”- Türkiyəli deputatla MÜSAHİBƏ

Türkiyə Böyük Millət Məclisinin CHP-dən olan deputatı Atilla Sertel cəbhədə baş verən son hadisələr və Qarabağ münaqişəsi ilə bağlı Sfera.az-a danışıb.

 

Türkiyəli deputatın müsahibəsini təqdim edirik:

 

- Atilla bəy, indiki məqamda Dağlıq Qarabağ münaqişəsinin həlli yolunu nədə görürsünüz? Döyüşlərə davam deməliyik ya danışıqlarla bu prosesin müsbət həllini görürsünüz?


-Qarabağ və işğal olunmuş ətraf rayonlar Azərbaycana məxsusdur. Bu torpaqlar artıq illərdir ki, Ermənistan tərəfindən mənimsənilib. Bunu bütün dünya bilir və açıq şəkildə çoxu etiraf etməsə də reallığı qəbul ediblər. Bu torpaqları indi Azərbaycanın geri istəməsi və bu yolda müharibə aparması normal haldır. Düzdür, müharibə aparmaq, can itkisinin olması yaxşı hal deyil, amma söhbət Vətəndən gedirsə onun uğrunda hər addımı atmaq başadüşüləndir.

Ermənistanın indiki məqamda ağıllı davranması, işğal olunmuş torpaqlardan çəkilməsi lazımdır. Bu problemin sülh yolu ilə, danışıqlarla həll edilməsi indi ən çox Ermənistana sərf edir, nəinki Azərbaycana. Düşünürəm ki, yaxın müddətdə Ermənistan sülh yolu ilə münaqişənin həllinə can atacaq. Çünki dünya miqyasında bu məsələdə onların yanlış olduğu ortaya çıxıb, onlar günahkar durumdadırlar.

 

- Görünən odur ki, beynəlxalq təşkilatlar sanki problemin həll olunmasında maraqlı deyillər. BMT Təhlükəsizlik Şurasının toplantılarında da hər dəfə problemin danışıqlar yolu ilə həll edilməli olduğunu desələr də Ermənistanı bu addımı atmağa sövq edəcək icra mexanizmi göstərilmir. Sizcə buna səbəb nədir?


- Beynəlxalq təşkilatların danışıqlar yolu ilə problemin həllini təklif etməsi bir neçə səbəbdən irəli gəlir. Birincisi, Ermənistan cəbhədə vəziyyət gərginləşəndən sonra çox böyük itkilər verib. Bundan başqa, onlar mülki vətəndaşlara da atəş açaraq dünya miqyasında haqsız duruma düşüblər. Erməni lobbisinin hansı səviyyədə olması hamımıza məlumdur. Bu lobbinin üstünlük təşkil etdiyi dövlətlər isə indiki məqamda danışıqlara gedilməsini istəyir. Amma gəlin, baxaq. İki ölkə arasında humanitar atəşkəs elan olunur və bunu yenə də ilk olaraq Ermənistan pozur. Danışıqlarla məsələnin həlli yolunu təklif edən dövlətlər anlamalıdır ki, Azərbaycanın müharibə etmək kimi dərdi yoxdur. Əgər ermənilər işğal olunmuş bölgələrdən çəkilməyi öz üzərilərinə götürsələr, Azərbaycan həmin gün silahı yerə qoyacaq. Amma təbii ki, burada bəzi ölkələrin təklif etdiyi gözdən pərdə asmaq üçün olan danışıqlardan söhbət getmir.


- Sizcə indiki məqamda Azərbaycan və Türkiyə diasporu lazımı səviyyədə mübarizə apara, birlik göstərə bilirmi?


- Məncə hər iki ölkənin diasporu Qarabağ həqiqətlərinin tanıdılması istiqamətində lazımı səviyyədə işlər görür. Türkiyə həm müxalifəti ilə, həm də iqtidarı ilə Azərbaycanın yanında olduğunu beynəlxalq təşkilatlar qarşısında da göstərməkdədir. Azərbaycan diasporu indiki məqamda dünya üzrə xüsusi aktivlik göstərir. Biz bunu həm siyasi arenada, həm də küçələrdə - etiraz aksiyalarında görürük. Azərbaycanın təqdim etdiyi materiallar, söylədiyi faktlar beynəlxalq ictimaiyyət tərəfindən də qəbul edilməkdədir.


- Rusiya xarici işlər naziri Sergey Lavrov Madrid prinsiplərində əks olunmuş "yol xəritəsi”ni artıq bir neçə dəfə gündəmə gətirib. Amma sizə də məlumdur ki, bu sənəddə irəli sürülən şərtlər bizim ərazi bütövlüyümüzü təmin etmir. Sizcə bu təklifə getmək nə dərəcədə doğru olardı?


- Gəlin, burada Azərbaycanın yanaşmasından əvvəl Ermənistanın yanaşmasına baxaq. Görək onlar Madrid prinsiplərinə razıdırlar? Təbii ki, yox. Onlar işğal olunmuş torpaqların geri qaytarılması ilə bağlı olan istənilən danışıqlardan, şərtlərdən üz çevirirlər. Azərbaycanın bu prinsiplərlə razılaşması məsələsinə gəlincə isə işğal olunmuş bütün rayonların geri qaytarılmasından bəhs etməyən, hansısa rayonun Ermənistana güzəştə gedilməsini təklif edən heç bir sənədlə razı olmaq düzgün deyil. Azərbaycanın işğal edilmiş bütün əraziləri geri qaytarılmalıdır, qeyri-şərtsiz.


- Məlum olduğu kimi bir neçə gün öncə Ermənistan Naxçıvanı da hədəf almaqdan çəkinmədi. Bu məsələ ilə bağlı Türkiyənin mövqeyi necədir?


- Ermənistanın Naxçıvanı hədəf almasında məqsəd cəbhənin genişləndirilməsi ilə əlaqədar idi. Onlar bu addımı atmaqla Türkiyəni də bu məsələyə cəlb etmək istəyirdilər. Ordubadın hədəf alınmasını bizdə bütün rəsmi dairələr, şəxslər qınadılar. Düşünmürəm ki, onlar yenə bu addımı təkrarlasınlar.


- Atilla bəy, Türkiyənin Azərbaycana hərbi-texniki yardım göstərməsi Ermənistandan əlavə bir neçə ölkəni də qıcıqlandırıb. Baxmayaraq ki, ermənilər özləri də Rusiyadan hərbi-texniki yardım alır, amma nədənsə Türkiyənin Azərbaycana yardım göstərməsi mənfi hal kimi xüsusi qabardılır...


- Bizim iki dövlət, tək millət sözümüzü hər halda onlar anlamır. Biz bir millətik, qardaşıq və təbii ki, yan-yana durmalıyıq. İndiki məqamda həmin dövlətlərin bu birliyi pozmağa imkanı yoxdur. Bu tarixdən gələn, qan qardaşlığıdır, bunu anlamaq lazımdır. Rusiya ilə Ermənistan arasında olan əlaqə hansısa çıxara əsaslanır. Yəni Rusiya pul əvəzində Ermənistana silah satır. İran isə "düşmənimin düşməni dostumdur” yanaşması ilə Ermənistana tərəf dayanır. Bu baxımdan Azərbaycan və Türkiyə arasında olan birliyi hansısa yanaşma, yaxud cəhd poza bilməz.


- Son olaraq bu savaşla əlaqədar olaraq fikirlərini, çağırışınızı almaq istərdik


- Mən ilk olaraq iki ölkə arasında olan savaşın bitməsini, can itkisinin olmamasını istəyirəm. Amma dediyim kimi, burada əsas məsələ Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsidir. Xocalı qətliamı ilə başlayan işğalın sonlanması və Azərbaycan sərhədlərinin doğru xəritəsi dünya tərəfindən tanınmalıdır.

 

 

Sfera.az

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR