Stalin Nadejda Krupskayanı niyə təhqir edib? – Ölüm ayağında olan Leninin son günləri
Gündəm
15:09 / 21.01.2022
1967
Yanvarın 21-i Vladimir İliç Leninin
vəfat etdiyi gündür. 98 il əvvəl, 1924-cü ilin bu günü proletarların rəhbəri qurduğu
hökumətin bəhrəsini gözüdolusu görmədən 53 yaşında dünyaya əlvida deyib.
Sfera.az dünyanın siyasi mənzərəsinə
yenilik gətirən, ilk kommunist dövlətini yaradan Leninin siyasi fəaliyyətinin bəzi
məqamları haqqında yazını təqdim edir.
Uzun illər Vladimir İliçi bizlərə
ideal rəhbər kimi təqdim ediblər. Daha doğrusu, Lenin sovetlər dönəmində
yaşayan insanların yaddaşında çiyinlərində şalban daşıyan, Azərbaycandan göndərilən
alma sovqatını kimsəsiz uşaqlarla bölüşən, fəhlələrin və kəndlilərin təəssübünü
çəkən bir rəhbər kimi qalıb. Oktyabryat, pioner, komsomol sıralarına keçəndə
milyonlarla insan Lenin ideyalarına öz sevgisini, sədaqətini nümayiş etdirib. Bəzi
insanlar sovet ideologiyasının təsiri və təzyiqi altında "Leninçi” adını
daşısalar da, bəzilərinin "dahi” rəhbərə sevgisi tam səmimi olub. Ancaq zaman
keçdikcə, arxivlər açıldıqca Lenin "baba”nın da görünməyən, bilinməyən üzləri
açılıb.
Valdimir İliç Leninin ömrünün son
illərində Stalin hakimiyyətə sahib olmaq uğrunda bütün vasitələrə əl atıb. Hətta
o, hakimiyyəti ələ keçirmək üçün Lenini bütün siyasi proseslərdən təcrid edərək,
həbs vəziyyətində saxlayıb.
1922-ci ilin may ayında Leninin
beyninə qan sızması Kremldə gərgin vəziyyət yaradıb. Hakimiyyət uğrunda amansız
mübarizə pik həddə çatıb. Leninin silahdaşları, xüsusilə, Trotski həmin vaxt
çox populyar olub. Fikir ayrılıqları və siyasi çəkişmələr kəskin şəkildə özünü
büruzə verib.
Bu məsələdə Lenin fikrini açıq
bildirib, Stalinin partiyaya rəhbərlik etmək bacarığına şübhə ilə yanaşdığını
ifadə edib (o zaman Stalin hələ yenicə partiyanın baş katibi seçilmişdi). Lenin
1922-ci ilin noyabrında Siyasi Büronun üzvlərinə müraciət edərək, Stalini açıq
şəkildə tənqid etməkdən çəkinməyib. Stalin bu tənqidlə bağlı daxilində son qərarını
verib: "Leninə münasibətdə sərtlik göstərməyin vaxtı çatıb”.
Sövdələşmələr nəticəsində 30 dekabr
1922-ci ildə Mərkəzi Komitə üzvləri şəxsən Stalinin qarşısında Lenini partiya
yoldaşları ilə birbaşa əlaqə saxlamaq imkanından məhrum etmək və onlarla
yazışmağa qadağa qoymaq, ümumilikdə onun siyasi proseslərdən təcrid etmək məsələsini
qaldırıblar. Mərkəzi Komitə belə bir qərar qəbul edib ki, yalnız Stalinin
müvafiq icazəsindən sonra və həkimlər buna öz razılıqlarını bildirdikləri
hallarda Leninə partiyanın rəhbər instansiyalarının qərarları haqqında məlumat
vermək olar.
Beləliklə, Leninin taleyi Stalinin
iradəsindən asılı vəziyyətə düşüb, inqilabın rəhbərləri isə həmin vaxt bu
situasiyaya qarışmağa çox da cəhd göstərməyiblər. Mövcud vəziyyətdə o cümlədən
Trotskinin də cəhdləri mənasız olub.
Məktubun məzmunundan xəbərdar olan
Stalin hədsiz dərəcədə qəzəblənib: "Qoca (Stalin Leninə belə ləqəb qoyub)
qadağaya baxmayaraq, Trotskiyə necə məktub göndərə bilib?”. Daha sonra Stalin
Leninin həyat yoldaşına zəng edərək onu təhqir edib və intizamsızlığa görə cəzalandırmaqla
hədələyib. Krupskaya bu haqda Leninə heç nə deməyib.
Dekabrın 22-dən 23-nə keçən gecə
növbəti dəfə Leninin beyninə qan sızanda o, Stalin tərəfindən göstərilən təzyiqdən
şikayətlənərək yalvarıb ki, onu şəxsi həyatına edilən bu kobud müdaxilədən, eləcə
də təhqir və nalayiq hədə-qorxudan müdafiə etsinlər. Lakin bu etirazların
Kremldəki vəziyyətə heç bir təsiri olmayıb. İflic olmuş və yorğan-döşəyə düşmüş
Lenin Stalinin iradəsindən asılı olaraq qalmaqda davam edib.
1923-cü il dekabrın 23-də ölümünün
yaxınlaşdığını hiss edən Lenin katibəyə qurultaya göndərəcəyi məktubu diqtə
edib. Həmin məktubda Lenin Mərkəzi Komitənin heyətinin genişləndirməyi təklifini
irəli sürüb. Katibə qız həmin məktubu dərhal Stalinə təhvil verib. Məktubu
oxuyan Stalin Leninin səhhəti ilə maraqlanıb, daha sonra soyuqqanlı şəkildə
katibəyə əmr edib: "Yandırın məktubu!”. Qız əmri yerinə yetirsə də, Leninin
seyfində həmin məktubun dörd əlavə nüxsəsinin saxlanması faktını Stalindən gizlədib.
24 dekabrda, "Qoca” öz məktublarını
diqtə etməyə davam edən vaxt Stalin həkimlərin müşavirəsini keçirib və Siyasi
Büronun adından onları aşağıdakı qərarı qəbul etməyə məcbur edib:
"Lenin hər 5-10 dəqiqədən bir diqtə
etmək hüququna malikdir, lakin onun diqtə etdiyi qeydlər məktub xarakterinə
malik olmamalıdır və o öz göndərdiklərinə cavab gözləməməlidir. Dostları və
yaxın qohumları Leninə siyasi xarakterli heç bir xəbər çatdırmamalıdırlar”.
Elə həmin gün Lenin öz məktubunda
aşağıdakı məzmunda qeydlərini diqtə edib: "Baş katib vəzifəsinə gələn Stalin öz
əlində qeyri-məhdud hakimiyyət cəmləşdirmişdir və mən onun bu hakimiyyətdən
kifayət qədər ehtiyatla istifadə edəcəyinə əmin deyiləm”.
Bununla da Lenin həmin hüdudsuz səlahiyyətləri
məhdudlaşdırmağın və Stalini öz vəzifəsindən azad etməyin zəruriliyini vacib
sayıb. Ancaq bunun da heç bir nəticəsi olmayıb.
21 yanvar 1924-cü ildə Lenin vəfat
edəndə Stalin təntənəli dəfn mərasimi hazırlamağı əmr edib. Stalin partiya rəhbərini,
Lenini yüksəkllərə qaldırmaqla, növbəti partiya rəhbərinin, yəni özünün də yüksəklikdə
olduğunu ifadə edib.
Sovet liderləri arasında şəxsiyyətə
pərəstiş məsələsi İosif Stalinin üzərində daha çox qabardılsa da, Vladimir İliç
Lenin heç də ondan geri qalmayıb, Leninin hələ sağlığında mifləşdiriblər.
Statistik rəqəmlər Leninin şəxsiyyətə pərəstiş məsələsinə kifayət qədər
aydınlıq gətirir.
Leninin ilk büstü hələ sağlığında,
7 noyabr 1918-ci ildə Voronejdə qoyulub, 1919-cu ildə büstlərin sayı 20-yə
çatıb, 1920-ci ildən büst və abidələrin qoyulması kütləvi şəkil alıb.
Keçmiş SSRİ-də və digər ölkələrdə
Leninin abidələrinin sayını dəqiq müəyyənləşdirmək mümkün olmayıb. Təxmini
hesablamalara görə, onların sayı 4 min yaşayış məntəqəsində olmaqla 8 mini
ötüb.
Leninin adını daşıyan yaşayış məntəqələrinin
sayını da dəqiqləşdirməkdə problem yaranıb. 1990-cı ilin təxmini statistikasına
görə, bu adla bağlı 10 mindən artıq şəhər, rayon, qəsəbə və kəndlər olub.
SSRİ-də 8637 küçə və prospektə
Leninin şərəfinə onun adı adı verilib.
SSRİ-də pul əskinazlarının üzərində
də Leninin şəkli əks olunub.
Moskva, Leninqrad, Kiyev, Bakı və
Daşkənd metropolitenləri də Leninin adına olub.
Leninin adı ilə bağlı 1000-dən
artıq mətbu orqan, qəzet və jurnallar çıxıb. Vladimir İliçin seçilmiş əsərlərinin
tirajı isə milyonları keçib.
Lenin Xalq Komissarları Sovetinin sədri
kimi öz adının hansısa bir müəssisəyə, təhsil ocağına verilməsi ilə bağlı rəsmi
sənədlərə özü imza atıb. Bunu "ideal” və "sadə” rəhbərin "kommunist təvazörkarlığı”
da adlandırmaq olar.
Amma bu şişirtmələrin, yaradılan
miflərin ömrü uzun çəkməyib. SSRİ süquta uğrayandan sonra abidələr aşırılıb, şəhərlərin,
küçələrin, meydanların adları dəyişdirilib, insanların beyninə sürətlə yeridilən
Lenin, elə yaddaşlardan da sürətlə silinməyə başlanıb.
Sfera.az