“Həm mətni oxuyum, həm də kameraya baxım?” – Sovet liderlərinin canlı efir sərgüzəştləri

“Həm mətni oxuyum, həm də kameraya baxım?” – Sovet liderlərinin canlı efir sərgüzəştləri
"Mən sizin işinizi anlaya bilmirəm. Necə ola bilər ki, həm əlimdəki mətni oxumalıyam, həm də kameraya baxmalıyam. Siz bunu mənə izah edə bilərsinizmi? Axı eyni vaxtda iki işi görmək mümkün deyil…” – bu cür irad və narazılıqlarla Leonid Brejnev Yeni il öncəsi xalqa təbrik müraciətininin çəkilişi zamanı mərkəzi televiziyanın işçilərini çıxılmaz vəziyyətə salıb.



Dünyanın bir çox ölkələrində olduğu kimi SSRİ-də də ölkə rəhbərləri Yeni il münasibətilə xalqa təbrik müraciəti ünvanlayıblar. Sovet liderləri Yeni il axşamı radio və televiziya vasitəsi ilə ölkə vətəndaşlarını təbrik ediblər.

Sfera.az növbəti yazıda Kreml birincilərinin Yeni il təbrikləri ilə bağlı maraqlı detallardan bəhs edəcək.

İlk növbədə qeyd edək ki, dövlət başçılarının Yeni il münasibətilə xalqa təbrik ənənəsi 1932-ci ildə Böyük Britaniyada "BBC” korporasiyasının başçısı Con Reyt tərəfindən qoyulub. Bundan sonra digər ölkələrdə də bu ənənə tətbiq edilib. SSRİ-də isə ölkənin birinci şəxsinin Yeni il təbriki bayram atributlarından birinə çevrilib.

İlk dəfə SSRİ vətəndaşlarını Yeni il münasibətilə 1936-cı ildə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri Mixail Kalinin radio vasitəsi ilə təbrik edib. Amma bu təbrik ənənə halına çevrilməyib.

Növbəti dəfə ölkə rəhbərliyi vətəndaşları 1941-ci ildə təbrik edib. Mətni radio vasitəsi ilə xalqa çatdırmaq bu dəfə də Kalininə həvalə olunub. Təbrik əsasən alman faşizminə qarşı mübarizə aparan döyüşçülərə ünvanlanıb. Kalinin öz təbrik təcrübəsini 1944-cü ildə də təkrar edib və bununla da ölkə rəhbərliyinin Yeni il təbriki ənənəsi dayandırılıb.



Yalnız 10 ildən sonra, 1954-cü ildə xalqı təbrik etmək ənənəsi yenidən yada düşüb. Bu dəfə bu missiyanı SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Kliment Voroşilov öz üzərinə götürüb.

Nikita Xruşovun hakimiyyəti dövründə Yeni il təbrikini diktorlar səsləndiriblər. Təbriklərin sonunda konkret adlar çəkilməyib, ali orqanların adları səsləndirilib: Sov.İKP MK, SSRİ Ali Soveti, SSRİ Nazirlər Soveti.

Leonid İliç Brejnevin hakimiyyətə gəlişişindən sonra baş katibin Yeni il təbriki əsl bayram ənənəsinə çevrilib.

Brejnev xalqı televiziya vasitəsilə təbrik edib. Onun ilk təbrikləri yeni ilə bir neçə saat qalmış başlayıb. Baş katibin müraciəti təbrikdən daha çox ilin hesabat yekunlarına bənzəyib. Brejnev il ərzində görülmüş işlərdən, əldə olunmuş nailiyyətlərdən uzun-uzadı danışıb. Nəhayət, 1974-cü ildən Bejnevin təbrik nitqi 5 dəqiqədən ibarət olub, yeni ilə 5 dəqiqə qalmış o, efirdə görünüb. Təbii ki, bu təbriklər zamanı maraqlı hadisələr də az olmayıb.

Brejnevin 5 dəqiqəlik canlı efirə çıxması mərkəzi televiziya rəhbərləri üçün ən çətin məqamlar sayılıb. 5 dəqiqəlik təbrik üçün baş katibi ən azı iki-üç saat bu çıxışa hazırlayıblar. Bərbər saçını darayıb, köməkçisi eynək seçib, katibliyin rəhbəri mətni hazırlayıb və s. Amma Brejnev bu hazırlıq işlərindən razı qalmayıb və televiziya işçilərinə həm mətni oxumağın, həm də eyni zamanda kameraya baxmağın mümkünsüz olduğunu bildirib.



Qısa müzakirələrdən sonra televiziya rəhbərliyi çıxış yolu tapıb. Həmin vaxtlarda telesuflyor olmadığından oxşar bir variantdan istifadə edilib. İri vatman kağızlara təbrik mətni yazılıb. Bu Brejnevi qane edib. Amma bunun da bir əmması çıxıb. Təbrik bir vatman kağızına yerləşmədiyindən bir neçə vatman kağızından istifadə olunub və onları ardıcıllıqla dəyişəndə bu Brejnevi çaşdırıb və nitqi yarımçıq qalıb. Buna da çarə tapılıb. Mətni divar kağızına (oboy) yazıblar və Brejnev oxuduqca onu yavaş-yavaş qaldırıblar.

Brejnev efirə çıxmamışdan əvvəl ətrafdıkılara eyni sualı bir neçə dəfə təkrar verib: "Necə görünürəm?”
 
Ən müşkül məsələ isə baş katibin qalstuku ilə bağlı olub. O, 5 dəqiqəlik çəkiliş üçün ən azı 7-8 qalstuk dəyişib. Bu cür çətinliklərlə Brejnev 1979-cu ilə qədər sovet vətəndaşlarını təbrik edib.

1980-ci ildən SSRİ rəhbərliyinin vətəndaşlara Yeni il təbrikini məşhur diktor İqor Kirillov çatdırıb.



Yuri Andropov və Konstantin Çernenko öz qısa müddətli hakimiyyətləri dövründə Yeni il təbriki ilə bağlı efirə çıxmayıblar.Yalnız 1985-ci ildə hakimiyyətə gələn Mixail Qorbaçov Yeni il təbriki ənənəsini bərpa edib. Ancaq o, əvvəlkilərdən fərqli olaraq vətəndaşları "Ostankino”dan yox, Kremldəki kabinetindən təbrik edib.



SSRİ-nin süqutundan sonra Rusiyada dövlət başçılarının yeni il təbriki ənənsi davam etdirilib. Boris Yeltsin bu ənənəyə bir yenilik də gətirib, o, əlində şampan şərabı ilə dolu qədəhlə xalqı təbrik edib.
 
Yeni il təbriklərinin birində Rusiyada prezidentin yeni il münasibətilə ənənəvi təbriki isə baş tutmayıb. Bu missiyanı həyata keçirməyi tanınmış satirik Mixail Zadornova həvalə ediblər. Satirik əvvəlcə məsələnin nə yerdə olduğunu anlamayıb. Ona başa salıblar ki, Yeltsin ciddi məşğuldur.

Zadornov gülümsəyərək deyib:

- Hə, indi anladım, "zapoy…”


Onu da qeyd edək ki, Yeni ilin rəsmi qarşılanması ənənəsi SSRİ-də 1935-ci ildən qoyulub. 1947-ci ildən isə bu bayram daha təntənəli qeyd olunmağa başlanıb. Belə ki, 1947-ci ildən yanvar ayının 1-i istirahət günü elan edildikdən sonra ölkə vətəndaşları  bayram gecəsi keçirmək imkanı əldə ediblər. Bu tarixdən bayramın kütləvi və təmtəraqlı keçirilməsinin digər səbəbi isə həmin ərəfədə kart sisteminin birdəfəlik ləğvi olub. Müharibədən çıxmış ölkədə kart sisteminin ləğvi, piştaxtalarda ərzaq məhsullarının peyda olması bayram keçirmək marağını bir az da artırıb.

İlham Cəmiloğlu
Sfera.az
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

OXŞAR XƏBƏRLƏR

"Bu müstəqillik tarixinin ən böyük büdcəsidir" - Deputat

"Bu gün müstəqillik tarixinin ən böyük büdcəsini müzakirə edirik”.   Sfera.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin b...

"Dini təhsilə daha çox vəsait ayrılmalıdır" - Fazil Mustafa

"Dini təhlükəsizliyimizlə bağlı ciddi problemlər var".    Sfera.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bugünkü p...

"Ermənilərin “Qərbi Ermənistan” iddiası birbaşa ərazi iddiasıdır" - ŞƏRH

Fransanın Ermənistandakı səfiri Olivye Dekottinin son addımı müzakirə obyekti olub. Belə ki, o, İran ərazisində Qərbi Azərbaycan vilayətinin xəritəsini “t...

Qazaxıstan Azərbaycan üzərindən neft ixracını bir neçə dəfə artıracaq - RƏSMİ

2024-cü ildə Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə nəql edilən neftinin miqdarı 1,5 milyon ton olacaq. Gələcəkdə Qazaxıstan ixrac həcmlər...

"Kök pişiyə oxşayırsan"... - Aptek müdiri işçini niyə döyüb? + TƏFƏRRÜAT

Bakıda aptekdə baş verən insidentin təfərrüatları məlum olub.    Sfera.az  lent.az-a istinadən xəbər verir ki, məlum hadisə təqribən 3 ay ə...

"Real"ın ulduz futbolçusu zədələndi

İspaniyanın "Real" klubunun ulduz futbolçusu Vinisius Junior zədələnib.   Sfera.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi say...