Ərzaq və daşınmaz əmlak ucuzlaşacaq – VƏZİYYƏT ELƏ BİR HƏDDƏ ÇATIB Kİ...

Ərzaq və daşınmaz əmlak ucuzlaşacaq – VƏZİYYƏT ELƏ BİR HƏDDƏ ÇATIB Kİ...

Koronavirusun dünya iqtisadiyyatında yaratdığı böhran bütün əmtəələrin ucuzlaşmasına səbəb olur. Ən mühüm əmtəə olan neftin daha çox dəyər itirməsi isə ucuzlaşmanı bir qədər də sürətləndirir. Son məlumatlara əsasən, qiymətli metallar istisna olmaqla bütün əsas ərzaq və qeyri-ərzaq malları ucuzlaşır.


Sfera.azxatırladır ki, ucuzlaşmanın birinci əsas səbəbi tələbin, yəni alıcılığın zəifləməsidir. Koronavirusun təhlükəli səviyyədə yayılmasından sonra insanların iqtisadi aktivliyində xeyli dərəcədə azalma baş verib. Turist səfərləri azalıb, virusun yayıldığı ölkələrdən mal idxalı məhdudlaşdırılıb, vurusa yoluxmamaq üçün ticarət əməliyyatları kiçildilib və s.. Bu dəyişikliklər ona gətirib çıxartdı ki, həm xarici, həm də daxili ticarətdə daralma baş verdi. Miqdar ifadəsində ticarət dövriyyəsinin azalması malların qiymətinin xeyli dərəcədə aşağı düşməsinə səbəb oldu. Bununla şirkətlərin gəliri azaldığına görə onların topdan və pərakəndə ticarəti azaldı.


Vəziyyət elə bir həddə gəlib çatıb ki, şirkətlər öz məhsullarını əvvəlki səviyyədə sata bilmək üçün qiymətləri daha çox endirirlər. Əmtəə bazarında müşahidə edilən ucuzlaşmanı neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsi bir qədər də gücləndirib.Neft qiymətləri ümumi tələbin azalması ilə bağlı olaraq düşürdü. Yanvar ayının ilk günlərində qiyməti 70 dollar olan Brent neftinin dəyəri martın ilk günlərinə kimi 45 dollara qədər geriləmişdi. Amma OPEC-lə Rusiyanın hasilatı bir qədər də azaltmaq barədə razılağa gələ bilməməsi və bunun ardınca neft bazarında Səudiyyə Ərəbistanın öncüllüyündə qiymət müharibəsinin başladılması neftin qiymətini bir qədər də aşağı saldı. Qısa müddətdə Brent neftinin qiyməti 33-34 dollara qədər gerilədi. Ümumilikdə, yanvarın ilk günlərindən indiyə qədər Brent nefti hər bareldə 36-37 dollar ucuzlaşdı.

 

Neftin belə kəskin ucuzlaşması digər malların qiymətdən düşməsini bir qədər də gücləndirib. İndi elə bir vəziyyət yaranıb ki, hər keçən gün əmtəələrin ucuzlaşmasında yeni rekord qeydə alınır. Martın 15-nə olan məlumata əsasən, ilin əvvəlindən bəri ən əsas əmtəə olan neft ucuzlaşıb. Yanvarın 1-nə nisbətən hazırkı qiymətlər Brent neftində 47 faiz aşağıdır. Neftlə bərabər neft məhsulları da ucuzlaşır. O cümlədən kerosin 44 faiz, benzin 45 faiz, mazut 42 faiz dəyər itirib. Ucuzlaşma təbii qazda da müşahidə olunur. İlin əvvəlindən təbii qaz qiymətləri 14 faiz enib.

 

Yanacaqdan başqa qeyri-ərzaq malları arasında mühüm əmtəələrdən sayılan taxta-şalban 18 faiz, sink 13 faiz, nikel 12,5 faiz, pambıq 12,3 faiz, mis 12 faiz, qurğuşun 8,6 faiz, qalay 7,6 faiz, alüminium 5,6 faiz ucuzlaşıb. Ərzaq məhsullarında da qiymət enməsi hiss edilir. İlin əvvəli ilə müqayisədə soya yağı 24 faiz, mal əti 23 faiz, qəhvə 18 faiz, şəkər 13 faiz, paxlalılar 10,2 faiz, buğda 9,6 faiz, yulaf 7,8 faz, qarğıdalı 5,5 faiz, kakao 4,5 faiz dəyər itirib.


Ərzaq və qeyri-ərzaq mallarında ucuzlaşma böyük miqdarda istehlak malları idxal edən Azərbaycanda da müşahidə oluna bilər. Əgər dollar/manat məzənnəsi Mərkəzi Bankın bildirdi kimi dəyişməyəcəksə, o halda ölkəmizdə ərzaq və qeyri-ərzaq malları mart ayından ucuzlaşmalıdır. Çünki bu məhsulların dollarla ifadədə qiymətində ciddi azalma var və bu idxalda da özünü göstərməlidir.

 

Azərbaycanın idxal etdiyi məhsulların təxminən yarısı istehlak mallarıdır. Onun da təxminən 30-35 faizi ərzaq məhsullarından ibarətdir. İstehlak malları ilə yanaşı ölkəmizə digər aralıq məhsullar da idxal edilir ki, onlardan da daxildə müxtəlif növ istehlak məhsulları istehsal edilir. Deməli, xaricdə ərzaq və qeyri-ərzaq mallarının ucuzlaşması yalnız idxal olunan istehlak malların deyil, həm də ölkəmizdə istehsal edilən istehlak mallarının da qiymətinə azaldıcı təsir göstərir. Son məlumatlara əsasən, Azərbaycanda pərakəndə ticarətdə idxal mallarının payı 36-37 faizdir. Bakıda bu göstərici 40-41 faiz təşkil edir. Bu onu göstərir ki, xaricdə baş verən ucuzlaşma ölkəmizdə satılan malların 40 faizə qədərinin tezliklə ucuzlaşmasına əsas yaradır. Bir qədər sonra isə ucuzlaşmadan yerli istehsal malları da öz payını alacaq.

 

Azərbaycanda ərzaq və qeyri-ərzaq mallarının ucuzlaşmasına xarici turizmin zəifləməsi, restoran, şadlıq sarayları və başqa iaşə obyektlərində fəaliyyətin məhdudlaşması da kömək edəcək. Həmin obyektlərdə dövriyyə kiçildiyindən daxili bazarda istehlak mallarına tələb zəifləyəcək. Alıcılığın zəifləməsi malların qiymətinin aşağı düşməsinə dəstək olacaq.

 

Ucuzlaşmaya dollarla yığımlar da təsir edəcək. Məlumdur ki, devalvasiya qorxusu ilə əlaqədar manatla yığımı olan insanların əksəriyyəti öz vəsaitini dollara dəyişir. Martın 7-dən başlayaraq bununla bağlı banklarda böyük əməliyyatlar həyata keçirilir.İndiyə qədər 1,7 milyard manatdan artıq vəsait dollara dəyişdirilib. Bu qədər vəsaitin dollara dəyişdirilməsi onu göstərir ki, həmin pullar xərclənməyəcək, hələ bir müddət saxlanılacaq. Yığılan pulların xərclənməməsi ölkəmizdə bir sıra bahalı qeyri-ərzaq mallarının alışını azaldacaq ki, bu da həmin malların ucuzlaşmasına gətirib çıxaracaq. İnsanlar yığdıqları pullardan əsasən avtomobil, daşınmaz əmlak, qızıl-zinət əşyaları almaq üçün istifadə edir. Həmin pullar xərclənmədiyindən qarşıdakı dövrdə adıçəkilən bahalı əmlakların ucuzlaşmasına əsas yaranacaq.

 

Xatırladaq ki, yaxın tariximizdə idxal mallarının ucuzlaşması səbəbindən ölkəmizdə qiymətlərin aşağı düşməsi təcrübəsi var. 2008-2009-cu illərdə qlobal iqtisadiyyatda böhran yaşandı və bütün əmtəələr, o cümlədən neft ucuzlaşdı. Həmin dövrdə Azərbaycanda dollar/manat kursu sabit qaldığından qiymət artımları cüzi oldu, ərzaq məhsulları isə ucuzlaşdı. 2007-ci ildə 16,7 faiz, 2008-ci ildə 20,8 faiz inflyasiya olduğu halda, 2009-cu ildə inflyasiya səviyyəsi 1,5 faizə düşdü. Həmin dövrdə ərzaq məhsullarında 1,5 faiz ucuzlaşma baş verdi. Böhrandan sonra 2010-cu ildə inflyasiya səviyyəsi yenidən artaraq 5,7 faizə, 2011-ci ildə 8 faizə çatdı.


Eyni ssenarinin 2020-ci ildə də təkrarlanması mümkündür.

 

 

 

Vasif

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR