Ermənistan dərk edir ki, başqa yolu yoxdur – Deputat

Ermənistan dərk edir ki, başqa yolu yoxdur – Deputat
Sfera.az deputat Cavanşir Feyziyevin müsahibəsini təqdim edir:

- Сavanşir müəllim, pandemiya dövründə yaşayırıq. Prezident İlham Əliyevin təşəbbüsü ilə bu istiqamtdə mühüm addımlar atılıb. Xüsusilə beynəlxalq ictimaiyyət İlham Əliyevin COVID-19 pandemiyasına, peyvənd millətçiliyinə qarşı qlobal mübarizəsini və təşəbbüslərini dəstəkləyir. Dekabrın 16-da BMT-nin Baş Assambleyasında Azərbaycan tərəfindən Qoşulmama Hərəkatının adından irəli sürülmüş COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi ilə bağlı qətnamə qəbul edildi. 179 ölkənin dəstəyi ilə qəbul edilən qətnamənin əleyhinə heç bir ölkə səs vermədi. Deyə bilərik ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyasına qarşı mübarizə naminə beynəlxalq səylərin səfərbər edilməsi sahəsində qlobal liderliyini davam etdirir. Eyni zamanda, Azərbaycan pandemiya dönəmində digər ölkələrə yardımlar da edir. Sizin bunlarla bağlı fikirlərinizi bilmək istəyərdik...

- Dünya Səhiyyə Təşkilatı tərəfindən pandemiyanın elan olunduğu ilk günlərdən ölkə daxilində pandemiyaya qarşı tədbirlər görülməyə başladı. Əhalinin ətraflı məlumatlandırılması, səhiyyə müəssisələrinin pandemiya şəraitinə uyğunlaşdırılması, müalicə-profilaktika işlərini lazımi səviyyədə təşkil olunması üçün tədbirlərin görülməsi Azərbaycan dövləti tərəfindən atılan ilk addımlar idi. Lakin həmin vaxt Azərbaycanın həm də Qoşulmama Hərəkatına və Türk Şurasına sədrlik etməsi dövlətimizin üzərinə daha böyük məsuliyyət qoyurdu. Azərbaycan Prezidenti İlham Əliyev təkcə ölkə daxilindəə deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində pandemiyaya qarşı mübarizənin təşkil olunmasında mühüm rol oynadı. Görülən tədbirlərin, irəli sürülən təşəbbüslərin Dünya Səhiyyə Təşkilatı ilə birlikdə həyata keçirilməsi bu tədbirlərin təsirini daha da artırdı və pandemiyaya qarşı qlobal mübarizədə Azərbaycanın rolunu önə çıxartdı.

Məhz buna görə Azərbaycan Prezidenti tərəfindən BMT-nin xüsusi sessiyasının keçirilməsi ilə bağlı irəli sürülmüş təşəbbüs dünya ölkələrinin böyük əksəriyyəti tərəfindən dəstəkləndi və bütün bunlar dünya miqyasında pandemiyaya qarşı mübarizənin təşkilinə böyük töhfə verdi. İnkişaf etmiş aparıcı ölkələrin özlərini təcrid etdiyi və ilk növbədə özlərini xilas etmək haqqında çalışdığı bir vaxtda İlham Əliyev vaksinlərin bütün ölkələr arasında ədalətli şəkildə bölünməsi, kasıb ölkələrə bu mübarizənin təşkilində yardım edilməsi təşəbbüsləri və tələbi ilə dünya birliyinə müraciət etdi. Azərbaycan dövləti tərəfindən Dünya Səhiyyə Təşkilatına və 30-dan çox ölkəyə yardım edildi. Bütün bunlar beynəlxalq səviyyədə Azərbaycan ədalətinin və humanizminin etiraf olunmasına səbəb oldu. Xüsusilə, Azərbaycanın rəhbərliyi altında Qoşulmama Hərəkatının tarixdə ilk dəfə qlobal problemlərin həllində göstərdiyi fəallıq bu təşkilatın beynəlxalq nüfuzunun artmasına gətirib çıxardı. Bütün bunlarla yanaşı, həm də pandemiya dövründə mənfur qonşularımızın təxribatları nəticəsində müharibənin başlanmasını və onun möhtəşəm qələbə ilə başa çatdığını da xatırlasaq, Azərbaycanın son 2-3 ildə nə qədər ağır problemlərin öhdəsindən layiqincə gəldiyini görərik. Azərbaycan həm qlobal pandemiyaya qarşı mübarizədə və həm də işğalçı dövlətlə müharibədə qalib gəldi.

Pandemiya dövründə dövlətlərin həm ölkə daxilində və həm də beynəlxalq miqyasda səylərini və əldə etdikləri nəticələri müqayisə etsək, Azərbaycan ən ön sıralarda olduğunu görərik. Bütün bunlara görə biz öz dövlətimizlə və onu hər zaman ən çətin sınaqlardan məharətlə çıxaran prezidenti ilə fəxr edirik.

- Bir müddət öncə Brüssel görüşünün vaxtı bəlli olduqdan sonra Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Ermənistan və Rusiya dövlət rəhbərlərinin iştirakı ilə Soçi görüşü baş tutdu. Siz bu görüşü, orada alınan qərarları, birgə bəyannaməni necə qiymətləndirisiniz?

- Soçi görüşü bəzi analitiklərin düşündüyü kimi, spontan bir görüş deyildi. Bu üçtərəfli görüş daha əvvəl Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri arasında baş tutmuş görüşlərin məntiqi davamı idi. Həmin görüşdə müzakirə olunan məsələlər və qəbul olunan qərarlar da müharibədən sonra Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına yönələn addımların atılmasını şərtləndirir və bu baxımdan bütün bölgə dövlətlərinin, o cümlədən Azərbaycanın maraqlarına tamamilə cavab verir.

- Deyə bilərikmi, Soçinin ardınca Azərbaycan Avropa - Brüssel masasından da qalib ayrıldı?

- Əlbəttə, Brüssel görüşləri Azərbaycanın mövqeyinin daha geniş və daha ətraflı şəkildə və eyni zamanda daha böyük auditoriyaya çatdırılması və qəbul etdirilməsi baxımından çox əhəmiyyətlidir. Prezident İlham Əliyevin həm Şərq Tərəfdaşlığı Sammitində iştirakı və Sammitin Yekun Bəyannaməsində Azərbaycanın mövqeyini dəstəkləyən və daha da gücləndirən bəndlərin yer alması və eləcə də Sammitin keçirildiyi günlərdə baş tutmuş bir sıra ikitərəfli görüşlər Azərbaycana bir daha öz mövqeyini elan etmək və ona dəstək qazandırmaq baxımından çox faydalı oldu. Ermənistan baş naziri ilə keçirilən görüşdə isə Zəngəzur dəhlizinin bir hissəsi olan dəmiryolunun tikintisinə başlamaq haqqında qərarın qəbul olunması sizin dediyiniz kimi, Azərbaycanın Brüssel masasından da qalib ayrıldığının əsas göstəricisidir.

- Brüsseldə zəfər savaşından sonra ilk dəfə Azərbaycan və Ermənistan rəhbərləri təkbətək görüşdülər. Sizcə, Brüssel görüşü Soçi görüşündən hansı parametrlərinə görə fərqləndi və kənardan bu görüşü, görüşdən sonrakı mesajları, alınan qərarları necə oxumaq olar?

- Bu çox vacib idi. Müharibədə üz-üzə gəlmiş ölkə rəhbərlərinin birbaşa ikitərəfli görüşü həm psixoloji baxımdan, həm də siyasi baxımdan o qədər də asan deyil. Bu sindrom nə qədər tez aradan qaldırılarsa, post-müharibə dövrünün problemləri də o qədər tez öz həllini tapa bilər. Bu görüşdən sonra Ermənistan baş nazirinin öz ölkəsinə qayıtdıqdan sonra səsləndirdiyi fikirlər də bir daha bunu sübut edir. Az öncə qeyd etdiyimiz kimi, bu görüşdə iki tərəf arasında qərara alınan əsas məsələ dəmiryollarının açılması ilə bağlı idi. Belə bir qərarın qəbul edilməsi Ermənistan rəhbərliyi üçün xüsusilə çətin və ağır bir məsələ idi. Buna baxmayaraq görüşün üzbəüz və ikitərəfli formatda keçirilməsi bu qərarın reallaşmasına zəmin yaratdı. Bütün bunlar göstərir ki, Ermənistan siyasi rəhbərliyi Azərbaycanın irəli sürdüyü təklifləri qəbul etməkdən başqa yolun olmadığını dərk edir.

- Sanki bu görüşdən tərəflər daha məmnun, daha müsbət notlarla ayrıldı...

- Bu, doğrudan da belədir. Azərbaycan tərəfi addım-addım öz qarşısına qoyduğu məqsədlərə nail olur. Ermənistan isə ölkə daxilindəki müxalif siyasi qüvvələrin uzun illər ərzində və beynəlxalq erməni diasporunun müqavimətini qıra-qıra bölgədə sülh şəraitinin yaradılmasına doğru xırda addımlar atmağa başlayır və anlayır ki, bütün bunlar ilk növbədə Ermənistanın özü özünü məhkum etdiyi blokada şəraitindən çıxması üçün vacibdir.

- Bressel görüşündən sonra Avropa Birliyinin xahişi ilə 10 erməni hərbçinin Ermənistana qaytarılması Azərbaycana nə qazandırdı? Daha dəqiq ifadə etsək, Azərbaycan bu əsirlərin müqabilində nə qazanacaq?

- Bu, Azərbaycan Prezidentinin beynəlxalq birlik qarşısında sülhə sadiqliyinin göstəricisidr. Bu kimi jestlər beynəlxalq praktikada rəqib tərəfindən atılan konstruktiv addımlara qarşılıq vermək və onu qiymətləndirmək işarəsidir. Bu həm də dövlətimiz tərəfindən Avropa Birliyinin iki ölkə arasında sülh yaradılması istiqamətində göstərdiyi təşəbbüsün dəstəklənməsi mesajıdır. Azərbaycanın bu humanist addımı da öz növbəsində bölgədə sülhə doğru atılmış bir addımdır.

- Prezident İlham Əliyevin son günlər imzaladığı, əhalinin rifah halının yüksəldilməsinə hesablanmış fərmanlar, sərəncamlar oldu. Bu qərarlarla 2 milyondan çox ailəni əhatə edəcək. Prezident bir daha siyasətinin mərkəzində Azərbaycan xalqının dayandığını göstərdi. Siz bu böyük addımı necə qiymətləndirirsiniz...

- İlham Əliyevin prezidentliyi dövründə atdığı bütün addımlar bir-birinin məntiqi davamıdır. 2003-cü ildən başlayaraq ictimai-sosial münasibətlərin inkişafı prosesində prezident tərəfindən irəli sürülmüş və həyata keçirilmiş bütün islahatlar məhz xalqın həyatını yaxşılaşdırmaq, vətəndaşlar üçün layiqli həyat şəraitinin təmin edilməsi məqsədi daşıyıb. Lakin bu öz-özünə baş vermir. Bu ictimai-siyasi və iqtisadi-sosial münasibətləri tənzimləyən geniş islahatlar və dəyişiklər nəticəsində mümkündür. Bu dəyişikliklərin ilbəil artan xətlə baş verdiyini və bütün bunların əsasında prezident İlham Əliyevin düşünülmüş və gələcəyə hesablanmış praqmatik siyasətinin dayandığını görməmək mümkün deyil. Bu günlərdə əhalinin rifah halının yüksəldilməsi ilə bağlı prezident tərəfindən imzalanmış sərəncamlar da son deyil. Azərbaycan prezidenti özünün dediyi kimi, Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çıxarmağı hədəfləyir. Əminəm ki, o buna nail olacaq.

- "Media haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Yeni qanun layihəsini necə qiymətləndirirsiniz? Sizcə, bu qanun medianın inkişafına təkan olacaqmı və bu sahəynə nizam-intizam gətirəcəkmi?

- Hazırda Milli Məclisdə müzakirə predmeti olan Media haqqında qanun qabaqcıl dünya təcrübəsi əsasında peşəkarlıqla hazırlanmış bir layihədir. Media fəaliyyətini tənzimləyən qanunlar son dəfə 20 ildən də əvvəl qəbul olunub. son 20 ildə ictimai-sosial münasibətlər sistemində köklü dəyişikliklər baş verib. Leksikamıza on-line mətbuat, bloq və bloqer, internet TV və sair kimi yeni anlayışlar daxil olub. Qanun layihəsinin önəmli məziyyətləri ondan ibarətdir ki, media fəaliyyətinin bütün növləri və formaları bu qanunla öz müəyyənliyini tapır. Bu layihədə media subyektlərinin hüquqi parametrləri müəyyənləşdirilir və media reyestrinin tətbiqi nəzərdə tutulur. Layihə həmçinin hüquqi və mənəvi dəyərlər çərçivəsində media fəaliyyətinin əsas istiqamətlərini göstərir. Qanun layihəsində öz əksini tapan anlayışlar media fəaliyyətindəki bəzi anlaşılmazlıqları və nizamsızlığı da aradan qaldırmağa yönəlib. Lakin bütün bunlar heç də o demək deyil ki, bu qanun qüvvəyə mindikdən sonra ölkəmizdə media fəaliyyəti ilə bağlı problemlər olmayacaq. Problemlərin bir çoxu jurnalistlərin və ya media məhsulu istehsal edən hüquqi və fiziki şəxslərin peşə hazırlığı ilə və onların əsaslandığı mənəvi-əxlaqi dəyərlərlə də bağlıdr. Bu qanun layihəsi problemlərin bu hissəsini əhatə etmir. İnanıram ki, ölkəmizdə media fəaliyyətinin qanunlar və mənəvi-əxlaqi dəyərlər çərçivəsində fəaliyyət göstərməsi üçün gələcəkdə başqa qanunların da qəbul olunmasına və hazırda qüvvədə olan müəyyən qanunvericilik aktlarında da dəyişikliklər edilməsinə ehtiyac olacaq.

- Türkdilli ölkələrin gündən-günə güclənən əlaqələri, yeni beynəlxalq marşrutların meydana gəlməsi imkanlarına hansı formada təsir edir və ya bu birlik region üçün hansı müsbət impulslar vəd edir?

- Türkdilli ölkələrin əlaqələrinin gündən günə genişlənməsi və inkişafı tarixi zərurətdir. Eyni sivilizasiyaya mənsub xalqların qloballaşma şəraitində daha çox bir-birinə meyl etməsi və vahid siyasi, iqtisadi, sosial platformalarda birləşməsi onların hər birinin qlobal çağırışlar qarşısında dayanıqlığını təmin edəcək siyasi konfiqurasiyadır. Türk Şurasının son iclasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türk Dövlətləri Təşkilatına çevrilməsi bu yolda atılmış çox mühüm addımdır. Yeni təşkilat çərçivəsində türk dövlətlərinin siyasi, iqtisadi, mədəni-sosial əlaqələri daha böyük sürətlə və daha keyfiyyətli şəkildə inkişaf edəcək və növbəti mərhələ üçün möhkəm zəmin yaradacaq. Sonrakı addım isə Türk Dövlətləri Birliyinin yaradılması ilə nəticələnəcək. Belə bir siyasi birlik türk dövlətlərinin bir ittifaqda birləşməsini özündə ehtiva edəcək. Nəticə isə möhtəşəm olacaq. Türk dövlətləri yerləşdikləri ərazidə sözün əsil mənasında öz taleyinin sahibi olacaqlar, onların hər biri heç bir güc mərkəzindən asılı olmayan müstəqil siyasət yürüdə biləcək və dünya siyasi arenasında vahid siyasi mövqedən çıxış edəcəklər. Bu, dünyamızda türk əsrinin başlanğıcı olacaq.
 
(axar.az)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“AMEA Ramiz Mehdiyevin növbəti qurbanı olmamalıdır!” — “Hər cildin nəşrində mənimsənilən milyonlar...”

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, təhsil eksperti Etibar Əliyev müsahibə verib. Müsahibəni təqdim edirik: - Etibar müəllim, AMEA-da nə ...

"Rəsmi Bakı məsələni qəti şəkildə qoymalıdır" - Qüdrət Həsənquliyev

BAXCP sədri: "Rusiyanın Ukraynanı asanlıqla işğal edəcəyini düşünmürəm" Sfera.az xəbər verir ki, Deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculu...

Cavanşir Feyziyev: "Ermənistanın bir gözü yeni müttəfiq axtarışındadır" - MÜSAHİBƏ

Sfera.az bildirir ki, gündəm məsələləri ilə bağlı Turkustan.az-ın sualları Milli Məclisin deputatı  Cavanşir Feyziyev cavablandırır: - Cavanşir müəll...

“İldə bir dəfə 40 günlük çəkilişdə olsam, mənə ilyarım bəs edir” - Məşhur aktyorla VİDEOMÜSAHİBƏ

Sfera.az saytının bu dəfəki qonağı aktyor, dramaturq Kamran Ağabalayevdir. Adətən səmimi fikirləri, açıqsözlülüyü ilə seçilən müsahibimiz əməkdaşımızla sö...

“Bozbaş Pictures"in Şirini bacısından niyə imtina edib? – Nuridə Qasımovadan VİDEOMÜSAHİBƏ

Sizə məhşur aktyorun heç kəs tərəfindən tanınmayan bacısının həyat hekayəsini təqdim edirik: Nuridə Qasımovanın dediyində görə onun anası Nurcahan xanım 1...

“Paşinyan erməni cəmiyyətini inandırmaq istəyir ki, günahkar mən deyiləm” - MÜSAHİBƏ

Siyasi şərhçi Asif Nərimanlının Sfera.az-a müsahibəsi. - Asif bəy, Ermənistanın Baş naziri Nikol Paşinyan ilin ilk mətbuat konfransını keçirdi. Konfran...