Ermənilərin cəmiyyətimizə inteqrasiyası üçün proqram hazırlığı gedir - Politoloq səbəbləri izah etdi

Ermənilərin cəmiyyətimizə inteqrasiyası üçün proqram hazırlığı gedir - Politoloq səbəbləri izah etdi
"Azərbaycanın 44 günlük Vətən Müharibəsi nəticəsində yaratdığı yeni reallıqlar Qarabağda ermənilərin azərbaycanlılarla birgə yaşayışının təmin olunması zərurətini meydana çıxarıb”.
 
Bu sözləri  tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev Sfera.az-a açıqlamasında deyib. O bildirib ki, məhz bu səbəbdən dövlətimiz Qarabağdakı Azərbaycan vətəndaşlığını qəbul edəcək ermənilərin cəmiyyətimizə inteqrasiyasını təmin edəcək proqramlar üzərində çalışır:
 
"Belə bir proqrama ciddi şəkildə ehtiyacın olduğunu düşünürəm. Bu, bir neçə məqsədə xidmət edir. Birincisi, Azərbaycan vətəndaşlığını, qanunlarımızla yaşamağı qəbul edəcək ermənilərin azərbaycanlılarla birgə yaşayışını təmin etmək üçün bu proqramdan irəli gələn vəzifələrin yerinə yetirilməsinə ehtiyac yaranacaq. Çünki uzun illər ərzində ermənilərin xalqımıza, dövlətimizə qarşı həyata keçirdiyi əməllərə görə - xüsusilə ərazi iddiaları, torpaqlarımızın işğal edilməsi, müxtəlif soyqırım aktlarının törədilməsi hər iki xalqda nifrət hissi formalaşdırıb. Bunun tədricən aradan qaldırılması və birgə yaşayışın təmin edilməsi istiqamətində ciddi əməli işlər görülməlidir. İkincisi, belə bir proqramın hazırlanması və qəbulu həm də beynəlxalq ictimaiyyətə bir daha Azərbaycanın humanist mahiyyətini nümayiş etdirmiş olacaq. Bu, dövlətimizin və xalqımızın beynəlxalq imicinin daha da yüksəldilməsində xüsusi rol oynaya bilər”.

Müsahibimizin sözlərinə görə, cəmiyyətimizdə ermənilərlə birgə yaşayış məsələsinə münasibət heç də birmənalı deyil:

"Azərbaycan cəmiyyətində bu gün sözügedən prosesə daha çox iki istiqamətdən yanaşılır. Bəziləri hesab edir ki, bizə qarşı bu qədər cinayət törətmiş şəxslərlə birgə yaşamaq bundan sonra mümkün deyil. Amma hesab edirəm ki, ermənilərsiz Azərbaycan cəmiyyəti formalaşdırmağa bizə heç kim imkan vermədiyi kimi, rus sülhməramlı qüvvələrinin ərazini tərk etdikdən sonra, Qarabağdakı erməniləri oradan sıxışdırıb çıxarmağa, etnik təmizləmə həyata keçirməyə də imkan verməzlər. Bu, Azərbaycan dövlətinin mahiyyətinə, onun humanist xarakterinə də ziddir. Biz ermənilərdən fərqli olaraq, etnik təmizləmə həyata keçirməmişik. Hətta torpaqlarımızın uzun illər ərzində işğalda qaldığı müddətdə belə, Azərbaycanın digər bölgələrində - xüsusilə paytaxt Bakıda 30 minə yaxın erməni əsilli Azərbaycan vətəndaşlarının hüquqları qorunurdu”.

Politoloq qeyd edib ki, ermənilərin azərbaycanlılarla birgə yaşayışının təmin olunmasına ciddi etiraz edənlərlə bağlı isə bunları dedi:

"Bu qrup insanları bir neçə yerə bölmək mümkündür. Birincisi, həmin düşüncədə olan insanların müəyyən hissəsi xarici qüvvələrin, xüsusilə də Qarabağda davamlı sülhün əldə olunmasında maraqlı olmayan Qərbi Avropa, Rusiya, İran, hətta Ermənistanın bəzi dairələrinin təsiri altında olanlardır. Onlar cəmiyyətdə yenidən münaqişə əhvalı yaratmaq, Qarabağ bölgəsində əldə olummuş sülhə zərbə vurmaq, eyni zamanda Azərbaycanın əldə etdiyi qələbəyə kölgə salmaq istəyən,  "Tam qələbə qazansaydıq, Xankəndində bir dənə də erməni qalmazdı” fikri ilə insanların şüuruna şübhə toxumu salmağa çalışan məqsədli qruplardır. İkinci qrup, məlumatsızlıqdan həmin qrupların apardığı təbliğatın təsiri altına düşənlərdir.  Onlar daha çox baş verən prosesləri düzgün təhlil edə bilmədiklərinə görə, təsir altına düşürlər. Üçüncü qrup isə, daha çox gənclərdən - vətənpərvər, millətini, xalqını sevən, soyuqqanlılıqla deyil, daha çox hisslərlə, milli düşüncə ilə proseslərə yanaşan insanlardan ibarətdir. Hesab edirəm ki, birinci qrupdan daim ehtiyat etmək və onları zərərsizləşdirmək lazımdır. Bunlarla yanaşı, Azərbaycanın qeyd etdiyimiz proqramı qəbul etməsi, həm də Ermənistan cəmiyyəti ilə davam edən informasiya müharibəmizə əlavə güc qatmış olacaq”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR