Emin Milli: “Prezident buna zəmanət verib”

Emin Milli: “Prezident buna zəmanət verib”
İnsan haqları müdafiəçisi Emin Milli "Facebook”da canlı yayımda tanınmış prodüser, jurnalist Şahida Tulaqadovaya müsahibə verib. Müsahibə zamanı Qarabağdakı hərbi əməliyyatlar, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ problemi və Emin Millinin iqtidarla olan münasibətləri müzakirə edilib.

Sfera.az xəbər verir ki, aparıcının "Siz hər zaman Azərbaycan hakimiyyətində olan bir sıra məsələləri qaldırmısınız ancaq Qarabağda hərbi əməliyyatlar başlayanda sən və digər müxalif media Prezidenti dəstəkləyib, fikirləri ilə razılaşmağa başladınız. Bunu nə ilə izah edə bilərsiniz?” sualına Emin Milli belə cavab verib:

Bizim mövqemiz heç vaxt şəxsən İlham Əliyevlə bağlı olmayıb. Bizim hakimiyyətdən adi istəklərimiz var.

Biz hər zaman Azərbaycanda hamının eynihüquqlu olmasının, qanunların işləməsini, korrupsiyanın və digər neqativ halların olmaması uğrunda mübarizə aparmışıq.

Digər məsələyə gəldikdə isə bizim bu müharibədə fikirlərimiz Prezident İlham Əliyevlə üst-üstə düşür. Hazırda İlham Əliyevin, bizim və bütün Azərbaycan xalqının bir amalı var. İşğal olunmuş torpaqlarımızı azad etmək.

Müxbirin onun hərbi əməliyyatları dəstəklədiyi haqqında fikirlərinə isə Emin Milli oradan qovulan insanların bunu 27 il gözlədiyini, tapdanmış haqqlarının bərqərar olunmasını uzun illər gözlədiyini deyib:

Əslində, biz azərbaycanlılar hər zaman sülh tərəfdarı olmuşuq. Ona görə də biz düz 27 il səbr etmişik. Ancaq bir gün Ermənistanın sərsəm baş naziri çıxıb deyir ki, Qarabağ Ermənistandır və nöqtə.

Bundan başqa Ermənistanın Müdafiə Naziri Tonayan açıq şəkildə elan edir ki, biz bundan sonra da Azərbaycanın daha çox torpaqlarını zəbt edəcəyik.

Buna sübut kimi bu ilin iyul ayında erməni ordusu, əməliyyatların getdiyi Qarabağdan çox uzaqda yerləşən Tovuz rayonuna hücum edib, ixtişaş törədiblər.

Ancaq bizə hücum edəndə, biz də mütləq müdafiə olunmalıyıq. Burada sülh istəməyən yalnız Ermənistandır. Bu Tovuz rayonunda başlanan erməni təxribatı isə onların  hərbi əməliyyatları genişləndirmək istəklərini aşkar şəkildə ortaya qoyurdu. Paşinyan bu ixtişaşları edərək özünü qüdrətli idarəçi kimi tanıtmaq istəyirdi. Bu hadisə ilə onlar sülh danışıqlarının üzərindən xətt çəkdi.

20 il bundan əvvəl Ter Petrosyan Azərbaycanla danışıqlara getməyin vacib olduğunu vurğulamışdı, lakin ermənilər bunu etmədi. Bununla da onlar öz şanslarını itirdilər. Biz nə zamana qədər səbr etməli idik? Bizə hücum edib, öldürürdülər və gözləyirdilər ki, biz sona qədər susacağıq. Bizim də bütün ölkələr kimi öz sərhədlərimizi qorumaq hüququ var.

Müharibə bitdikdən sonra Qarabağdan qaçan ermənilərin statusundan danışan Emin Milli onların heç bir hüquqlarının pozulmayacağını və bunun şəxsən Prezident İlham Əliyevin nəzarəti altında olduğunu da vurğulayıb:

"Mən inanıram ki, mənim kimi normal fikirli ermənilər də müharibə istəmir. Çünki hər iki tərəfdən insanlar ölür. Mən öz "Facebook” səhifəmdən Prezidentə, Azərbaycan xalqına müraciət edərək, bildirmişəm ki, biz heç bir səbəblə dinc əhaliyə toxunmamalıyıq.

Çünki biz hamımız insanıq və dinc əhali bu hərbi əməliyyatlarda zərər çəkməməlidir.Çünki orada yaşayan erməni milləti Azərbaycan vətəndaşlarıdır. Biz öz vətəndaşlarımızı qorumalıyıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə orada yaşayan ermənilərin öz torpaqlarından çıxarılmayacağını  dünya mediasına verdiyi müsahibələrində söyləyib”.

Daha sonra Emin Milli ermənilərin dünyada təbliğat apararaq, Qarabağda gedən əməliyyatlara din donu geyindirmələrindən, Gəncə və Bərdə şəhərlərinə edilən hücumlardan da danışıb:

"Ermənilər bu müharibəyə iyrənc don geyindirərək, dünyaya bu müharibəni beynəlmiləl müharibə kimi sırımaq istəyirlər. Onlar burada hətta xristian və müsəlman müharibəsi olduğunu bəyan edirlər. Bununla da öz terrorist əməllərinin üstünü örtmək istəyirlər. Bundan başqa Ermənistan silahlı qüvvələri Azərbaycanın cəbhə zonasından çox uzaqda yerləşən Bərdə, Gəncə və digər yerlərini dəfələrlə raket atəşinə tutublar. Bunun nəticəsində çox sayda mülki insan həlak olub. Mənim fikrimcə, milliyətindən asılı olmayaraq, hər kəs etdiyi əməllərinə görə cavab verməlidir”.

Jurnalistin "əgər ermənilər qayıtsa, onlara hücum edilməyəcəyi barədə, sakit yaşamaları üçün kim zəmanət  verəcək?” sualına o, azərbaycanlıların onlara ikinci şans verməyə hazır olduğunu bilridib:

"Yenə də təkrarlayıram Prezident buna zəmanət verib. Özü bu işi nəzarətinə götürüb. Bu yalnız onun fikri deyil, bu həm də Azərbaycan xalqının istəyidir. Biz ermənilərlə yenidən yaşamaq istəyərik. Onların bizə xəyanət etdiklərinə baxmayaraq, biz ermənilərə ikinci  şansı verməyə hazırıq. Hətta 90-cı illərdə Heydər Əliyevin hakimiyyəti dövründə azərbaycanlılarla ermənilərin bir yerdə yaşaması haqqında plan da hazırlanmışdı. Lakin bu plan kağız üzərində qaldı. Çünki ermənilər qətiyyətlə bizim torpaqlarımızı qaytarmayacaqlarını açıqladılar”.

E.Milli dünya mediasında Azərbaycanda Suriyadan gələn muzdlu əsgərlərin döyüşməsi haqqında yazılan xəbərlərə də münasibət bildirib:

"Erməni təbliğatı bu müharibəni beynəlxalq müstəviyə qaldırmaq istəyir, ona görə də bu iddiaları ortaya atır. Ancaq ortaya heç bir sübut qoya bilmirlər. Onlar bununla dünyaya özlərini yazıq bir millət kimi qələmə vermək istəyirlər. Bir müddət əvvəl erməni mediası iki əsgərin videogörüntülərini təqdim etdilər. Müsahibələrində bu əsgərlər guya Azərbaycan tərəfində vuruşduqlarını deyiblər.

Bu videogörüntülər sübut kimi təqdim oluna bilməz, bunu onlarda bilirlər. Azərbaycanda heç ümumi səfərbərlik elan olunmayıb, bizim bu muzdlu əsgərlərə ehtiyacımız yoxdu. Axı bizim yüksək texnologiyalı ordumuz var. Hamı bizdən danışır, ancaq bir nəfər demir ki, Paşinyan özü açıq şəkildə Putinə məktub yazıb kömək istəyir.

Bu gün Ermənistan ordusunda muzdlu döyüşçülər vuruşur. Bu məsələni ancaq Ermənistanın tutarlı sübutlar gətirdiyi zaman müzakirəyə çıxara bilərik. Bu cür işlərdə dünyada olan erməni təbliğatı böyük rol oynayır. Bütün xarici kanallara ermənilər çağırılır və Qarabağ müzakirə olunur.Ancaq heç kimin ağlına Azərbaycandan kimisə dəvət etmək gəlmir. Axı, erməni ABŞ vətəndaşı ilə Qarabağda baş verənləri necə müzakirə edə bilər?”

OXŞAR XƏBƏRLƏR